Şrift:
Yeni Qarabağ müharibəsinin başlanması qaçılmazdır
07.02.2012 [21:31] - Gənclik
Bu müharibəyə isə Azərbaycan və Ermənistanla yanaşı, regionda maraqlı dövlətlərin, o cümlədən Rusiya və Türkiyənin qoşulacağı proqnozlaşdırılır

Azərbaycan ötən əsrdə ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra üzləşdiyi ən böyük problem olan ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımlarla bu məsələdə daha çox sülh yoluna sadiq qaldığını göstərib. Ancaq təəssüf ki, bu günə qədər Ermənistan və bu dövləti vassa qismində saxlayan ağalarının tutduğu mövqe ölkəmizin ərazi bütövlüyünün dinc şəkildə bərpasını əngəlləyən əsas faktor olaraq qalmaqdadır.


Ermənistana xarici havadarları tərəfindən göstərilən himayə bu ölkənin danışıqlar prosesində konstruktiv mövqeyə gəlməsinə imkan vermir. Hadisələrin inkişaf istiqaməti əslində yaxın perspektivdə Ermənistanın problemin sülh yolu ilə çözümü üçün belə bir mövqedən çıxış edəcəyini böyük sual altına alır. Təbii ki, belə bir situasiya nəticə etibarilə Azərbaycana ərazi bütövlüyünü bərpa etmək üçün hərb yoluna əl atmaqdan savayı alternativ seçim qoymur.


Əslində, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini əvvəl-axır hərbi müstəvidə həll etmək məcburiyyətində qalacağına dair xeyli müddətdir fikirlər səsləndirilir. Lakin rəsmi Bakının danışıqlar yolu ilə konfliktin həll oluna biləcəyinə dair olan ümidləri gücə əl atılmasını indiyə qədər arxa plana itələyib. Elə indinin özündə də bu ümidlərin tam söndüyünü söyləmək olmaz. Bununla belə o da faktdır ki, Azərbaycan danışıqlar prosesinin daha bir neçə il uzanmasına dözmək niyyətində deyil. Bu mənada hesab olunur ki, yaxın tezlikdə danışıqlarda hər hansı irəliləyiş əldə olunmasa, onda ikinci Dağlıq Qarabağ münaqişəsinin başlanmasını gözləməyə dəyər. Çünki mövcud konfiqurasiya Azərbaycanın düşmən tərəfdən istənilən parametr üzrə bir neçə dəfə üstün olduğunu aydın şəkildə nümayiş etdirir. Bu isə o deməkdir ki, ölkəmiz üçün müharibəyə başlamaq yolunda hər hansı ciddi maneə yoxdur. Düzdür, burada beynəlxalq güclərin hadisələrin inkişafına mümkün müdaxiləsi, Ermənistana bu və ya digər formada dəstək verə biləcəkləri də tez-tez qabardılan məqamlardandır. Lakin o da faktdır ki, əvvəla hər hansı beynəlxalq güc açıq şəkildə Ermənistana dəstək verə bilməz. Çünki Azərbaycan bütün beynəlxalq hüquq normalarına uyğun olaraq öz sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün gücdən istifadə edir. İkinci bir tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin müasir durumu Ermənistana kənar yardımların belə effektiv şəkildə neytrallaşdırılmasına imkan verir. Bütün bunlar isə qeyd edildiyi kimi, yaxın tezlikdə sülh danışıqlarında hər hansı irəliləyiş olmayacağı halda müharibə ehtimalını əhəmiyyətli dərəcədə yüksəldir. Sözügedən amil beynəlxalq miqyasda da açıq etiraf olunur. Məsələn, “Xarici əlaqələr üzrə Avropa İttifaqı” ümumavropa analitik mərkəzi özünün “Avropa İttifaqının xarici məsələlər üzrə göstəricisi” adlı məruzəsində bu məsələyə toxunaraq bildirir ki, Azərbaycan-Ermənistan münasibətləri ötən il daha da kəskinləşib. Mərkəz bu faktın Dağlıq Qarabağda müharibə ehtimalının artmasına gətirib çıxardığı qənaətinə gəlib. Məruzədə Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələrindən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yönündə Avropa İttifaqının (Aİ) təsir imkanlarının məhdud olduğu məlumatı öz əksini tapıb. Mərkəzin analitikləri Aİ-yə üzv olan ayrı-ayrı ölkələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə qoşulmaqdan çəkindiklərini bildirirlər. Adıçəkilən analitik mərkəz Dağlıq Qarabağ münaqişəsini Aİ-nin cəlb edilməsi baxımından “C” qiyməti ilə dəyərləndirib. Bu qiymətin mənası isə Aİ-nin 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yolunda heç bir irəliləyişə nail olunmadığı anlamına gəlir.


Qarabağda müharibə ocağının yenidən közərməsi isə regionda marağı olan böyük güclər üçün də ən azı iki cəhətə görə sərfəli deyil. Əvvəla bu, onların bölgədəki siyasi və iqtisadi maraqlarına böyük zərbə deməkdir. İkinci bir tərəfdən həmin güclər bu və ya digər dərəcədə sözügedən müharibəyə cəlb olunacaqlar. Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer bildirir ki, ən azı Türkiyə və Rusiyanı Qarabağ münaqişəsi hərbi müstəviyə keçəcəyi təqdirdə buna cəlb olunması qaçılmazdır. Onların kimin tərəfində yer alacağını indidən söyləmək isə elə də uzaqgörənlik tələb etmir. Elə bu səbəbdən hesab edilir ki, hadisələrin bu səpkidə inkişafına yol verməmək üçün Ermənistana təzyiq göstərilməlidir ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yox, danışıqlar müstəvisində çözülsün. Əks halda hadisələrin necə inkişaf edəcəyi indidən bəllidir.


Rasim BAYRAMOV
Bu xəbər oxucular tərəfindən 2203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed