30.01.2016 [11:22] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Məşhur xeyriyyəçi Bakı milyonçusu
Zeynalabdin Tağıyevin ruhuna
…Zeynalabdin Tağıyevin ruhuna
Böyük əməllərin yaşar ellərdə,
Adın nəsil-nəsil gəzər dillərdə,
Sən xalqın, millətin dayağı oldun,
Bu ana Vətənin mayağı oldun.
Yurduna sərf etdin varı, sərvəti,
Künclərə dürtmədin pulu, dövləti.
Atalıq eylədin imkansızlara,
Fəqir-füqəraya çox kamsızlara.
Çəkdin şollar suyun Bakıya bir vaxt,
Su deyən dilləri eylədin xoşbaxt.
O qız gimnazyanın adı ucaldı,
Mövhumat üstündə qələbə çaldı.
Teatr, dəyirman, fabrika açdın,
Millətin qəlbində günəştək saçdın.
İlahi tökdükcə başına pulu,
Sən onun əyilib olmadın qulu…!
Millət atasıtək tanındı adın,
Ucuz təriflərə əsir olmadın.
Şimaldan cənuba gəzdi sorağın,
Yandı məmləkətdə qeyrət çırağın.
Tikdiyin binalar Bakının gözü,
Hər biri tarixdi bunların özü.
***
Ey Vətən aşiqi, millət dayağı,
Varmı xeyriyyəçi səninsayağı?
Sərf etsin varını, pulunu elə,
Həkk olsun əbədi ağıza, dilə.
Sən ellər atası, ellər sevinci,
Millətin içində parlayan inci.
Pulunla, varınla öyünmədin heç,
Yabançı hisslərlə döyünmədin heç.
Vətənə xidmətdə oldun əbədi,
Qurdun könüllərdə sevda mə’bədi.
***
İmperya çökəndə istiqlal gəldi,
Bayraqlı-ulduzlu pak hilal gəldi,
Fəqət bu səadət çəkmədi uzun,
Keçdi caynağına ölkə quduzun…
Vətənin üstünü aldı fəlakət,
Bir gün yasa batdı ana məmləkət.
Torpaq da, diyar da çox qanlar içdi…
Qırmızı terrorun əlinə keçdi.
Varını taladı gədə-güdələr,
Elə çalışdılar zülüm edələr.
Mərdəkanda bağa sığındın o vaxt,
Qaldın cəlladların əlində bivaxt.
Canına toxunub dəyməsələr də,
Üzdə mənliyini əyməsələr də,
Könlünün sutunu uçdu töküldü,
Bütün diləklərin içdən töküldü.
Sən atıb getmədin yurdu, Vətəni,
Qucdu ana torpaq müqəddəs təni.
Məzarın Mərdəkan elində yatır,
İşığın günəşin özünə çatır.
Bir el atasıtək dillərdə qaldın,
Tarixin özünə sən zəfər çaldın.
03. 11. 2004
Şirin Xanım Kərimbəyli Şadiman
Bu xəbər oxucular tərəfindən 1040 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |