Şrift:
Azərbaycan fermerləri 53 milyon manat güzəştli kredit alıblar
26.01.2016 [20:19] - Gündəm, İqtisadiyyat
Azərbaycanın regionlarında sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçik həcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 qeyri-bank kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onlar vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın reallaşdırılmasının ikinci ilinin yekunlarına həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, ötən il, həmçinin aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verilib: "Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. Ötən il əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi artmaqda davam edib".

Ş.Mustafayev qeyd edib ki, 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir: "Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hesabat ilində 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 12,6 minə qədər yeni iş yerinin açılması üçün şərait yaradılıb. Kreditlərin 40%-i büdcə, 60%-i isə qaytarılmış vəsaitlər hesabına verilib. Verilmiş kreditlərin 64%-i regionların payına düşür. Ümumilikdə ötən il 84 mini daimi olmaqla 110 min yeni iş yeri açılıb, eyni zamanda müxtəlif səbəblərdən 40 min iş yeri bağlanıb. Qarşıdakı illərdə məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sənətkarlıq növlərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görüləcək".
Bu xəbər oxucular tərəfindən 912 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed