Şrift:
Azərbaycan və Pakistan energetika sahəsində əməkdaşlıq edəcəklər
26.11.2015 [14:43] - Xəbərlər, İqtisadiyyat
Pakistan Dövlət Neft Şirkətinin baş icraçı direktoru Şeyx İmran ul Huqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Energetika Nazirliyində olub.

Nazirliyin saytının verdiyi məlumata görə, görüşdə Pakistana neft məhsullarının, maye qazın(LNG) uzunmüddətli nəqli və maye qazın idxalı üçün infrastrukturun yaradılması perspektivi ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin formalaşdığını deyən energetika naziri Natiq Əliyev iqtisadi əlaqələrin inkişafına təkan verəcək enerji əməkdaşlığı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Pakistanla enerji əməkdaşlığından bəhs edilərkən bildirilib ki,elektrik enerjisinin digər dövlətlərə, o cümlədən də Pakistana ötürülməsi üçün qonşu ölkələrin energetika sistemləri ilə elektrik əlaqələri gücləndirilib.Bu məqsədlə İranla il ərzində 4,0 mlrd. kVt.s həcmində elektrik enerjisi ötürməyə imkan yaradan 230 kV-luq “I Parsabad” və 330 kV-luq “ II Parsabat” hava elektrik verilişi xətləri çəkilib. Natiq Əliyev həmçinin bildirib ki, neftin bütün dünyada sənaye üsulu ilə ilk dəfə olaraq məhz Azərbaycanda çıxarılması faktından ötən 167 illik tarixi dövr ərzində ölkəmizdə emal sənayesi də böyük inkişaf yolu keçib.

Emal kompleksində həyata keçirilən işlər ölkənin neft məhsullarına olan tələbatını ödəməklə yanaşı, texnoloji qurğuların modernləşməsini də əhatə edib. Odur ki, Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən Pakistan da yararlana bilər.Bundan başqa, qonaqlar SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyə, İsveçrə, Gürcüstan, Ukrayna, Rumıniya və başqa ölkələrdəki uğurlu fəaliyyəti, SOCAR Trading-in həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrinin neft emalı zavodlarında istehsal olunan məhsulların satışını həyata keçirməsi, maye qazın (LNG) 2013-ci ildən dünya bazrına çıxarılması barədə ətraflı məlumatlandırılıblar. Pakistan Dövlət Neft Şirkətinin baş icraçı direktoru Şeyx İmran ul Huq ölkəsinin maraqların ifadə etməklə yanaşı, nəzərdə tutulan layihələrin reallaşması üçün mühüm əhəmiyyət kəsb edən sazişin imzalanmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, hazırda “Azərbaycan Respublikası Hökuməti və Pakistan Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə əlaqədar işlər görülür və işçi qruplar səviyyəsində danışıqlar aparılır. Azərbaycan dost və müttəfiq ölkə kimi Pakistanla enerji sahəsində əməkdaşlığın inkişafına dəstək verməyə hazırdır.
Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed