Şrift:
Qohum evliliyinin müsbət tərəfləri də var
19.02.2016 [10:04] - Gündəm, Sağlıq
Qohum evlilik məsələsi daim cəmiyyətdə müzakirə və mübahisə mövzusuna səbəb olub. Bir qrup insan qohum evliliyi məqsədəuyğun hesab etsə də, digərləri bunun düzgün olmadığı qənaətindədirlər.

Məsələyə münasibət bildirən həkim-genetik Eldəniz Bayramov deyib ki, istər qohum evlilik olsun, istərsə də yad evlilik - hər ikisinin müsbət və mənfi tərəfləri var.

Onun fikrincə, qohum evlilik o zaman məsləhət görülmür ki, onların nəslində hansısa bir irsi xəstəlik var: “Belə olan halda yad evliliyə üstünlük verilməsi daha məqsədəuyğundur. Ancaq əgər nəsildə irsi xəstəlik yoxdursa, qohum evlilik heç bir problem yaratmır. Əgər nəsil sağlamdırsa, niyə də qohum evlilik olmasın?! Hətta qohum evliliyin bir üstün cəhəti var - bəzən elə olub ki, nəsildə hansısa istedad olub və həmin istedad nəsildən-nəslə daha yaxşı üzə çıxıb”.

E.Bayramov bildirib ki, yad evliliyin mənfi cəhəti isə odur ki, insan yad bir nəslin nümayəndəsi ilə evlənirsə, həmin nəsildə olan xəstəliklər bu nəsilə də ötürülə bilər: “İstər qohum evlilik olsun, istərsə də yad, hər ikisində məsləhət almaq vacibdir. Digər tərəfdən, ola bilər ki, ailə quran cütlüklərdən hər hansı biri vaxtilə hansısa xəstəlikdən əziyyət çəkib. Bu zaman uşaqlar da bu xəstəlikdən əziyyət çəkə bilər”.

Evlənməzdən öncə bir sıra yoluxucu xəstəliklərdən müayinənin artıq qanuni şəkildə qüvvədə olduğunu xatırladan E.Bayramov deyib ki, bu, çox vacib məsələdir. Lakin həkim hesab edir ki, evlənən zaman yoluxucu xəstəliklərin yoxlanılması ilə yanaşı, genetik məsləhət alınması da yaxşı olardı: “Tutaq ki, qadın rezus mənfidir və müsbət rezuslu kişi ilə ailə qurur. Bu zaman əgər uşaq müsbət rezusla olarsa, bu, uşağın ana bətnində tələf olması, qan azlığı ilə doğulması, hətta bəzi hallarda qan xəstəlikləri ilə doğulmasına səbəb ola bilər”.

Həkim-genetik evlənən zaman qan qruplarına diqqət yetirilməsini də məsqsədəuyğun hesab edir. Onun fikrincə, əgər qadının qanı birinci qrupa aiddirsə, onun elə birinci qrup qanı olan kişi ilə evlənməsi məsləhətdir ki, uyğunsuzluq olmasın: “Əgər qadının qanı 2-ci qrupdursa, 2-ci qrup qanı olan kişi ilə, 3-cü qrupdursa, 3-cü və 1-ci qrup qanı olan kişi ilə, 4-cü qrupdursa, 4-cü və 1-ci qrup qanı olan kişi ilə ailə qura bilər. Əgər kişinin qan qrupu birdirsə, problem olmur, əgər 2-ci qrupdursa, yaxşı olar ki, 1-ci və 2-ci qrup qadınlarla ailə qursun, 3-cü qrupdursa, 1-ci və 3-cü qrup qanı olan qadınla ailə qura bilər, 4-cü qrupdursa, hansı qrupla evlənsə problem olmaz”.
Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed