Şrift:
Azərbaycanda yenilik: Magistraturaya qəbul iki istiqamətə bölünəcək
27.11.2015 [11:25] - Gündəm, Gənclik, Bildiriş
Azərbaycanda “Təhsil haqqında” qanuna dəyişiklik edildikdən sonra ali təhsilin magistratura səviyyəsində kadr hazırlığının iki istiqamətdə aparılması nəzərdə tutulur.

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov bildirib ki, hazırda Avropa təcrübəsinə müvafiq olaraq, magistratura səviyyəsinin ixtisas və ya elmi-ixtisas (tədqiqat) istiqamətlərində təşkili üzrə işlər aparılır.

Nazirlik rəsmisinin sözlərinə görə, artıq qanunvericiliyə bununla bağlı dəyişikliklərin edilməsi üçün müvafiq orqanlara müraciət hazırlanıb: “Həmin müraciət qəbul olunduğu halda, biz magistraturanı iki istiqamətə ayıracağıq. Gələcəkdə həm ixtisas, həm də tədqiqat magistraturası olacaq”.

N.İbrahimov qeyd edib ki, tədqiqat magistraturasında oxuyanlara öz ixtisasları üzrə sırf nəzəri biliklər veriləcək, onlar sırf nəzəriyyəçi olacaqlar. İxtisas üzrə magistratura təhsili alanlara isə öz ixtisası üzrə praktiki biliklər veriləcək: “İxtisas magistraturasında təhsil alanlar üçün təhsil müddəti bir il nəzərdə tutulur. Onlar ixtisas üzrə magistr dərəcəsi alacaq, yalnız ixtisas üzrə mütəxəssis olacaqlar. Həmin şəxslərin doktoranturaya sənəd verməsinə icazə verilməyəcək, onlar magistr dərəcəsi ilə peşə fəaliyyətlərini davam etdirəcəklər. İkinci istiqamət üzrə təhsil alanlar isə tədqiqatçı olacaqlar. Onlar magistr dissertasiyasını müdafiə edəcək və sonra tədqiqatla məşğul olacaqlar”.

Nazirlik rəsmisinin sözlərinə görə, bir şəxsin eyni zamanda iki istiqamət üzrə təhsil alması mümkün olmayacaq. Amma hər iki istiqamət üzrə təhsil almaq istəyənlər ayrı-ayrı vaxtlarda təhsil alaraq hər iki istiqamət üzrə müvafiq diplom ala biləcəklər.
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed