07.02.2012 [16:09] - Mədəniyyət
Kanadanın Toronto şəhərində 2012-ci il martın 24-də Novruz bayramı münasibətilə azərbaycanlı sənətçilər konsert verəcək. Bu barədə APA-ya Torontada yaşayan soydaşımız, orada fəaliyyət göstərən “Heydərbaba” media şirkətinin rəhbəri Yaşar Purəli məlumat verib. O bildirib ki, Yaqub Zurufçu və digər azərbaycanlı sənətçilərin iştirak edəcəyi konsert Toronto Mədəniyyət Mərkəzində keçiriləcək: “Bu şəhərdə çox millət yaşayır. Yalnız nüfuzu çox və yüksək milli mədəniyyətə sahib diaspora həmin yerdə tədbir keçirə bilər. Biz Kanada cəmiyyətində Azərbaycan mədəniyyətini daha yaxından tanıtmaq və təsdiq etmək üçün həmin məkanı seçdik. Bu mərkəzin icarə haqqı çox yüksəkdir və ağır şərtləri var. Bir günlük konsert üçün ödədiyimiz pulun yarısına konsert üçün daha böyük məkan icarə edə bilərdik. Amma qeyd etdiyim kimi həmin yerin Kanada cəmiyyəti üçün xüsusi əhəmiyyəti var”. Yaşar Purəli əlavə edib ki, konsert proqramı “Heydərbaba” media şirkəti tərəfindən hazırlansa da, Torontoda fəaliyyət göstərən bütün Azərbaycan və türk dərnəkləri bu işdə onlara dəstək olub: “Konsertə yalnız azərbaycanlılar və türklər deyil, kanadalıların da qatılacağını gözləyirik. Çünki əhali bilir ki, konsert Toronto Mədəniyyət Mərkəzində keçirilirsə, deməli maraqlı və səviyyəli olacaq. Konsertin reklamı üçün 50 min buklet hazırlanıb. Onları da əhaliyə paylayacağıq”. Biletin qiymətinin 30-60 dollar arasında dəyişdiyini bildirən Yaşar Purəli artıq biletlərin satışının başladığını bildirib: “Qiyməti ucuz etdik ki, istəyən hər kəs iştirak edə bilsin. Bilet satışından əldə edilən gəlir konsertin xərcləri üçün istifadə ediləcək”.
Bu xəbər oxucular tərəfindən 1233 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |