Şrift:
Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
09.02.2016 [10:10] - Gündəm, Gənclik, DAVAMın yazıları
Bu gün hamı məktəbdən danışır. Bu gün, demək olar ki, bütün valideynlər məktəbə nəzarət edir. Təəssüf ki,hamı təhsilimizə kömək edə bilmir.


"Molla Nəsrəddin " jurnalının sovet dövründə çıxan nömrələrinin birində maraqlı və düşündürücü bir karikatura var: şagirdin belunə, səhv etmirəmsə,18 qalın kitab yüklənib.Karikatura oxuculara "Orta məktəbdə oxunan elmlər -Дисиплины для средней школы "adı ilə təqdim olunmuşdur.

Yazıq şagird bu yükün altında irəliləmək , qabağa yönəlmək istəyir,amma bacarmır. Bu kitabların cərgəsində birinci yerdə " Арифметика (Hesab -N.N.)" dərsliyidir.

Yеri gəlmişkən qeyd edək ki,karikaturada bütün dərsliklərn adı rus dilində verilmişdir.
Karikaturadakı sonrakı ardıcıllıq belədir:"АЛГЕБРА","История Греци", "История Рима", "История Франции","Психометрия", "Общая психология", "Психология народов ","Психология толпы ", "Псхология мужчины", "Психология женшины " , "Психология черепах" и др .

Göründüyü kimi burada orta təhsil üçün vacib olan fənlərin bir neçəsinin - "Ana dili", "Biologiya" və "Coğrafiya"nın adı belə çəkilmir.
Keçilən fənlərin çoxu psixologiyaya aiddir.
Bu dərs kitablarının adının psixologiya ilə bağlılığı hər halda psixoloji məsələdir.

"Molla Nəsrəddin"in iixtisasca kənd ibtidai məktəb müəllimi olan redaktoru Cəlil Məmmədquluzadənin (1869-1932) bununla nə demək istədiyi müxtəlif fikirlər doğura bilər. Hər halda C.Məmmədquluzadə və onun məsləkdaşları orta təhsilin təəssübünü çəkir, söz içində söz deyirdilər.

Yeri gəlmişkən onu da qeyd edək ki, C.Məmmədquluzadənin müəllimlik attestatı ona ancaq ibtidai məktəblərdə dərs demək hüququ verirdi.
Qori şəhərində açılan Zaqafqaziya Müəllimlər Seminariyası məzunlarının heç birinin yuxarı siniflərdə dərs demək səlahiyyəti yox idi.
Seminariyanı bitirmiş məzunların hamısı ancaq kənd ibtidai məktəbilərindən işləməyə hazırlanmış kadrlar idi. Ancaq seminariyanın Nəriman Nərimanov,Mustafa Mahmudov, Üzeyir Hacıbəyov və bir neçə digər məzunu özlərinə şəhərdə iş tapa bilmişdilər.Bu, özü bir qəhrəmanlıq idi.
Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş kənd müəllimləri təhsilimizin tarixində əhəmiyyətli iş görürdülər; onlar müəllim işlədikləri kəndin adət-ənənələrini,dialekt xüsusiyyətlərini,etnoqrfiyasını öyrənir, dövri mətbuatda ana dilində və rus dilində məqalələrlə çıxış edir, məcmuə və almanaxlarda oxucuların mütaliə dairəsinə yönələn yazılarla diqqəti cəlb edirdilər.Seminaristlərin cərgəsində rus və Avropa təhsilindən səmərəli istifadə edərək, Azərbaycan və türkdilli ölkə şagirdləri üçün dərslik və ədəbiyyat müntəxəbatlarıı, tərcümə lüğətləri yazanlar da var idi. Bütün bunlar müəllimin cəmiyyətdəki rolunun əhəmiyyətini başa düşməkdən irəli gəlirdi.

Əcəba, bəs ali təhsilli bugünkü müəllim kadrlarımız bu gün təhsilimizin idarə olunmasında, tədrisin ararılmasında niyə Qori Müəllimlər Seminariyası məzunlarının gördüyü işi görə bilmirlər.?

Təhsilin idarə olunmasının birinci, ön sırada getməli olan əsgərləri məhz orta məktəb müəllimləri olmalıdırlar.

Bu gün orta məktəb dərsliklərində şagirdlərimizə lazım olmayan o qədər mövzular var ki,onları sadalamaqla qurtarmaz.Müəllimlərimi,söz yox ki, bunları görürlər,ancaq susurlar. Bəlkə də başlarını ağrıtmaq istəmirlər. Bu gün təhsil sahəsinin bütün əməkdaşları tutduğu mövqedən asılı olmayaraq, "Molla Nəsrəddin "jurnalının haqqında söz açılan karikaturasından nəticə çıxarmalıdırlar. Təhsil ümumxalq işidir. Təhsilin idarə olunmasında hamı iştirak etməlidir.Orta məktəb müəllimlərinin səlahiyyətləri artırılmalı,onların cəmiyyət üçün həmişə gərəkli ola biləcəyi dərk olunmalıdır.Yaş senzinə görə onları təhsildən uzaqlaşdırmaq təhsil təşkilatçılarına heç də başucalığı gətirmir.
Bugünkü təhsilimizin ən böyük problemi dərslik problemidir. Bu problemin öyrənilməsi bu məsələni dərindən öyrənməyi tələb edir.
Milli təhsilə önəmli yer verilməlidir.
Dünya təhsil sisteminin xeyirli və əhəmiyyətli təcrübəsi sistemli şəkildə öyrənilməlidir.Təhsiin həyatla əlaqəsinə ciddi fikir verilməlidir.Fikrimizi bir-iki nümunə ilə aydınlaşdırmaq istəyirik.

Fizika fənnini öyrənən şagird elektrik ütüsünü təmir edə bilmir. Mənzildə su kranı xarab olanda orta məktəbin 10-11 sinif şagirdi ailəyə "kömək edir" : evə usta çağırır. Halbuki orta məktəbin yuxarı sinifşagirdi bu işi özü bacarmalıdır.

Orta məktəbdə biologiya və botanika öyrənən kənd məktəbi şagirdləri praktik təcrübələr aparmaqda şətinlik çəkirlər.Onların çoxu cır meyvə ağaclarını calaq edə bilmir.

İndi orta məktəb şagirdlərimizin çoxunun leksikonundakı sözlərin sayı, bəlkə də 1500-2000-dən çox deyil. Şagirdlərimizin çoxu elmin inkişafı üçün bizə çox gərəkli olan rus dilini bilmir.
Orta məktəblərdə ingilis dilinin öyrənilməsi əsasən test tapşırıqlarını düzgün yazmağa yönəldilmişdir.Orta məktəblərimizdə ingiliscə şeir yazan şagirdlərimiz, demək olar ki,yoxdur.(Şeir yazmaq- dili bilmək deməkdir).

Orta məktəblər üçun yazılan dərsliklər sadələşdirilməlidir.
Dərslik müəllifləri onlara verilən yaxşı imkanlardan səmərəli və təhsilin lazım olan məqsədinə yönəlmiş şəkildə istifadə etməlidirlər.Amma bəzən müəlliflər dərsliyi elmi mübahisə meydanına çevirirlər.

Unutmaq lazım deyil ki,elmi mübahisənin başqa meydanları var.

Azərbaycanın təhsil tarixində dərsliklərin hazırlanmasında gözəl ənənələr var.

Bu dərsliklərin çoxunu XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində məhz orta və ibtidai məktəb müəllimləri yazmışlar.Onların bu xidmətləri həmişə dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.Bu münasibər bu gün də özünü göstərməlidir.

Dərslik işində təsadüfi adamlara meydan,özü də geniş meydan verilməməlidir.


Orta məktəb şagirdlərə bir neçə fənnin həyatda hər insana lazım olan məsələlərini öyrətməlidir.

Belə olacağı təqdirdə təhsilimizin üfüqləri hər tərəfdən aydın görünə bilər.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
TQDK-nın Azərbaycan dili üzrə eksperti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Bakı-Qəbələ,
06.02.2016.
Bu xəbər oxucular tərəfindən 1033 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed