Şrift:
Azərbaycan Ordusunun gücü
27.01.2016 [11:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Odundağ” yüksəkliyində baş verənlər Ermənistanın gücsüzlüyünün əyani nümunəsi hesab edilə bilər

Şəxsi heyətin fiziki-mənəvi hazırlığına, peşəkarlığına, maddi-texniki bazasına və müasir silah-sursatla təchizatına görə Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusudur. Silahlı Qüvvələrimiz indiki səviyyəsinə ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətinə qayıdışından sonra, daha dəqiq desək, 1993-cü ildən başlayaraq Azərbaycanda həyata keçirilən hərtərəfli islahatlar sayəsində çatıb. Ulu öndər o zaman ölkədə sabitliyin möhkəmləndirilməsi, bütün sahələrdə inkişafın sürətləndirilməsi üçün atəşkəs sazişinin imzalanmasının zəruriliyini bildiyindən, bu istiqamətdə ciddi səylər göstərməyə başlayıb. Bu dövrdə Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarıb.

Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulub, 2008-ci ilin sonundan bu əməliyyat planının ikinci mərhələsi başlanıb. Bu əməkdaşlıq çərçivəsində il ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edib, ən son hərb yeniliklərini mənimsəyiblər. 1997-ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri də NATO standartlarına keçib, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra sülhməramlı tabor NATO xətti ilə həyata keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edib, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına əsgəri dəstək veriblər. İndi də bu proses davam etdirilməkdədir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyev də ordu quruculuğunu davam etdirərək Silahlı Qüvvələrimizin daha müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu yaradılmasına nail olub. Beləliklə də Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanmaq gücünə sahiblənib. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir. Digər tərəfdən, Azərbaycan Ordusunun gücü, düşmən üzərində qeyd-şərtsiz üstünlüyə sahib olması cəbhə xəttində baş verən təxribatların qarşısının alınması prosesində də özünü büruzə verir. Atəşkəs müqaviləsinin şərtlərini dəfələrlə pozan, müxtəlif təxribatlar törədən, ön xətdəki mövqelərimizə soxulmağa çalışan Ermənistan ordusu hər zaman tutarlı cavab alaraq geri çəkilir, çoxsaylı canlı itkiyə məruz qalır. Təkcə 2015-ci ilin avqust ayında, eləcə də ondan sonra ermənilərin yenidən təxribata əl atmaları, birinci halda çoxsaylı canlı itki vermələri, ikinci halda canlı itki ilə yanaşı hərbi vertolyotlarını itirmələri buna əyani sübutdur.

Bu günlərdə cəbhə xəttində baş verən daha bir hadisəni də Azərbaycan Ordusunun gücünün göstəricisi kimi qiymətləndirmək olar. Hərbçilərimizin səyi nəticəsində Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyi Silahlı Qüvvələrimizin nəzarətinə keçib. Bununla da ətraf erməni ərazilərinin hərbçilərimiz tərəfindən asanlıqla müşahidə edilməsi mümkün olub. Strateji əhəmiyyət daşıyan bu postun itirilməsi düşmən tərəfində böyük narahatçılıqla qarşılanıb. Bundan irəli gələrək onların atdığı bütün addımlar heç bir nəticə verməyib, düşmən geri çəkilmək məcburiyyətində qalıb. Azərbaycan Müdafiə Nazirliyinin də təsdiq etdiyi bu xəbər birmənalı olaraq onu deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz bütün hallarda döyüş şəraitinə nəzarət edir, düşmən üzərində böyük üstünlüyə malikdir.

Eyni zamanda bu kimi faktlar həm də onun sübut edir ki, ordumuz Ermənistan işğalı altındakı Azərbaycan ərazilərini istənilən an azad etməyə, Ali Baş Komandanın hər bir tapşırığını yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir. Lakin Azərbaycan sülhü, əmin-amanlığı, bəşəri dəyərləri dəstəkləyən dövlət kimi Dağlıq Qarabağ probleminin ədalətli həlli, işğal altındakı torpaqlarımızın azad edilməsi üçün aparılan sülh danışıqlarına sadiqlik nümayiş etdirir. Bu münaqişənin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk qrupunun, onun həmsədrlərinin keçirdiyi görüşlərə, aparılan danışıqlara səbirlə və ümidlə yanaşır. Amma Azərbaycan xalqının, dövlətinin səbri də tükənməz deyil. Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, əgər sülh danışıqları heç bir nəticə verməyəcəksə, Azərbaycan suveren hüququndan istifadə edərək hərbi yolla torpaqlarını işğaldan azad edəcək. İndiyə qədər düşmən üzərində üstünlüyümüz, cəbhə xəttində ermənilərin təxribatlarına artıqlaması ilə cavab verilməsi, ən son olaraq da “Odundağ” strateji yüksəkliyinin hərbçilərimiz tərəfindən ələ keçirilməsi buna qətiyyən şübhə yeri qoymur.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev də Azərbaycan Silahlı Qüvvələrinin ötən illər ərzində peşəkarlığını dəfələrlə artırdığını, düşmən üzərində böyük üstünlüyə sahib olduğunu bildirib. O, NATO ilə, həmçinin Türkiyə, İsrail, Pakistan, Ukrayna və sair ölkələrlə hərbi əməkdaşlıq əlaqələri çərçivəsində ordumuzun maddi-texniki bazasının daha da gücləndiyini, müasir silahlara sahib olduğunu, eyni zamanda Azərbaycanın öz hərbi sənayesini inkişaf etdirdiyini də diqqətə çatdırıb. Qeyd edib ki, bütün bunlar, genişmiqyaslı ordu quruculuğunun əsas hədəfi, məqsədi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin hərbi yolla geri qaytarılmasıdır. Millət vəkilinin sözlərinə görə, Ermənistan sülh danışıqlarındakı qeyri-konstruktiv mövqeyini dəyişməyəcəyi halda Silahlı Qüvvələrimiz qətiyyətlə öz sözünü deyəcək: “Ermənistan siyasi rəhbərliyi proseslərdən düzgün nəticə çıxarmır, öz hakimiyyətini qorumaq üçün münaqişə zonasındakı status-kvonun dəyişilməz olaraq qalmasına, bununla da işğalçılıq niyyətini davam etdirməyə çalışır. Təbii ki, bu, yolverilməzdir. Azərbaycan uzun müddət Ermənistanın bu mövqeyinə dözümlülük nümayiş etdirə bilməz. ATƏT-in Minsk qrupunun həmsədrləri, münaqişənin sülh yolu ilə həllinə bilavasitə məsul olan böyük dövlətlər bu reallıqları anlamalıdırlar. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən icrası üçün bu dövlətə təzyiq edilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Heç bir halda biz torpaqlarımızın işğalı ilə barışmayacağıq. Azərbaycan ordusunun günü-gündən gücləndirilməsi, müasir silah-sursata sahiblənməsi də bu barışmazlıqdan irəli gəlir. Sülh danışıqları öz bəhrəsini verməsə, gec-tez bu silahlar istifadə olunacaq, beynəlxalq hüququn bizə tanıdığı imkanlar çərçivəsində torpaqlarımız işğaldan hərb yolu ilə azad olunacaq. Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin ələ keçirilməsi, düşmənin çoxsaylı təxribatlarının qarşısının alınması və sair bu kimi hadisələr bir daha göstərir ki, ordumuz qarşısına qoyulacaq şərəfli missiyanı həyata keçirməyə qadirdir”.

Rufik İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed