Şrift:
Əhməd Davudoğlu: Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq
04.12.2015 [10:36] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq.

Bunu Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Prezident İlham Əliyev ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra mətbuata bəyanatında deyib.

Əhməd Davudoğlu deyib: "Mən qonaqpərvərliyinizə görə bir daha təşəkkür etməyi özümə borc bilirəm. Türkiyə ilə Azərbaycan, - mən nə vaxt “Azərbaycan” deyirəmsə, həmişə “Can Azərbaycan” deyirəm, - bizim canımızdır, canımızla iç-içədir. Çox özəl əlaqələrə sahibik. Bunun bir göstəricisi də Türkiyədə və Azərbaycanda kim hökumət qurursa, vəzifəyə gəlirsə ilk səfərini qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana edir.

Bazar ertəsi axşamı yeni hökumətə etimad göstərilməsi ilə bağlı parlamentdə keçirilən səsvermədə lazımi səsi toplayıb 64-cü hökuməti qurduq. Hələ İstanbula, doğulduğum Konyaya getmədim, amma mənəvi məmləkətimiz Azərbaycana Sizinlə görüşməyə gəldik. Bu gözəl ənənə bundan sonra qiyamətə qədər davam edəcək. Ankarada kim iqtidara gəlsə əvvəlcə Bakıya gələcək. Bakıda kim seçkilərdə qalib gəlsə, o da Ankaraya gələcək. Mən bizimlə eyni gündə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının uğurları münasibətilə Sizləri təbrik edirəm. Qarşıdakı illərdə Türkiyədə və Azərbaycanda iki sabit hökumətin ölkədə hakimiyyətdə olması əlaqələrimizi möhkəmləndirəcək, gücümüzə güc qatacaq.

Böyük liderimiz Heydər Əliyev “Bir millət, iki dövlət” demişdi. Vətən şairimiz Bəxtiyar Vahabzadə “Türkiyə və Azərbaycan, bir ananın iki oğlu” demişdi. Biz bir-birimizə bu şəkildə bağlanmışıq. Bu bağlılıq nəsillərdən-nəsillərə ötürüləcək. Biz də Bakının ruzigarı-küləyi üçün darıxmışdıq. Oradan sevgi almağa gəldik".

Türkiyənin Baş naziri ortaq məsələlərin tam əməkdaşlıq şəraitində müzakirə olunduğunu bildirib: "Türkiyə və Azərbaycan həm Qafqaz regionunda, həm Avrasiya bölgəsində sabit inkişaf edən ölkələrdir. Çox dərin iqtisadi böhranların yaşandığı bir dövrdə - 2005-ci ildən 2015-ci ilədək Azərbaycan böyük inkişaf nümayiş etdirib, milli gəliri təxminən 5 dəfə artıb. Bu uğurların qazanılmasında cənab Prezidentin və onun hörmətli komandasının yaxşı işləməsi və Azərbaycan xalqının vətənpərvərliyi böyük əhəmiyyətə malikdir.

Təbii ki, Türkiyə hər zaman bu proseslərdə Azərbaycanın yanında olub və olacaq. Hansı mövzuda olursa-olsun, əgər Azərbaycanı maraqlandıran bir məsələ varsa Türkiyənin mövqeyi bəllidir. Bütün sahələrdəki kimi, siyasi sahədə əlaqələrimiz hər zaman ən yüksək səviyyədə olub. G20 Sammitində hörmətli Prezidenti Türkiyədə, Antalyada görmək bizə böyük şərəf verdi. Türkiyə bayrağının dalğalandığı hər yerdə Azərbaycan bayrağı vardır. Azərbaycan bayrağının dalğalandığı hər yerdə Türkiyə bayrağı vardır".

Əhməd Davudoğlu Türkiyə-Azərbaycan əməkdaşlığının yüksə səviyyədə olduğunu qeyd edib: "Avrasiya miqyasında ən böyük layihələrin təməlində Türkiyə-Azərbaycan əməkdaşlığı durur. Bu təməlin enerji və nəqliyyat xətləri xüsusilə mühüm əhəmiyyət kəsb edir. TANAP layihəsi artıq xəyala çevrilən NABUKKO kimi bir çox layihədən sonra həyata keçirilibsə bu, Türkiyə və Azərbaycan arasında dostluq, qarşılıqlı etibar sayəsində reallaşıb. Bir çox ölkələrin edə bilmədiyini Türkiyə və Azərbaycan danışıqlar apararaq birlikdə həyata keçirdilər. Digərləri daha sonra qoşuldular.

Bu gün keçirdiyimiz görüşlərdə, apardığımız müzakirələrdə energetika nazirlərimiz TANAP layihəsinin nəzərdə tutulduğu kimi, 2018-ci ildə deyil, daha tez reallaşması üçün razılığa gəldilər. Gecə-gündüz çalışacağıq, Türkiyə Respublikasının sərhədləri daxilində TANAP layihəsi üçün nə lazımdırsa ediləcək. Bu işlər Azərbaycanda da eyni qaydada görüləcək. Çünki TANAP və Bakı-Tbilisi-Ceyhan iki böyük layihə olaraq neft və təbii qaz ehtiyatlarının Xəzərdən Aralıq dənizinə və Avropaya çatdırılmasında əsas kanallardır. TANAP-ın TAP ilə tamamlanması Avropa daxilində balanslaşmaya da təsir edəcək.

Ötən bazar günü keçirdiyimiz Türkiyə-Avropa İttifaqı Zirvəsi ilə bağlı da Prezident İlham Əliyevə məlumat verdim. Orada avropalı dostlarımızla əgər Avropanın enerji təhlükəsizliyi müzakirə mövzusu olarsa ən təhlükəsiz xəttin Xəzər ehtiyatlarının Türkiyə vasitəsilə Avropaya çatdırılması olduğunu bir daha müzakirə etdik.

Nəqliyyat məsələsində də Türkiyənin və Azərbaycanın eyni qaydada liderlik etdiyi, Gürcüstan ilə birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən İstanbula və Avropaya qədər uzanan dəhlizin şah damarını təşkil edir. Bu xəttin, inşallah, 2016-cı ilin birinci yarısında fəaliyyətə başlaması ilə tarixi “İpək yolu” yeni bir deyimlə, daha müasir şəkildə bu günümüzə daşınacaq. Bu mövzuda Çin ilə görüşlər keçirmişik, Çin dövlətinin başçısının Antalyada cənab Prezidentimizlə görüşündə də bu məsələlər açıq şəkildə müzakirə edilib. Hörmətli Prezident İlham Əliyevin Çinə səfərində də bu məsələlər müzakirə olunacaq. Bu dəhlizin ən qısa zamanda gerçəkləşməsi və ən qısa nəqliyyat xəttinin yaradılması bu gözəl Bakını Asiyanın ən önəmli limanlarından birinə çevirəcək.

Biz Bakını Azərbaycan ilə birlikdə Asiyanın yüksələn bir ulduzu olaraq görürük. Hər gəlişimdə Bakıda gördüyüm yüksəlişdən və inkişafdan böyük məmnunluq duyuram. “Soyuq müharibə”dən sonra əgər şəhərlərə baxsaq ölkələrin taleyini də görə bilirik. Ən parlaq, ən müasir və ən çox inkişaf etmiş şəhərlərin başında Bakı dayanır. Bu mənada Azərbaycanın inkişafı bizim inkişafımızdır. Türkiyənin inkişafı Azərbaycanın inkişafıdır. Əslində söhbət qarşılıqlı olaraq Türkiyənin 9 milyard, Azərbaycan isə 4 milyard dollarlıq sərmayə qoyuluşundan gedir. Türkiyənin İzmir bölgəsində “Petkim”ə Azərbaycan sərmayəsinin yatırılması bizə böyük güc verib. Hədəfimiz bu sərmayələri ən qısa müddətdə 20 milyard dollara, hazırda 5 milyard dollar olan ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmaqdır. Bunun üçün lazımi işləri görə biləcək iradəyə sahibik".

Türkiyənin Baş naziri başqa sahələrdə görüləcək mühüm tədbirləri də qeyd edib: "Bir çox başqa sahələrdə - ortaq mədəni dəyərlərimiz baxımından da görüləcək işlərimiz var. “Mədəniyyətlər ittifaqı” layihəsinə Azərbaycanın ev sahibliyi etməsinə böyük önəm veririk. İnşallah, gələn il aprelin 25-27-də keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə Azərbaycan dünyanın diqqətini bir daha özünə cəlb edəcək. Belə böhranlı, dünyada inanclar arasında qarşıdurmaların yaşandığı bir dövrdə Bakıdan yüksələcək mədəniyyətlər ittifaqı və sülh sözlərinin böyük mənası olacaq.

Cənab Prezident İlham Əliyevin müdafiə sənayesi sahəsinə dair fikirləri ilə tam həmrəyəm. Müdafiə sənayesi sahəsində də ortaq fəaliyyətimiz davam edəcək. Azərbaycanın özünün müdafiə sənayesini inkişaf etdirməsi və Türkiyə ilə birlikdə layihələr həyata keçirməsi bizim ən çox önəm verdiyimiz məsələlərdən biridir.

Qafqazda və ətraf regionlarda sülhün bərqərar olması Türkiyə-Azərbaycan əlaqələrindən böyük dərəcədə asılıdır. Bu baxımdan Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli mexanizmlərinə böyük önəm veririk. Türkiyə və Azərbaycanın birlikdə olduğu və digər ölkələrin iştirak etdiyi mexanizmlərin sülhə böyük töhfə verəcəyinə inamımız qətidir. Türk Şurası və digər regional təşkilatlarda birlikdə çalışmaqdan da böyük məmnunluq duyuruq".
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed