25.01.2016 [16:23] - Gündəm, DAVAMın yazıları
Azər Həsrət
Zəruri qeyd: Lütfən, yazını sonadək oxumadan rəy bildirməyin.
Zəruri qeyd: Lütfən, yazını sonadək oxumadan rəy bildirməyin.
Bugünlərdə gənc dostlarımdan biri dedi ki, siz həddən artıq açıq danışırsınız, açıq yazırsınız, şəxsinizə qarşı münasibətə həddən artıq təmkinli yanaşırsınız, ona görə də təsadüfi adamların təhqirinə məruz qalırsınız. Gənc olmasına baxmayaraq fikir və çalışmalarına diqqətlə yanaşdığım bu dostumuz izn alaraq tövsiyə etdi ki, bəlkə siz də bir çoxları kimi qulağa xoş gələn yazılar yazasınız ki, yaxşı oğlan olasınız? Dedim ki, mümkün olardı, amma daxilimdəki bir qüvvə buna izn verməz.
Bugünlərdə də belə bir hadisə baş verdi. Deputat Aqil Abbasın soğan məsələsinə görə təhqir edilməsinə dözməyərək bəzi gerçəkləri qələmə aldım (Aqil Abbasın soğan məsələsi). Məsələ qaçqın-köçkünlərə aid idi. Amma hamısına deyil. O kəsiminə ki, dövlətin hesabına çörək yeyir, ev alır, qaz, işıq, su ödənişlərindən azaddır, amma küçələrə çıxıb “istefa” qışqırır. İddia edir ki, bahalaşmaya etiraz edirik. Bunlara bir cümləylə sual etmişdim ki, əgər sən çörəyi zatən havayı – dövlət hesabına yeyirsənsə, bahalaşsa nə olacaq, ucuz olsa nə? Bu sualım, bu yazım çoxdandır marığa yatıb mənim kimi gerçəkləri dilə gətirənləri söyməyə hazır olan bir kəsimi hərəkətə gətirdi. İddia edildi ki, mən bütün qaçqın-köçkünləri təhqir edirəm. Başqa birisi iddia etdi ki, bu yazımla hakimiyyətə yaltaqlanıram. Hətta Qarabağı da mənim kimilərinin ermənilərə satdığını iddia edənlər oldu. Yəni içi zibillə dolu olan havayı çörək yeyənlər tam cəbhə boyu üzərimə hücuma keçdilər. Düzdür, sayları elə də çox deyildi. Amma bir yazım bəs etdi ki, belələrinin hələ də dövlətin qanını sormağa hazır olduqlarını aşkara çıxara bilim. Mənsə yazımı bütün qaçqın-köçkünlərə aid etməmişdim. Yazı ordadır, hər kəs oxuya bilər. O kəslərə aid etmişdim ki, köçkün və ya qaçqın olsalar da imkanları aşıb-daşır, dövlət dəstək verməsə belə onların heç bir problemi olan deyil. Yəni demək istədiyim o idi ki, dövlət o imkanlı qaçqın-köçkünlərə ödədiyi pulu kəssin, qənaət ediləcək maliyyə hesabına doğrudan da ehtiyac içində yaşayan qaçqın-köçkünlərə yardımları artırsın. Pis təklifdirmi? Məncə, pis olmasın gərək. Axı mən doğrudan ehtiyacı olanların durumunu yaxşılaşdırmaq üçün təklif vermişəm.
Yeri gəlmişkən, Facebook-da mənim yazımı “İkrahnamə” kimi qələmə verən bir xanım açıq şəkildə yazırdı ki, 2 cipi var, villası var, amma dövlət çörək pulu da verirsə bunun nəyi pisdir ki? Vallah, matım-qutum qurudu bunu oxuyunca. Necə yəni 2 cipim var, villam var, amma dövlət mənə çörəyi havayı versin? Bəs o tərəfdə nəinki villası, başının üstündə damı belə olmayan qaçqın nə etsin? Bəlkə dövlət sizə ehtiyacınız olmadan verdiyi o pulları toplayıb həmin o pis gündə yaşayan qaçqına-köçkünə versin? Məgər bu Allaha da, bəndəyə də xoş getməzmi?
Biri isə iddia edirdi ki, mən qaçqınların paxıllığını çəkirəm. Buna xeyli heyrət etdim doğrusu. Nəyin və niyə paxıllığını çəkməliyəm? Yurdundan-yuvasından didərgin salınmış insanın paxıllığını necə çəkmək olar ümumiyyətlə? Bu insanlar axı ən əziz şeylərindən məhrum olublar, onların paxıllığını kim və necə çəkə bilər?
Maraqlıdır ki, başqa gənc bir xanım məni söyən “kişilərdən” fərqli olaraq açıq şəkildə yazımı da paylaşdı və təşəkkür də etdi. Üstəlik onu da yazdı ki, özü də Kəlbəcər köçkünüdür, dövlətdən bir qəpik də olsun yardım almır və almağı da özünə yaraşdırmır, mənim də yazdıqlarımla yüzdə yüz razıdır.
Ümumiyyətlə isə 3-5 adamı çıxmaq şərtilə yazım əməlli-başlı bəyənildi. Bəzi küçə adamlarını çıxsaq, yerdə qalanlar normal mübahisə və müzakirə də açdılar. Buna görə təbii ki, heç kimdən incimirəm. Yəni hər kəs mənim kimi düşünməyə, mənim fikirlərimlə razılaşmağa borclu deyil zatən. Amma o küçə adamları ki, var, onlara nə cavab verdim, nə də ümumiyyətlə onlarla mükaliməyə girdim. Onların səviyyəsinə enəcək deyiləm ki.
Bəziləri iddia edir ki, guya mən yazımda Qarabağ qazilərini, əlillərini boynuyoğun nadanlar adlandırmışam. Adam nə qədər ədalət hissindən məhrum olmalıdır ki, göz görə-görə sənə böhtan atsın?
Mən “boynuyoğun nadan” ifadəsi işlətmişəm o yazımda. Amma kimə münasibətdə? O kəslərə münasibətdə ki, bir gün belə müharibə görməyib, utanmadan cibində veteran vəsiqəsi gəzdirir, üstəlik də bu dövlətin çörəyini pulsuz yeyir! Belələri nadan deyil də, bəs nədir?
Yazımı iki gün ərzində 500-dən çox oxucunun bəyənməsi də artıq çoxluğun mənim tərəfimdə olmasından xəbər verir. Dostlardan biri isə maraqlı bir fikir söylədi mənə. O dedi ki, çoxlarının düşünüb dilə gətirmədiklərini yazmısan və haqlısan. Amma üzərinə gələcəklər sənin. Düz də dedi. Üzərimə gəldilər. Gəlsinlər. Heç şübhə etmirəm ki, üzərimə gələnlər imkanları aşıb-daşan, utanmadan havayı çörək yeyib bu dövlətin ayağının altını qazanlardır. Qaçqın-köçkünlərin doğrudan vətənpərvər olan kəsimi mənimlə yüzdə yüz razıdır. Çünki onlar yaxşı başa düşür ki, mənim təklifim dövlət vəsaitlərindən səmərəli və ehtiyaca uyğun istifadəyə yönəlikdir. Əgər hansısa qaçqın və köçkünlər doğrudan da varlanıbsa, imkanları yaxşıdırsa, Allah birə beş artırsın, buna sözüm yox. Amma altında 100 minlik maşınla dövlətin verdiyi 17 manatlıq çörəkpuluna göz dikməyi heç cür idrak edə bilmirəm axı mən…
Nə isə. Söyənlər bilsinlər ki, o söyüşlərin ən azı 10 qatı onların özlərinə, əzizlərinə qayıdır. Bu, öz yerində.
Ötən yazımda qaldırdığım məsələyə gəlincə isə, burada qısa olaraq o təklifimi təkrar edirəm: Dövlət bütün qaçqın-köçkünləri bir daha ələkdən keçirməli, imkanlı olanlara havayı çörək, işıq, qaz, su verməyi dayandırmalıdır. Qənaət edilən vəsaitlər isə hələ də acınacaqlı durumda yaşayan digər köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməlidir. Belə olarsa, o insanlar da daha tez vəziyyətdən çıxar, normal ömür sürə bilərlər. Onlar da yazıqdır axı.
Sözardı: Yəqin bu yazıma görə də məni söyənlər ortaya çıxacaq. Bilin ki, onlar həmin o boynuyoğun nadan sürüsündəndir. Utanmadan havayı çörək yeyənlərdən yəni…
Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |