Şrift:
İran rejimi hakimiyyətini qorumaq məqsədilə bəzi manevrlər hazırlayıb
05.10.2011 [11:20] - Güney Azərbaycan-Təbriz
Məlum olduğu kimi, son 15 ildə İran rejimi hakimiyyətini qorumaq məqsədilə bəzi manevrlər etməyə başladı.
Məlum olduğu kimi, son 15 ildə İran rejimi hakimiyyətini qorumaq məqsədilə bəzi manevrlər etməyə başladı. Rejim əhalinin əksəriyyətinin bu hakimiyyətə nifrət etdiyini açıq şəkildə hiss edərək Məhəmməd Xatəmini islahatçı və liberal olaraq xalqa sırımağa nail oldu. Xatəmi prezident seçilmədən öncə ölkədə ciddi islahat aparacağına söz versə də seçiləndən sonra verdiyi vədlərin heç birinə əməl etmədi. Xatəmi seçki öncəsi İranda qeyri fars millətlərin milli haqqlarını konstitusiya çərçivəsində həll edəcəyinə söz vermişdi. Lakin qısa müddət içində məlum oldu ki, Xatəmi İran hakimiyyətində islahat aparmaq yox, İranda gizli fəaliyyət göstərən islahat və demokrasi tərəfdarlarını uzə çıxarıb neytrallaşdırmaq məqsədi güdürmüş. Xatəmi zamanında İranın daxilində olan müxalifətə qarşı ciddi təzyiqlər, zəncirvari gizli qətllər, terror və həbslər daha da gücləndi.

İran hakimiyyəti ölkə əhalisinin 52%-ni təşkil edən Güney Azərbaycan və İran türklərindən, onların milli azadlıq mücadiləsindən hər zaman təhlükə hiss edib. Rejimin Məsləhət Şurasının hazırladığı plan əsasında Xatəminin, bu günkü yaşıl hərəkatçılar vasitəsilə Güney Azərbaycan milli hərəkatını və İranda qeyri-fars millətlərin milli azadlıq mübarizələrini İranda islahat tərəfdarlarına qoşmaq və onların hansı gücə malik olduqlarını öyrənib məhv etmək məqsədi olub. 2006-ci il 22 may tarixində reimin rəsmi qəzetlərindən biri olan “İran” adlı qəzetdə türkləri təhqir edən karikaturanın çap olunması məkrli siyasətin bir hissəsi idi. Həmin tarixdə Güney Azərbaycanın bütün şəhər və kəndlərində milyonlarla Azərbaycan türkü İran rejiminin onlara qarşı təhqirinə dözməyərək ən azı 10 gün müddətinə etiraz aksiyaları keçirdi, minlərlə soydaşımız həbs olundu, yüzlərlə insan öldürüldü və yaralandı. Rejim bu sınaqda müəyyən qədər milli hərəkatın hansı gücə malik olduğunu anladı. Lakin rejimin bu planı özlərinin ürəyincə olmadı. İranda türklərin milli oyanışı daha da genişləndi. Eyni mahiyyətli planlar İranda Türkmən, Ərəb, Bəluç, kürd vilayətlərində də həyata keçirilib. İran rejimində təmsil olunan istər islahatçı, istər mühafizəkar, yaşıl hərəkatçı və ya solçu qruplaşmaların hamısının bir hədəfi var: rejimin ömrünü artırmaq. Aralarındakı ixtilaflar rejimi dağılma təhlükəsinə aparsa da onlar dərhal barışacaqlar ona görə ki, onların ixtilafı hakimiyyəti “kim idarə etsin” məsələsidir. 1979-80-ci ildə Güney Azərbaycanda Ayətullah Şəriətmədarinin və milliyyətçi ziyalıların rəhbərliyilə “Müsəlman xalq hərəkatı” yeni hakimiyyətə gəlmiş Xomeyni rejimindən İranda türklərin milli muxtariyyətini tələb edirdi. İranda tarix boyu bütün müharibə və inqilabların önündə gedən azərbaycanlıların bu tələbi panfarsist molla rejimini ciddi qorxuya salmışdı. Onların təbirincə desək İran parçalanma təhlükəsilə uzləşmişdi lakin rejimin yeni formalaşdırdığı inqilab keşikçiləri korpusu (sepahe psdarane enqelabe eslami) İranın bütün bölgələrindən toplanmış bir qrup cani və cinayətkardan ibarət silahlı dəstə və onlara rəhbərlik edən baş nazir Mir Hüseyn Musəvi, sonralar millət vəkili olmuş Əkbər Ələmi Azərbaycan “Müsəlman xalq hərəkatı”nın silah gücü ilə qarşısını aldılar. Nəticədə 5 min nəfərə yaxın azərbaycanlı vəhşicəsinə öldürüldü ki, onların içərisində hərbçilər, ziyalılar, tələbələr və sıravı insanlar da var idi. Xomeyni rejiminin məsləhətçiləri ruslar və ingilislər İranda separatçı meyllərin artdığını onların diqqətinə çatdıraraq bildirmişlər ki, əgər rejim ciddi tədbirlər görməsə İran yenidən türklərin əlinə keçə və ya parçalana bilər. Bununla da molla rejimi İranda fars olmayan millətlərə qarşı təzyiqləri artirmaqla yanaşı xususi xidmət orqanlarının vasitəsilə milli hərəkat fəalları arasında ixtilaflar salaraq onların enerjilərini bir-birinə qarşı çevirmək və öz təsirləri altına salmaq planları həyata keçirməkdədir. İranda son prezident seçkilərində rejim Mirhüseyn Musəvini islahatçı (Yaşıl Hərəkatçı) və Əkbər Ələmini azərbaycançı maskası ilə Güney Azərbaycan milli hərəkatına sırımağa çalışdılar. Lakin milli hərəkat fəalları rejimin bu planını anlayıb Mir Hüseyin Musəviyə və onun “yaşıl hərkatına” qoşulmadılar. Lakin Əkbər Ələminin İran parlamentində təmsil olduğu zaman azərbaycanlıların haqqlarını formal olaraq müdafiə etməsi və nəhayət millət vəkilliyindən uzaqlaşdırılması bəzi emosiyalı və təcrübəsiz milli hərəkat fəallarını onun ətrafına toplaya bildi amma çox çəkmədi ki, Əkbər Ələminin iç üzü aşkarlandı. Belə ki, milli hərəkat fəalları sınaq üçün Ələmilə sıx əlaqələr yaradaraq onunla bəzi məsələləri müzakirə edib və milli hərəkatın gizli fəaliyyətini, təşkilatlanma məsələlərini, maliyyə problemlərini onunla məsləhətləşiblər. Ələmi görüşlərin birində milli fəalların tanınmış simalarından birinə deyib ki, siz mənə ən etibar etdiyiniz və tam inandığınız fəalların siyahısını verin ki, mən imkanlarım daxilində onları müdafiə edə bilim. Təbrizdə kifayət qədər milli hərəkatda təcrübəsi olan və kimin kim olduğunu dəqiq bilən fəallar sınaq üçün milli hərəkat fəalları arasına ETTELLAAT tərəfindən ötürülmüş adamların adlarını Əkbər Ələmiyə vermiş və onlara çox etibar etdiklərini bildirmişlər. Bir müddət sonra Ələmi həmin siyahıda olan “Milli fəalları” ən etbarlı və həqiqi milliyətçi olaraq təbliğ etməyə başlamış bununla da Güney Azərbaycan milli hərəkatının aparıcı simaları Əkbər Ələmini İran rejiminin (ETTELAAT) və Sepahe pasdaranın milli hərəkata alternativ lider olaraq hazırladığı üzə çıxmışdır.
Son aylarda İran rejiminin daxilindəki ixtilafların dərinləşməsi Xamneyi ilə Əhmədinəjad arasında ciddi fikir ayrılıqları olsa da onlar “İslam hakimiyyətini” nə olursa-olsun qorumağa məcburdurlar ona görə ki, rejimin devrilməsi hər iki və ya üç qanadın ziyanınadır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepahın) komandiri Məhəmməd Əli Cəfəri dini lider Əli Xameneyiyə müraciət edərək prezident Mahmud Əhmədinejadın həbs olunmasını istəyib.
Bunu dini liderin nümayəndəsi Ayətullah Abdulnəbi Namazi bildirib. Onun sözlərinə görə, həbs sorğusu Xameneyini devirməyə cəhd etmiş bütün insanlarla bağlı verilib. Nəticədə dini lider Əhmədinejad istisna olmaqla, digər şəxslərin həbsinə «hə» deyib.
Namazinin sözlərinə görə, Əhmədinejad canını xəbərdarlıqla qurtara bilib: “Dini liderlə prezident arasında yaranmış fikir ayrılığı Əhmədinejadın istefası ilə nəticələnə bilər”.
Qeyd edək ki, İranda ali dini liderlə ölkə prezidenti arasında fikir ayrılığının olması ilə bağlı xəbərlər xeyli müddətdir dövriyyədədir. Kəşfiyyat naziri Heydər Moslehinin istefaya göndərilməsi ilə başlayan konflikt sonradan daha da böyüdü. Bir qədər sonra isə İranda yeni azğın cərəyanın olması ilə bağlı məlumatlar dövriyyəyə buraxıldı. Bu dəfə İran prezidentinin qudası və aparat rəhbəri (ötən seçkilərdə prezident müavini) Rəhimə Məşşayi və aparat rəhbəri hədəfə alındı. Son günlər yayılan xəbərlərdə əsas hədəf olaraq Məşşayi və prezident aparatı (dəftəre rəiscümhur) əməkdaşları göstərilir.
Ancaq göründüyü kimi, hələlik təhlükə Əhmədinejadın üzərindən keçməyib.
Baş verənləri İran siyasi elitasında növbəti bölünmə kimi dəyərləndirmək olar. “Rəfsəncani, Xatəmi, Musəvi, Kərrubi və digərlərinin hakimiyyət kursundan çıxmaları və baş verən hərəkat göstərdi ki, İranda hakim elita bölünüb. Bu bölünmə davam edir”.
Baş verənlər İranda siyasi böhranı qaçılmaz edir: “Əhmədinejad Xameneyinin dəstəyi ilə seçilmişdi, ikinci dəfə də seçilməsində dini liderin dəstəyi mühüm rol oynadı. Bu mənada onlar yaxın sayılırdılar, daha doğrusu Əhmədinejad Xameneyinin adamı sayılırdı. Əgər bu gün onlar arasında da ziddiyyət varsa, İranda siyasi böhranın olduğunu deyə bilərik”.
Konkret olaraq prezidentin istefası ali dini liderin iradəsindən asılıdır. Hətta istefa olmasa belə, İran siyasətində ciddi iz buraxacaq: “İranda ali dini liderin prezidentin fəaliyyətinə xitam verməsi presedenti var. Konstitusiyaya görə, rəhbərin prezidenti istefaya göndərmək hüququ var. Ancaq bu hüququndan istifadə edib-etməyəcəyini deyə bilmərəm. Hər halda bu, kifayət qədər ciddi məsələdir. Bu məlumatların dünya mediasına çıxması onu göstərir ki, İranda ciddi siyasi böhran yetişir. Yəni buna qədər olduğu kimi, iki cəbhə arasında rəqabətdən söhbət getmir. Artıq cəbhənin, yəni hakim qüvvənin öz daxilində belə bölünmə var. O biri qüvvələri, yəni ”Yaşıl hərəkat" və onun ətrafında olanları nisbətən liberal qüvvələr hesab edirdilər. Ancaq indi sərt hərəkat xəttinin özünün içində bölünmə var. Məncə, bu, İrandakı gəlişmələrlə bağlı ciddi bir siqnaldır".
Əlirza Amanbəyli
Bu xəbər oxucular tərəfindən 1874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed