Şrift:
Bütöv Azərbaycan Ocaqları (BAO) Nardaranda baş vermiş hadisələrlə bağlı bəyanatı
02.12.2015 [14:21] - Gündəm, Sosial, Gənclik
Bütöv Azərbaycan Ocaqları (BAO) Nardaranda baş vermiş hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:



Bütöv Azərbaycan Ocaqlarının (BAO)

Bəyanatı


Məlum olduğu kimi, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilərək İrandan idarə edildiyi ehtimal edilən və ölkəmizdə sabitliyi pozmağa cəhd göstərən «Müsəlman Həmrəyliyi Hərəkatı» adlı radikal dini təşkilatın başçısı Taleh Bağırov və təşkilatın 14 üzvü həbs edilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməsi nəticəsində təşkilatın 4 üzvü ölmüş, daha bir neçə nəfəri yaralanmışdır. Baş verən silahlı toqquşmada 2 polis əməkdaşı həlak olmuşdur. Azərbaycan güc strukturları tərəfindən bu gün – 1 dekabr 2015-ci il tarixində Nardaranda daha bir əməliyyat keçirilmişdir.

Bütöv Azərbaycan Ocaqları hesab edir ki, vəziyyətin bu hala gəlməsində hakimiyyət orqanlarının, xüsusən də Milli Təhlükəsizlik Nazirliyinin və Dini İşlər Üzrə Dövlət Komitəsinin qeyri-peşəkarlığının və bu sahədə zəif fəaliyyət göstərməsinin də az rolu olmamışdır.

Biz, Bütöv Azərbaycan Ocaqları olaraq İran İslam Respublikası rəhbərliyinin Azərbaycanda sabitliyi pozmaq və dövlətçiliyimizi zəiflətmək məqsədi ilə apardığı fəaliyyəti qətiyyətlə pisləyir və inanclı soydaşlarımızın bu şovinist rejiminin cəlbedici dini təbliğatının təsiri altına düşməməyə, onların fitnələrinə uymamağa, din pərdəsi altında millətimiz və dövlətçiliyimiz əleyhinə apardığı fəaliyyətin iştirakçısına çevrilməməyə çağırırıq.

Bütöv Azərbaycan Ocaqları

Bakı, 01.12.2015.
Bu xəbər oxucular tərəfindən 1256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed