Şrift:
Binəqədidə və Qaradağda köhnə, qəzalı evlər söküləcək
28.01.2016 [15:14] - Gündəm, Sosial, Bildiriş
Bakının Binəqədi rayonunda 49 çoxmənzilli yaşayış binası, 166 fərdi yaşayış evi, Qaradağ rayonunda 274 qamış və taxta yaşayış binası söküləcək.

Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı Azərbaycanın baş naziri Artur Rasi-zadə “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərar verib.

Qərara əsasən, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti 5 il müddətinə bır sıra tədbirlər həyata keçirməlidirlər. Həmin tədbirlər mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Binəqədi rayonu üzrə 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binalarının, həmçinin Biləcəri bələdiyyəsi ərazisində yeraltı qaz sızması aşkar olunmuş zonadakı 166 fərdi yaşayış evinin və Qaradağ rayonunun Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 10960 nəfər yaşayan 274 qamış və taxta yaşayış binalarının, habelə Binəqədi və Qaradağ rayonları ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini nəzərdə tutur.

Bununla yanaşı, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan, söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması işləri həyata keçirilməlidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödəniləcək və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər ayrılacaq.

Görülmüş işlər barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed