Şrift:
Qazıməmməd-Qazax magistral qaz kəmərində təmir başa çatıb, abonentlərə “mavi yanacaq” verilişi bərpa olunub
05.02.2012 [16:29] - Gündəm
Bir həftə öncə partlayış baş vermiş Qazıməmməd-Qazax magistral qaz kəmərində aparılan təmir işləri fevralın 5-də yekunlaşıb və abonentlərə “mavi yanacaq” verilişi bərpa olunub.

Yanvarın 30-da saat 11:30 radələrində 1020 millimetrlik Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçayın Qarayazı kəndi ərazisindən keçən 118-ci kilometrliyində qaz sızması səbəbindən baş verən güclü partlayış zamanı Göyçay, Ucar və Qəbələ rayonlarına təbii qaz verilişi dayandırılmışdı.

Partlayışdan sonra baş verən güclü yanğın həmin gün axşam saatlarında söndürülmüş, 1200 millimetrlik Bakı-Qazıməmməd-Qazax-Tbilisi qaz xəttindən Qəbələ və Ucar rayonlarına, eləcə də Göyçay şəhərinin bir hissəsinə təbii qaz verilişi təmin edilsə də, Göyçay şəhərinin 15 faizi və rayonun Qarabaqqal, Hacıalıkənd, Çayarxı və Qızılağac kəndlərinə təbii qazsız qalmışdı.

Yanvarın 31-də Qazıməmməd-Qazax magistral qaz kəmərinin bərpası üçün əraziyə "Azəriqaz" İstehsalat Birliyinin 15-ə yaxın müxtəlif təyinatlı ağır texnikası və 40-dan artıq işçisi cəlb edilib. Əvvəlcə partlayışın baş verdiyi dağlıq əraziyə xüsusi ağır texnikanın və yeni boruların gətirilməsi üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin üzərinə beton plitələr döşənib, üç metr dərinlikdə yerləşən boru hündürlüyə qaldırılıb. Əraziyə yağan güclü qar kəmərin bərpası işlərinə mane olsa da, hər gün səhər saat 8:00-dan axşam 24:00-dək bərpa işləri davam etdirilib. Kəmərin 40 metrlik hissəsi yeni boru ilə əvəz edilib. Bərpa prosesi fevralın 5-də gecə saat 2:30 radələrində başa çatdırılıb, həmin gün saat 13:00 radələrində isə kəmərlə təbii qaz verilişi bərpa edilib. Göyçay Rayon Qaz İstismar Sahəsinin əməkdaşları abonentlərə təbii qazın verilməsi və təhlükəsizlik qaydaları barədə əvvəlcədən məlumat veriblər. Göyçay rayonuna təbii qaz verilişi saat 14:00 radələrində tam bərpa edilib. Kəmərin bərpası prosesində “Azəriqaz” İB-nin sədr müavini Nazim Səmədzadə, Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Müşfiq Güləliyev iştirak ediblər.

Qeyd edək ki, mütəxəssislərin fikrincə partlayışa qaz kəmərində yaranan korroziya səbəb olub. Məlumata görə, Qazıməmməd-Qazax magistral qaz xətti 1978-ci ildə istifadəyə verilib. Bundan sonra kəmərdə təmir-bərpa işləri aparılmayıb, bu səbəbdən də çürümə baş verib.Havaların şaxtalı keçməsi ilə bağlı kəmərdə qazın təzyiqi artırıldığından güclü təzyiq sızmaya və nəticədə partlayışa səbəb olub.
Bu xəbər oxucular tərəfindən 983 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed