Şrift:
Ucalıq yaradan şəhidlərimiz
19.01.2016 [11:38] - Gündəm, DAVAMın yazıları
İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü



Milli faciə kimi yaddaşımızda dərin kök salmış 20 Yanvar haqqında mahiyyət üstə ardıcıl düşünmək gərəkdir. Asif Ata Azərbaycan türklərinin tarixində bir neçə rəmzləşmiş faciələrimizin adını çəkir. Həmişə vurğulayırdı ki, Azərbaycanın möhtəşəm tarixi uğurları, fərəhləriylə yanaşı, böyük faciələri də var.
Ata Azərbaycanın birinci böyük faciəsi Midiyanın süqutunu sayır. Bunu o, ilk milli dövlətimizin çöküşü adlandırır.
İkinci faciəmiz Babəkin qətlidir. Yalnız Babəkin qətlindən sonra ruhumuz ərəbçiliyə yenildi, milli özgürlüyümüz əlimizdən alındı.
Üçüncü faciəmiz Çaldıran fəlakətidir. 1514–cü ildə Osmanlı hökmdarı Sultan Səlimlə Səfəvi Azərbaycan hökmdarı Şah İsmayıl Xətai Təbriz yaxınlığındakı Çaldıran düzündə üz-üzə gəldi. Ata bununla bağlı belə deyib: “Türk türkə qarşı vuruşanda həmişə məğlub olub.”
Türkmənçay Yırtıcılığı dördüncü böyük faciəmizdir. Azərbaycan ikiyə parçalandı.
Azərbaycan Xalq Cümhuriyyətinin devirilməsi isə beşinci faciəmizdir. 
XX yüzildə daha iki dəhşətli faciə yaşadıq.
Bunlardan biri 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsidir ki, bu yazının başlıca mövzusudur.
Hələlik sonuncu böyük faciəmiz isə 1992-ci ildə baş vermiş Xocalı qırğınıdır.
Bu faciələrimiz xalqımızın tarixi taleyinə olmazın zərbələr vurub. 
*** 
SSRİ imperiyasının çöküşü zamanı xalqımızın başına gələn faciələr gözlənilən idi. Əgər xalq gözlənilməz məqamlara hazır ola bilirsə, az itki verir. Yox, hazır olmursa, 20 Yanvar kimi böyük faciələr yaranır. Düzdür, imperiya öz istəyilə tarixdən silinmək istəmir, sonacan öz zorunu göstərməyə çalışır. Deməli, biz gözlənilən faciəvi məqamlardan mümkün qədər az itki ilə, mənəvi sarsıntısız çıxa bilərdik.
***
Asif Ataya görüşlərin birində Babəkin məğlubiyyətinin əsas səbəbinin nədən ibarət olması ilə bağlı ona sual verildi. Atanın cavabı konkret oldu: “Ruhaniyyatına bərabər siyasətinin olmaması!” O, demək istəyirdi ki, dünyanın siyasi gedişatı var. Dünyanın siyasət halqası getdikcə böyüyür, hər bir xalqın tarixi taleyində daha da acılı-ağrılı izlər qoyur. Tarix boyu bir olmamağımız üzündən torpaqlarımız dünyanın böyük güclərinin əliylə alınıb-satılıb. 20 Yanvar tarix boyunca başımıza gələn faciələrin son dönəmlərdə təkrarlanan ən üzdəki ifadəsidir. Faciə insanı dağ da edə bilər, dağıda da bilər. Faciədən, fəlakətdən böyümək, güc almaq gərək. 

*** 

Xalqı kimlər yarada bilər? Faciəvilikdən üstün olanlar. Fərd zamandan, gerçəklikdən üstün olmalıdır ki, xalqı yaratmaq qüdrətinə çatsın, faciəni aşa bilsin. O zaman biz dünyanın indiki qarışıq əhvalını aşıb özümüzü təsdiq edə bilərik. Fərdin faciəsi özünə yetə bilməməsindən, özünü tapmamasından başlayır. Fərd özünü yaratmasa, xalq da yaranmayacaq, var olmayacaq. Fərd inamsızdırsa, xalq da inamsız olacaq.
***
20 Yanvara kimi Bakıda 2 ildən çox davam edən mitinqçilik, nümayiş əhvalı vardı. Eləcə də mərkəz ermənilərlə birləşib Sumqayıt hadisələrini yaratmışdı. SSRİ kimi böyük imperiyanın çöküşü artıq içəridə başlamışdı. Həmin çağlar bizi gözləyən faciələrə hazır ola bilmədik. Faciələrimiz sıralandı. 20 Yanvar faciəsi bir sıra cəhətləri üzə çıxardı: respublikanın paytaxtının amansızcasına işğalı, suçsuz insanların faciəvi aldanışı və qətli, imperiyanın əsl üzünün görünməsi, xalqımızın sarsılması, imperiyaçılığa qarşı hay-küylü mübarizə, zamandan, gerçəklikdən üstün ola bilməmək…

***
Əslində faciəmizdən güc ala bilmədik. Bu üzdən də hiddətimiz parçalandı. Hiddətimiz naşı nikbinliklə birləşdi və faciə ilə sonuclandı. Faciələr selində adamların ehtirasları coşdu. Bəziləri üçün xalqın azadlığı uğrunda mübarizə hakimiyyət uğrunda mübarizə demək oldu. Milli mübarizəmizin idraki yönü olmadı. Sosializmdən kapitalizmə qayıtdıq. Adamların varlanma ehtirası, rəqabətçilik artdı, milli əhvallara, vətənçilik duyğusuna zərbə dəydi. Bu, o deməkdir ki, 20 Yanvar faciəsi zamanı yaşanan milli duyğular bundan sonra bir də çətin görünə.
Qətiyyən ümidsiz deyiləm. Həmin məqamdakı duyğulardan da yüksək duyğular isə yalnız Mütləqə İnama yetən xalqımızda yaşanacaq. İnam bizi faciədən üstünlüyə yetirəcək.
***
Faciə maddi itkidən çox, mənəvi itki yaradır. Daha çox mənəvi boşluqdan yaranır faciə. Millət gerçəklikdən üstün ola bilməyəndə, mənəvi uçurum dərinləşəndə faciə yaranır. Faciə güclü millətə gəlsə də, içində oturuşa, onu dağıda bilmir. Zəif millətisə içəridən dağıdır, ürəyində yara olur. İnam Atanın (Asif Atanın) istədiyi səviyyədə xalq yaranmalıdır. Fərdlər bu yolda özündən keçməlidirlər ki, xalq əbədi təsdiq olunsun, var olsun. Xilas Mütləqə İnamdadır.
*** 
Yazının sonunda İnam Atanın (Asif Atanın) şəhidlik konusunda fikrini sunuram: “Şəhidlik Məqamı balalarımızın İnam Ucalığı oldu: – Vətənə İnam. Bu İnam üçün Şəhid oldular balalarımız. Şəhidlik Məqamı balalarımızın İdrak Ucalığı oldu: – Vətəni dərk elədilər Şəhidlikdə balalarımız. Şəhidlik Məqamı balalarımızın Mənəviyyat Ucalığı oldu: – Vicdançılıq, Təmənnasızlıq, Fədakarlıq Yüksəkliyinə çatdılar balarımız. Şəhidlik Məqamı balalarımızın İradə Ucalığı oldu: – Zamana Qarşı durdular, Şəraitə qarşı durdular, Mühitə qarşı durdular balalarımız. Ölümləriylə İnamı yaşatdılar, İdrakı yaşatdılar, Mənəviyyatı yaşatdılar, İradəni yaşatdılar. Şəhidlik Ucalığı yaratdılar”.
Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed