Şrift:
Azərbaycan yol polisi sürücülərə qarşı cəzaların sərtləşdirilməsini labüd sayır
10.02.2012 [10:24] - Gündəm
"Azərbaycan" qəzetinə müsahibəsində Azərbaycan Respublika Baş Dövlət Yol Polisi idarəsinin rəisi, general-mayor Ramiz Zeynalov cəzaların sərtləşdirilməsinə münasibət bildirərkən deyib ki, cəzaların sərtləşdirilməsi sürücülərin deyil, yol hərəkəti qaydalarını pozmağa adət etmiş, hərəkətin təhlükəsizliyinə ciddi maneə yaratmağı normal sayan qayda pozucularının narazılığına səbəb ola bilər.

" Əgər sürücü avtomobili normal idarə edirsə və qanunlara riayət etmək mədəniyyətinə sahibdirsə, onun inzibati cəza və cərimələrdən nə narahatçılığı ola bilər ki? Gəlin bu məsələyə sadə məntiqlə yanaşaq: cərimələr kimlərə tətbiq olunur? Ancaq qayda pozanlara. Demək, problem cərimələrin məbləğinin artırılmasında deyil, bundan nəticə çıxarmaq istəməyən şəxslərdədir", o deyib.

Zeynalov dünya praktikasında yol hərəkət qaydalarını pozan sürücülərə qarşı cəzaların hər bir dövlətdə sərtləşdirildiyini vurğulayıb.

"Bəzi sürücülər şikayət edir ki, əməkhaqqımız yüksək deyil, amma cərimələr yüksəkdir. Bu narazılıq da əsassız və subyektivdir. Çünki bu cəzaları tətbiq edirik ki, yollarda nizam-intizam olsun, insanlar evlərinə sağ-salamat gedib çata bilsinlər. Heç bir günahı olmayan insanlar məsuliyyətsiz sürücülərin laqeyd münasibətindən həyatları ilə vidalaşmalı olurlar.Yəni, cəzaların ağırlaşdırılması labüddür və birbaşa sadə vətəndaşlarımızın, elə sürücülərin özlərinin də mənafeyinə uyğundur. İnsanlar bu qaydalara olduğu kimi riayət etsələr, heç bu inzibati tənbeh tədbirlərinə də ehtiyac qalmaz", o vurğulayıb.

Bəzi sürücülərin yollarda radarların, videokameraların çoxluğu ilə bağlı narazılığına münasibət bildirən Baş İdarə rəisinin fikrincə, əgər ölkədə qəzaların baş vermə səbəblərinin yarısını sürət həddini aşma, dörddə birini isə ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma halları təşkil edirsə, deməli, hərəkətə nəzarət vasitələrimiz kəmiyyət baxımından hələ daha da artmalı, miqyasca isə genişlənməlidir.
Bu xəbər oxucular tərəfindən 1007 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed