Şrift:
MDHP sədri, Millət Vəkili FƏRƏC QULİYEV “İran dövlətimizin adının dəyişdirilməsinə etiraz edə bilməz”
03.02.2012 [16:54] - Güney Azərbaycan xəbərləri
Milli Dirçəliş Hərəkatının rəhbəri Fərəc Quliyev hesab edir ki, hər hansı bir addımı atarkən “İran nə edəcək” – deyə düşünməməliyik

Milli Məclisin yaz sessiyasının ilk iclasında səsləndirilən diqqətçəkən təkliflərdən biri də Azərbaycan Respublikasının adının dəyişdirilməsi ilə bağlı oldu. Bəzi millət vəkilləri tərəfindən səsləndirilən bu təklif onun həmkarları tərəfindən də dəstəkləndi. Təklifi dəstəkləyənlər arasında Milli Dirçəliş Hərəkatının rəhbəri, millət vəkili Fərəc Quliyev də var.


- Fərəc bəy, bu təklifi dəstəkləməyiniz hansı zərurətdən irəli gəldi?


- Mən hələ 1991-ci ildə qəbul edilmiş Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya Aktını hazırlayan deputatlardan biriyəm. Hələ o vaxt müstəqilliklə bağlı məsələ müzakirə olunanda dövlətimizin Şimali Azərbaycan Respublikası adlandırılması ilə bağlı təklif irəli sürmüşdüm. O vaxt bunun reallaşdırılması üçün imkan daha böyük idi. Çünki biz dövlətimizin adını dəyişmirdik. Yeni yaradılan dövlətə ad verirdik. Onu da qeyd edim ki, 1918-20-ci illərdə də bu məsələ müzakirə mövzusu olub. Parlamentdə bununla bağlı müzakirələr aparılıb. O vaxt da qeyd olunub ki, Azərbaycan iki böyük imperiya tərəfindən bölünüb. 1991-ci ildə mən də dövlətimizə Şimali Azərbaycan adının verilməsini təklif edəndə buna əsaslanırdım. O vaxt bunu etsəydik, bütün dünya bizi Şimali Azərbaycan Respublikası kimi tanıyacaqdı. İstər-istəməz dünya ictimaiyyətində belə bir təsəvvür yaranacaqdır ki, Şimali Azərbaycan varsa, deməli, bunun cənubu da var. Belə olsaydı İrandakı azərbaycanlıların milli azadlıq mübarizəsinin nəticəsi kimi Cənubi Azərbaycan Respublikası ideyasının gündəmə gətirilməsi dünya ictimaiyyətində çaşqınlıq yaratmayacaqdı. Hamı deyəcəkdi ki, Şimali Azərbaycan varsa, Cənubi Azərbaycan da olmalıdır. Amma çox təəssüf ki, o vaxt mənim təklifim qəbul olunmadı. O vaxt mənim gücüm ona çatdı ki, öz vizit kartımda özüm haqqımda «Şimali Azərbaycan Respublikasının millət vəkili» yazım.

MDHP sədri, Millət Vəkili FƏRƏC QULİYEV “İran dövlətimizin adının dəyişdirilməsinə etiraz edə bilməz”













- Sizin bu təklifiniz yenidən gündəmə gəlib.


- Bəli, artıq parlamentdə bununla bağlı təkliflər səsləndirildi və mən də bu təklifləri dəstəklədim. Ancaq onu da deməliyəm ki, indiki şəraitdə dövlətimizin adının dəyişdirilməsi o qədər də asan məsələ deyil. Hətta hesab edirəm ki, indi bu, o qədər də vacib əhəmiyyət də daşımır. İndiki halda bu təklifin reallaşdırılması da çox çətindir. Son 20 ildə biz dünyada Azərbaycan Respublikası adı ilə tanınmışıq. Valyutamız, bütün digər dövləti atributlarımız bu ada uyğun formalaşdırılıb. Amma bununla belə, ümumilikdə 1991-ci ildə qaldırdığım məsələnin yenidən parlamentdə müzakirəyə çıxarılması məni sevindirir. Bu təklifi parlamentin son iclasında da ona görə dəstəklədim ki, qoy bu fikir ictimai rəydə oturuşsun.


Hesab edirəm ki, indi biz daha çox Türkmənçay müqaviləsinin qüvvədən düşməsi barədə məsələni gündəmə gətirməliyik. Təxminən bir il əvvəl mən bununla bağlı parlamentdə məsələ qaldırmışdım. 1978-ci ildə qəbul olunmuş beynəlxalq konvensiyaya əsasən istiqlaliyyətini qazanmış respublikalar işğalı altına düşdükləri ölkələrin öhdəliklərini daşımırlar. Yəni, Azərbaycan da işğal altına düşmüş dövlət kimi İran və Çar Rusiyasının üzərinə götürdüyü öhdəlikləri daşımamaq hüququna malikdir. Bu baxımdan, biz Türkmənçay müqaviləsinin şərtilərinə əməl etməyə bilərik. Digər tərəfdən, Azərbaycanı iki yerə bölən İran və Rusiya BMT Təhlükəsizlik Şurası səviyyəsində bizim dövlətimizin müstəqilliyini tanıyıblar. Onlar bu addımı atmaqla bir növ Türkəmənçay müqaviləsini şübhə altına alıblar. Bununla da müqavilənin qüvvədən düşməsi de-fakto elan olunub. Üçüncü istinad yeri də odur ki, keçən əsrdə Leninlə İran arasında imzalanan bir müqavilədə göstərilirdi ki, vaxtilə Çar Rusiyası ilə Qacarlar arasında imzalanan bütün müqavilələr qüvvədən düşmüş hesab olunur. Əslində Türkmənçay müqaviləsi həmin müqavilə imzalanandan qüvvədən düşüb. Əgər biz bunu reallaşdıra bilsək, avtomatik olaraq ortaya İrəvan xanlığı məsələsi çıxacaq. Çünki Türkmənçaydan öncə Gülüstan müqaviləsi imzalananda Naxçıvan və İrəvan xanlıqları Rusiyaya verilməmişdi. Bu xanlıqlar Türkmənçay müqaviləsi ilə Rusiyaya verildi. İndi biz Türkmənçay müqaviləsinin qüvvədən düşdüyünü sübuta yetirə bilsək, Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaradılmasını da gündəmə gətirə biləcəyik.


- Sizcə, bunu reallaşdırmaq mümkündürmü?


- Əlbəttə ki, mümkündür. Bu kimi məsələlərdə cəsarətli davranmağa ehtiyac var. Diqqət yetirin, ermənilər bizim torpaqlarda Ermənistan adlı bir dövlət yaradıblar. Qarabağı işğal ediblər, üstəlik hələ də Türkiyənin ərazi bütövlüyünü tanımırlar. Keçən il Serj Sarkisyan gənclərlə görüşündə «Biz Qarabağı tutduq, ey erməni gəncliyi, siz də Ağrını tutun» - deyə bilir. Bunların bu həyasızlığı qarşısında biz niyə cəsarətli mövqe nümayiş etdirməməliyik. Hesab edirəm ki, biz Ermənistan adlanan əzəli torpaqlarımıza böyük qayıdış edə bilərik. Gözümüzün qabağında Ahıska, tatar türkləri öz tarixi vətənlərinə qayıdış edirlər. Tarixi ədalətin bərpa olunması üçün beynəlxalq güclərin öz iradələrini ortaya qoymasının da şahidi oluruq. Əgər Rusiya bu gün bizə Dağlıq Qarabağ münaqişəsi adlı badalaq hazırlayıbsa, inkişafımıza mane olursa, futbol termini ilə desək, biz də topu rəqib meydançasına atmalıyıq. Bu baxımdan, həm Türkmənçay müqaviləsinin ləğvi təşəbbüsü, həm Azərbaycanın Şimali Azərbaycan adlandırılması təklifi beynəlxalq ictimai rəyi bizim xeyrimizə formalaşdıra bilər.


- Sizcə, Azərbaycan Respublikasının Şimali Azərbaycan Respublikası adlandırılması reallaşarsa, İranın bu məsələyə reaksiyası necə olacaq? Sizcə, qonşu dövlət buna sərt reaksiya verməzmi?


- Məncə, qorxmaq lazım deyil. Heç bu məsələ olmamışdan da İran bir düşmənin bizə edə biləcəyinin hamısını edib. Onlar nə etməyiblər ki? Baxın, bu gün torpaqlarımızı işğal edən Ermənistanın iqtisadi baxımdan ayaqda durmasının bir nömrəli səbəbkarı İrandır. İran bu dövlət üçün nəfəslik rolunu oynayır. Ermənistan yaranandan İran bu dövlətə lazım olan bütün yardımları edir. Qarabağ döyüşlərində də belə idi. Bilirsiniz ki, mən əvvəllər döyüşçü olmuşam. O vaxtı biz erməni qoşunları ilə döyüşdən sonra onların səngərlərinə daxil olduq. Həmin səngərlərdən çoxlu sayda İran istehsalı olan pal-paltar, elektrik avadanlıqları, ərzaqlar gördük. İran heç bunu danmır da. Bu gün də Mehri körpüsündən Ermənistana külli miqdarda yardımlar keçirilir. İranla Ermənistan arasında qaz, neft kəmərləri çəkilir. Araz çayı üzərində birlikdə su elektrik stansiyalarının tikilməsi ilə bağlı layihələri var. Hətta Azərbaycanın işğal olunmuş torpaqlarından yeraltı filizlərin daşınmasında, meşələrimizin talan edilməsində də İran xüsusi rol oynayır. Heç kimə sirr deyil ki, İranın «Səhər» telekanalı uzun müddətdir Azərbaycan əleyhinə iş aparır. İran ayətullahları Azərbaycan vətəndaşları barədə xoşagəlməz fətvalar verirlər. Elə bu günlərdə qətlə yetirilən yazıçı Rafiq Tağı haqqında verilən fətvanı xatırlatsaq kifayətdir məncə. Son günlərdə Azərbaycanın xüsusi xidmət orqanları İranın Azərbaycanda planlaşdırdığı böyük bir əməliyyatın üstünü açıb. Yəni, onlar bizə qarşı əllərindən nə gəlirsə, edirlər. Mütəmadi olaraq bizim ərazilərimizə iddia da edirlər. Azərbaycanı İran torpağı kimi qələmə verirlər. İrandan qorxmaq lazım deyil. Bu dövlət əvvəl-axır sovet imperiyası kimi dağılacaq. Ona görə də hər hansı bir addımı atarkən İran nə edəcək – deyə düşünməməliyik. Mən hesab edirəm ki, biz bu gün açıq şəkildə tarixi həqiqətləri ortaya qoymalıyıq. Onsuz da biz nə siyasət yürütməyimizdən asılı olmayaraq İran yenə də düşmənçilik mövqeyindən çıxış edəcək. Çünki bu dövlət ümumiyyətlə, Azərbaycan adlı dövlətin mövcudluğunda maraqlı deyil. İranla münasibətlərdə biz heç vaxt şahmat termini ilə desək, qaralarla oynamamalıyıq. Həmişə ağlarla oynamağa çalışmalıyıq. Əgər ədalətin bərpa olunması uğrunda mübarizə aparırıqsa, hesab edirəm ki, heç vaxt məğlub olmarıq.


- Fərəc bəy, əgər dövlətin adının dəyişdirilməsi təklifi reallaşarsa, bunun hüquqi proseduru necə olmalıdır?


- Təklifin reallaşdırılması təbii ki, sırf hüquqi məsələdir. Təbii ki, əgər belə bir niyyət olarsa, parlamentdə xüsusi bir komissiya yaradılmalıdır. Komissiya bu məsələnin bütün tərəflərini işləməli, proseduru müəyyənləşdirməlidir. Yəni, bu işi diletant səviyyədə etmək olmaz. Atılacaq hər bir addım ölçülüb-biçilməlidir.


İlham QULİYEV
Bu xəbər oxucular tərəfindən 2145 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed