Şrift:
DÜNYA XOCALI GERÇƏYİNİN BİR ADDIMLIĞINDA
07.02.2012 [09:03] - DAVAMın yazıları
Faciənin miqyasını anlatmaq üçün bütün işləri görürükmü?..

Hər il Xocalı faciəsinin ildönümü yaxınlaşanda yerli ictimaiyyəti iki əsas sual düşündürür: 1. Qətliamın səbəbkarları nə zaman cəzalandırılacaq? 2. Bu illər ərzində dünyaya bu faciənin miqyasını, səsimizi duyura bilmişikmi? Biz sonuncu sualın cavabını tapmaq üçün yola çıxdıq. 10 illik bir sürəcdə Xocalı qətliamını dünyanın gündəminə necə daşıdıq, səsimizi harda və necə duyurduq? Kimlər hansı reaksiyanı verdi? Xüsusən qondarma erməni soyqırımı ilə bağlı qərarın dünyanın mərkəzinə gətirildiyi bu günlərdə beynəlxalq ictimaiyyətin gücü ilə bağlı müzakirələr də pik həddə çatıb. Bu gücdən yararlanma üsulları da həmçinin.

Dünya mətbuatı yazır...

“Krua l’Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər.
“Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il: erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
“Faynenşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il: ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
“Faynenşl Tayms” qəzeti (London), 14 mart 1992-ci il: general Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
Bu sitatları heç bir ixtisarsız, nöqtə-vergülünə toxunmadan xatırlatmaqda məqsədimiz var. Dünya Xocalı faciəsi barədə nə bilir sualına cavab tapmaq üçün ilkin mənbəyə nəzər salmaq yetərlidir. Amma bu sitatların üzərindən 20 il keçib. Ötən illər ərzində dünyaya Xocalı həqiqətlərini hayqıra bilmişikmi? Yoxsa unudulub, yaddan çıxarılıb?
Dünyanın 60 ölkəsində təbliğat aparılır
Məlum olduğu kimi, hər il Prezident Administrasiyası “Xocalı soyqırımı ilə bağlı tədbirlər plan”ını qəbul edib. Plana əsasən, Azərbaycanın xaricdəki səfirlik, nümayəndəliklərində və diaspor təşkilatlarında soyqırımla bağlı müxtəlif təbliğat kampaniyalarına start verilib. Bəs Azərbaycan bu qətliamı beynəlxalq ictimaiyyətə çatdırıb ona adekvat qiymət verilməsinə nə dərəcədə nail ola bilir?
Təhlillər göstərir ki, son iki ildə sözügedən istiqamətdə görülən işlər müəyyən nəticələr verməkdədir. Hazırda dünyanın 60-dan çox ölkəsində təbliğat aparılır. Bir çox ölkələrin parlamentlərində qətliam qurbanları anılır. Son illərdə Xocalı soyqırımının ildönümünün qeyd olunması Avropa ölkələrində xüsusilə geniş yayılıb. ABŞ, İngiltərə, Almaniya, Danimarka, İndoneziya, Yunanıstan, İsrail, Ərəbistan kimi ölkələrdə anımlar təkcə mitinq səviyyəsində yox, müzakirələr, universitetlərdə mühazirələr, diskussiyalar, televiziya proqramlarında verilişlər, müxtəlif yerlərdə sərgilərin təşkil edilməsi müstəvisinə də keçib.

İngilis dilində sayt - əsas baza sayılır

Bundan başqa, ABŞ-da sosial mövzularda yaradıcılığı ilə tanınımış rep ifaçısı Toni Bləkman və Azərbaycanın rep qrupu “Dəyirman” tərəfindən ifa edilmiş “Xocalıya ədalət” rep üslublu mahnının təqdimatı Xocalı faciəsi həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynayb. “Xocalıya Ədalət” rep mahnısının keçirilməsi 2010-cu ilin noyabrında təşkilatın koordinatorlarının toplantısında qərara alınıb. Yaradıcı üslubla Xocalı faciəsini çatdırmaq məqsədi güdən bu layihə həm yerli, həm də xarici musiqiçilər tərəfindən hazırlanıb. Rep bütün dünyada populyar bir üslub olduğundan, bu üslub seçilib. “Xocalıya ədalət” rep mahnısının aranjimançısı tanınmış səs rejissoru, 3 dəfə “Qremmi” mükafatı laureatı Qordon Vilyamsdır. Mahnının sözlərinin müəllifi və ifaçısı isə Toni Bləkməndir. Onunla yanaşı, Azərbaycanın rep qrupu “Dəyirman” da mahnını ifa edib.
Hazırda kampaniya çərçivəsində Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə beynəlxalq imzatoplama aksiyası keçirilir. www.justiceforkhojaly.org. Sözügedən sayt ingilis dilindədir, orada Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün kifayət qədər geniş məlumat bazası yerləşdirilib. Saytda Xocalı faciəsinin tarixi, bu barədə fotolar, eləcə də faciənin dünyaya çatdırılması üçün görülən işlərlə bağlı bölmələr var.

Beynəlxalq aksiya nəyə nail olub?

Qeyd edək ki, qətliam qurbanlarının anılması, faciənin dünyaya çatdırılması “Xocalıya ədalət” kampaniyası keçirilir. Son iki ildə 50-dən artıq ölkədə “Xocalıya ədalət” kampaniyası çərçivəsində müxtəlif tədbirlər keçirilib. Kamaniyanın fəaliyyətini əlaqələndirən İKT GF-nin təşəbbüsü ilə Kampalada (Uqanda) İKT Parlament İttifaqının və Düşənbədə (Tacikistan) İKT ölkələri XİN rəhbərlərinin iclaslarında Xocalı qırğınını “insanlığa qarşı cinayət” kimi göstərilən sənədlər qəbul edilib. Hazırda kampaniya çərçivəsində dünya ictimaiyyətini Xocalı soyqırımına müvafiq qiymət verməyə çağıran ərizə üçün imza toplamaqla bağlı beynəlxalq aksiya keçirilir.

Dünya faciəyə ilk günkü kimi diqqət göstərə bilməz

Ölkənin dördüncü hakimiyyəti, yəni jurnalistlər faciənin yerli və beynəlxalq ictimaiyyətdə duyurulması üçün lazımi işi görübmü? Zaman-zaman qələm əhlinin bu məsələdəki passivliyi barədə müzakirələrə media mütəxəssisi Arif Əliyev qatılmır. Arif bəy hesab edir ki, bu faciənin dünyada az işıqlandırılması ilə bağlı heç bir təbəqənin, xüsusən də jurnalistlərin günahını görmür. Onun fikrincə, bu məsələdə ən səmərəli işin müəllifləri jurnalistlərdir ki, onları da heyranlıqla yada salmaq lazımdır. “Həqiqət həmişə qiymətini almır” deyən ekspertə görə, hazırda Xocalı faciəsinin dünya mətbuatının mərkəzində olmamasının bir səbəbi var: “Xarici mətbuat keçmiş hadisələrlə bağlı diqqətini ilk günkü kimi saxlaya bilməz. Necə ki, biz Somali hadisələri və ya digər olaylarla bağlı ilk günkü diqqəti göstərə bilmirik. Digər tərəfdən, biz bunu xarici jurnalistlərin üzərinə vəzifə kimi qoya bilmərik. Bizim mövzunu dünyanın gündəminə gətirmək istəyimiz, müraciətlərimiz nə qədər təbiidirsə, onların soyuqluğu, bir qədər laqeydliyi də o qədər təbiidir”. A.Əliyev hesab edir ki, Xocalı faciəsini unutdurmayan bir təbəqə varsa, o da jurnalistlərdir. Unutdurmaq istəyənlər isə siyasətçilərdir: “Bu cür problemlərə hər zaman ən diqqətli münasibəti jurnalistlər göstərib”.
Azərbaycan İnternet Forumun rəhbəri, ekspert Osman Gündüz son dövrlər Azərbaycanın maraqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasıyla bağlı iş aparıldığını dedi: “Amma o da nəzərə alınmalıdır ki, Azərbaycan bu cür sistemli informasiya siyasətini son bir neçə ildə apardığından ermənilərin 50 illik informasiya gücünü yara bilməyib. Hazırda çox cüzi sahələr qalıb ki, ermənilər orda at oynadırlar. Bu sahələr də tədricən əhatə olunmaqdadır. Amma bu işin sistemli davam etdirilməsinə ehtiyac var. Qarabağ mövzusuyla bağlı yeni məlumatların işlənib hazırlanmasına və onların dünyaya çatdırılmasına ehtiyac var. Bu yeni məlumatlar da elmi araşdırmalar, yeni faktların tapılıb dünyaya çatdırılması kimi olmalıdır. Buna da dövlətin qayğısı və maliyyəsi lazımdır”.

“Xocalı faciəsi ilə qondarma erməni soyqırımı təbliğatı arasında paralel aparmaq olmaz”

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu isə dedi ki, hazırda Xocalı ilə bağlı cəmi iki qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Müsahibimiz rəhbərlik etdiyi təşkilatın əsas hədəfinin erməni təcavüzü ilə bağlı beynəlxalq ictimai məhkəmənin keçirilməsi olduğunu dedi: “Əgər ictimai məhkəmə reallaşsa, Azərbaycan beynəlxalq dünyada böyük imic qazanacaq”.
Bu arada daha maraqlı bir məqam. Daha doğrusu, olayın adlandırılması, təqdimatı məsələsində ikili standart var. Bu hadisələr Azərbaycanda və Türkiyədə “Xocalı soyqırımı”, “Xocalı faciəsi” kimi adlanır. Ermənistanda isə bu əməliyyat “Xocalı döyüşü”, “Xocalı hadisəsi” terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı “Xocalı qətliamı” terminindən istifadə etməyə üstünlük verir.
Sevinc TELMANQIZI
Bu xəbər oxucular tərəfindən 1663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed