Şrift:
İstedadlı və yaradıcı gənclər mükafatlandırılıb
03.02.2016 [10:14] - Gündəm, Gənclik
Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin Nizami Kino Mərkəzində mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Şəmkir şəhərinin 2016-cı il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan olunub.

Mərasimdə Milli Məclisin deputatları, Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif sahələrdə fərqlənən gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycan gəncliyindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək əlamətdar gün münasibətilə gənclərə təbriklərini çatdırıb. Nazir bildirib ki, hər il fevralın 2-si ənənəvi olaraq Azərbaycan gəncliyi, həmçinin Gənclər və İdman Nazirliyi üçün hesabat günüdür. İyirmi il əvvəl bu tarixdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə müstəqilliyini yeni bərpa edən Azərbaycanda gənclərin birinci forumu keçirilib. Bununla da Ulu Öndər gəncləri ölkənin həyatında, dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında fəal iştiraka çağırdı, onların rolunu xüsusi vurğuladı. Azərbaycan gəncliyi də bu çağırışa layiq olduğunu fəaliyyəti ilə təsdiq edib. Bu müddətdə gənc nəslin mənəvi və fiziki sağlamlığı möhkəmlənib, onların təhsili, yaradıcılıq və təşəbbüskarlığı, iştirakçılığı artıb.

A.Rəhimov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Bu sahədə ardıcıl və davamlı layihələr həyata keçirilir. Hüquqi baza və infrastruktur formalaşıb və təkmilləşir, yeni iştirakçılıq formaları yaranır, gənclərin beynəlxalq əməkdaşlığı güclənir. Gənclərlə bağlı icra edilmiş iki Dövlət Proqramı 2025-ci ilədək dövrü əhatə edir. Gənclərin inkişaf strategiyası bütün kateqoriyalardan olan gənclərin maraqlarını diqqətdə saxlayıb, onların yaxından iştirakı ilə reallaşıb.

Nazir bildirib ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bir qrup gənclə görüş keçirib. Prezidentin gənclərə göstərdiyi diqqət hər birimiz üçün həm fərəh, həm də məsuliyyət və çağırışdır.

A.Rəhimov deyib: “2015-ci il gənclərimiz üçün işgüzar, uğurlu, xoş həyəcan və iftixarla dolu il olub. Azərbaycanda keçirilən ilk Avropa Oyunları təkcə mötəbər idman yarışı deyil, böyük tarixi-mədəni bayrama çevrildi. Oyunlar ölkəmizin və xalqımızın unikallığını, dövlət rəhbərinin siyasi iradəsini və nüfuzunu, dövlətimizin iqtisadi gücünü, əməli işini, etibarlı tərəfdaşlığını nümayiş etdirdi. Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın xüsusi diqqəti, yorulmaz fəaliyyəti nəticəsində birinci Avropa Oyunları bu hərəkatın tarixinə yüksək zövq, qüsursuz idarəetmə, səmimi münasibət, sülh və dostluq oyunları kimi yazıldı. Bir sözlə, Bakı-2015 əsl Olimpiya prinsiplərini yaşatdı. Bu böyük qələbədə gənclərin də payı var idi. Həm idmançılarımızın mətin mübarizəsi, həm də könüllülərin hazırlığı, təmənnasız fəaliyyəti, qonaqpərvərliyi hamı tərəfindən yüksək qiymətləndirildi”.

Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının 2015-ci ildə də yüksək səviyyədə davam etdirildiyini, gənclərimizin beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayan nazir ötən il ümumilikdə gənclərlə iş sahəsində 91 tədbirin keçirildiyini bildirib. Qeyd edib ki, onlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli olub.

Sonra 2016-cı il gənclər üçün Prezident mükafatlarına layiq görülmüş şəxslər təltif ediliblər.

Ölkəmizdə dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərənlərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı” ilə təqdim olunub.

Daha sonra Şəmkir şəhərinin 2016-cı il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan olunub. Bildirilib ki, www.genclerpaytaxti.az saytında keçirilmiş onlayn səsvermədə üç minədək insan iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev şəhərin rəmzi açarını Şəmkir rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılova təqdim edib.

Sonda tanınmış incəsənət ustalarının konserti olub.
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed