Şrift:
Türkiyə və Azərbaycan diaspor təşkilatları soyqırımın 20-ci ildönümünü birgə anacaqlar
13.02.2012 [12:49] - Diaspor
Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Azərbaycan və Türkiyə diaspor təşkilatları hər il olduğu kimi bu il də dünyanı ayağa qaldıracaqlar. Dünyanın bir sıra dövlətlərində bu faciənin növbəti ildönümü anılacaq və diqqət erməni vəhşiliklərinə yönəldiləcək. Artıq Meksika və Pakistan senatlarında Xocalı soyqırımının tanınmasından sonra Türkiyə parlamentində də gündəmə gətirilib. Belə ki, MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. O, Xocalı soyqırımının tanınmasının vacibliyini vurğulayıb. Qanun layihəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı həyata keçirdiyinin tanınması və 26 fevral tarixinin Türkiyədə «Xocalı soyqırımını anım günü» elan olunması öz əskini tapıb. Bundan başqa layihədə Türkiyənin İğdır, Qars, Ərdəhan, Ağrı, İstanbul, Ankara, İzmir, Bursa, Kocaeli, Manisa bölgələrində Xocalı soyqırımı qurbanlarının abidə ucaldılması təklifi də yer alıb.
Amerikada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları isə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə məktub kampaniyası aparır. ABŞ azərbaycanlılarının şəbəkəsi USAN artıq beşinci ildir Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və media nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir. Bu illər ərzində Amerika qanunvericiləri məktublara cavablar göndərmiş, bəzi ştatların rəsmiləri bəyannamələr qəbul etmiş, məktubların mətni ABŞ-ın müxtəlif ştat və şəhərlərinin qəzetlərinin səhifələrində dərc edilib.
Amerika-Azərbaycan Şurası, Pax Turcica təşkilatı da Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə Konqres, federal və yerli hökumət orqanları və mətbuat nümayəndələrinə göndərmək üçün Amerikadakı Azərbaycan icmasının üzvləri arasında məktub kampaniyası aparır.
Məktublarda ABŞ və Azərbaycan arasında strateji müttəfiqliq əlaqələrinin mövcudluğu və Azərbaycanın terrorizmə qarşı mübarizədə ABŞ-ın yaxın müttəfiqi olduğu vurğulanır. «2012-ci ilin 26 fevral tarixi Azərbaycan xalqı üçün Anım Günüdür. Bütün amerikanlar həmişə 11 sentyabr hadisələrinin baş verdiyi səhər harada olduqlarını yada saldıqları kimi, bütün Azərbaycan xalqı da 1992-ci ilin fevral ayının 25-26-da harada olduqlarını həmişə yada salacaqlar».
Təşkilatçılar bildirib ki, terrorun qurbanı kimi Azərbaycan ABŞ-ın terrorla mübarizədə etibarlı müttəfiqidir, Azərbaycan sülhməramlıları Kosova, Əfqanıstan və İraqda amerikalılarla birlikdə xidmət edir.
Xocalı faciəsinin 20-ci ildönümü ərəfəsində ABŞ Azərbaycanlıları Şəbəkəsi və bütün Amerikada yaşayan azərbaycanlılar və onların dostları Konqresi bu faciəni tanımağa və anmağa və Ermənistana bu faciəyə görə məsuliyyəti üzərinə götürməyə və işğal altında olan Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmaq üçün təzyiq göstərməyə çağırıb.
Danimarkada fəaliyyət göstərən «Vətən» Cəmiyyətinin sədri Səfər Sadiqi və Cəmiyyətin təşkilat komitəsinin sədri Mehriban Əliyeva Türkiyə Cümhuriyyətinin bu ölkədəki səfiri Berki Dibekle görüşüb. Görüşdə Danimarkada fəaliyyət göstərən Azərbaycan və Türk cəmiyyətlərinin 2012-ci ildə birgə tədbirlərinin keçirilməsi, onlar arasında əlaqələrin gücləndirilməsi, ermənilərin yaydığı yalan informasiyaya qarşı güclərin səfərbər edilməsi məsələləri müzakirə olunub.
Görüşdə azərbaycanlı və türk gənclərin birgə toplantı və seminarlarının keçirilməsinin vacibliyini vurğulayan Mehriban Əliyeva bunun ermənilərin anti-Azərbaycan və anti-Türkiyə təbliğatına qarşı mübarizədə daha aktiv olmalarına zəmin yaradacağını deyib. Cəmiyyətin sədri Səfər Sadiqi Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar təşkilatın keçirəcəyi tədbir barədə danışıb və Türkiyə səfirini fevralın 25-də keçirilməsi nəzərdə tutulmuş tədbirə dəvət edib. Berki Dibek isə belə tədbirlərin keçirilməsinin erməni yalanlarının ifşasında mühüm rol oynadığını vurğulayıb. O, Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə «Vətən» Cəmiyyətinin keçirəcəyi tədbirə dəvətə görə təşəkkürünü çatdırıb və həmin tədbirdə iştirak edəcəyini bildirib.
Almaniyada fəaliyyət göstərən Huridə Atəşi də bildirib ki, Xocalı soyqırımının 20-ci ildönümü Türkiyə diaspor təşkilatları ilə birgə anılacaq. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı (ASAİF) Türkiyədə böyük yürüş-aksiya keçirəcək. Aksiyanın böyük miqyaslı olacağı gözlənilir: «Türkiyənin bütün şəhərlərində azərbaycanlı və Azərbaycanı sevən türk qardaşlarımız, həmçinin Avropa ölkələrində və dünyanın bir çox yerində Vətən sevgisi ilə yanan ürəklər 26 fevral 2012 tarixində məhz bu aksiya çərçivəsində İstanbulda Taksim meydanında Xocalı qətliamında şəhid olan həmvətənlərimizin əziz xatirələri üçün birləşəcək».
Fransa Senatında qondarma «erməni soyqırımı»nı inkar edənlərə 1 il həbs və 45 min avro pul cəzası müəyyənləşdirən qanun qəbul olunduğu xatırladan aksiya təşkilatçıları deyiblər ki, Xocalıda törədilənlər isə müasir tarixin ən ağır və insanlıq dəyərlərinə sığmayan bir vəhşilik aktı olmasına baxmayaraq dünya ictimaiyyəti hələ də yetəri qədər tanımır: «Məhz planlaşdırılan bu aksiya ilə dünya türkün gücünü və birliyini hiss edəcək». Aksiyaya Türkiyədə fəaliyyət göstərən onlarla gənclər və tələbə təşkilatları, ictimai birliklər, türk təşkilat və hərəkatları tam dəstək verməkdədirlər.
ASAİF-in sədri Orxan Əkbərov bildirib ki, dünya yəhudi soyqırımını pislədiyi kimi, hər kəs Xocalı soyqırımından da böyük dərs çıxarmalıdır. Çünki erməni deyilən virus bu gün dünyanın hər yerində var və bu gün «dost» ikən sabah soyqırım törədən bir topluluq şəklinə gələ bilirlər: «Bu bizə bir daha haqq verir ki, müasir tarixin ən dəhşətli və vəhşətli hadidəsi olan Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən qəbul olunsun. Hər il bu məqsədlə dünyanın müxtəlif erlərində yaşayan gənclərimiz bir araya gələrək müxtəlif yollarla (email hücumlar, konfranslar, aksiyalar, yürüşlər və s.) təbliğat işlərinə cəlb olunmuşlar.
Bu il də, bir sıra ölkələrdə bununla bağlı müvafiq tədbirlər nəzərdə tutulub. Litva, Latviya, İngiltərə, Fransa, İtaliya, Macarıstan, İspaniya, Hollandiya, Belçika, Türkiyə və s. ölkələrdə təbliğat xarakterli aksiya və tədbirlər planını qeyd edə bilərik. Bu il əsas diqqəti Xocalı soyqırımının Türkiyə Böyük Millət Məclisində rəsmi tanınması üçün İstanbulda təşkil edəcəyimiz on minlərin yürüş-aksiyanın üzərində cəmləşdirmişik. Digər ölkələrdə isə təhsil alan gənclərimiz, təhsil aldıqları universitetlərdə dəyirmi masalar, ictimai leksiyalar, bəzi şəhərlərdə isə sakit küçə aksiyaları keçirməklə dünya ictimaiyyətinin diqqətini bu hadisəyə çəkməyə çalışacaq». Orxan Əkbərov İstanbulda aksiyanın möhtəşəm keçiriləcəyindən də danışıb. Bildirib ki, aksiya çox geniş bir kütləni əhatə edən yürüş formasında təşkil olunacaq: «Bu aksiyanın Azərbaycan tarixində ölkə kənarında keçrilmiş ən böyük və səs-küylü aksiya olacağına ümid edirik. ASAİF olaraq biz, bu məsələnin təşkilati tərəfini və aksiyaya qatılacaq insanların yüzlərlə bayraq, posterlər, sloqanların yer alacağı plakatlar və digər promo materiallar ilə təchiz etməyi planlayırıq. Bu aksiya siyasi və digər baxışlarından aslı olmayaraq hər bir azərbaycanlının, türkün və özünü türk sayan hər bir insanın aksiyasıdır. Bu bizim ortaq yaramız və dünya ictimaiyyətinə həqiqi qiymət alması üçün çatdırmaq istədiyimiz sağalmaz yaramızdır. Mən əminəm ki, məhz bu aksiyada bütün Azərbaycanlı gənclər bir olacaq, bir məqsəd uğrunda İstanbulda, Taksim meydanında tək yumruq olacaqlar».
O, qeyd edib ki, aksiya İstanbulda təşkil olunsa da, dünyanın istənilən yerindən hər kəs sərbəst şəkildə aksiyaya qoşula bilər. Bu böyük yürüş-aksiyaya Türkiyə Azərbaycan Dərnəyi də qoşulacaq. Fevralın 25-də isə TAD Ankarada Xocalı soyqırımı qurbanlarını anacaq. İsveçdən Abdulla Amir Haşimi, İsveçrədən Rəşad Xasayoğlu, Türkiyədən Coşqun Topal, Navid Soltani də bu faciəni türk həmkarları ilə birgə anacaqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed