Şrift:
Bizi addım-addım xərçəngə aparan qidalar
16.02.2016 [10:08] - Gündəm, Sağlıq
Bu gün “fast food”, dönər və s. kimi qidalar, o cümlədən, enerji içkiləri insanlar tərəfindən geniş istifadə olunur, lakin əksəriyyət bu qidaların insan orqanızmi üçün nə qədər zərərli olduğundan, hətta onkoloji xəstəliklərə yol açdığından xəbərsizdir, ya da fərqinə varmır.

Məsələyə münasibət bildirən Leyla Şıxlinskaya Klinikasının baş həkimi, invaziv qastroenteroloq, hepatoloq İlqar Alışov bildirib ki, insanların bu kimi qidalardan geniş istifadəsi son dövrlərdə mədə-bağırsaq xəstələrinin sayının xeyli artmasına səbəb olub.

İ.Alışov deyib ki, gənclərin “fast food” qidalarından daha çox istifadə etməsi və təbii qidalara üstünlük verməməsi mədə-bağırsaq sistemində kəskin xoralar, iltihabi proseslər yaradır və beləliklə, mədə-bağırsaq xəstələrinin, o cümlədən qaraciyər xəstələrinin sayı artır.

Həkim, xüsusən gənclər tərəfindən geniş istifadə olunan dönərin mədəyə xeyli ziyan olduğunu da qeyd edib. O bildirib ki, dönər hazırlamaq üçün əti qızardan zaman yaranan ərp xərçəng xəstəliyi riskini artırır.

İ.Alışov bu məsələlərlə bağlı tövsiyələrini də verib: "İnsanlar “fast food” qidalarından daha az istifadə etsinlər, daha çox təbii qidalardan, o cümlədən meyvə-tərəvəzdən istifadə etməyə üstünlük versinlər. Kökəlməməyə diqqət edilməlidir. Çünki köklük mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biridir”.

İ.Alışov, həmçinin energetik içkilərdən istifadə etməməyi tövsiyə edib. O, qeyd edib ki, bu içkilər mədəyə ciddi ziyan vurur.

Bununla yanaşı, qastroenteroloq mədə-bağırsaq xəstəliklərinin gəncləşdiyini də diqqətə çatdırıb: “Əvvəllər xora xəstəliyini 5, 6, 12 yaşda müşahidə edirdiksə, indi bu xəstəlikləri 2-3 yaşlı uşaqlarda da müşahidə edə bilirik. Burada irsi amillər də mövcuddur. Dəfələrlə rastlaşmışam ki, atada, babada və nəvədə eyni xora xəstəlikləri və çoxunda da irsi olaraq eyni yaşlarda müşahidə edilib. İndiki qidalanma nəticəsində isə bu xəstəliklərə daha erkən yaşlarda rast gəlirik”.
Bu xəbər oxucular tərəfindən 1094 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed