27.02.2016 [11:44] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
İrəvan yenidən Bakıya uduzdu
Fərəc Quliyev: “Tehran Ermənistan siyasətinə yenidən nəzərə salsa, onunla əlaqələrini kəssə, bundan ancaq udacaq”
Elman Nəsirov: “Prezidenti İlham Əliyevin İrana səfəri iki dövlət arasında əlaqə və münasibətlərin inkişafı üçün yeni imkanlar pəncərəsi açmış oldu”
Azerbaycan Prezidentinin İrana səfərindən sonra ölkələrimiz arasında olan dəmiryolu birləşdirilir. Bu proses 2016-cı ilin sonunda başa çatacaq. Nəticədə "Şimal-Cənub” dəmir yolu həm iki ölkəni, həm də Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək.
Bundan başqa, İran qazının Azərbaycan üzərindən Avropaya nəqli də nəzərdə tutulur. İqtisadi sahədə digər yaxınlaşmalar da var. Bir sözlə, İran üzərindən sanksiyaların götürülməsi fonunda iki qonşu ölkə arasında bütün sahələr üzrə əlaqələrin inkişaf templəri göz önündədir.
Tehranın Azərbaycanla əlaqələrinin intensivləşdiyi və daha dərin xarakter aldığı bir ərəfədə, İran qazının Ermənistandan nəqli, iki ölkə arasında dəmiryolunun çəkilməsi məsələsi isə təxirə düşür. Bu fonda gözləmək olarmı ki, İran Ermənistanla digər layihələrini də dondursun?
Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki, Tehran Ermənistan siyasətinə yenidən nəzərə salsa, onunla əlaqələrini kəssə, bundan ancaq udacaq: "Hesab edirəm ki, Azərbaycan İran üçün də daha sərfəli əməkdaşlıq edə bilən ölkədir. Ona görə qonşuluq siyasətində istənilən bir ölkə Azərbaycanla əməkdaşlıqda daha ciddi nəticələr əldə edə bilərlər. Bu mənada fikrimcə, İran Ermənistan məsələsində öz siyasətinə yenidən baxsa, onun özü üçün də daha yaxşı olar”.
Milli Məclis digər deputatı Elman Nəsirov qeyd etdi ki, Azərbaycan Prezidentinin İrana olan bu uğurlu səfərinin Ermənistanda həyəcanla qarşılanması ondan xəbər verir ki, Tehranla əməkdaşlıq məsələsində də İrəvan Bakıya artıq əhəmiyyətli dərəcədə uduzub və bu tendensiya davam edəcək: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına reallaşan rəsmi səfəri şübhəsiz ki, iki dövlət arasında əlaqə və münasibətlərin inkişafı üçün yeni imkanlar pəncərəsi açmış oldu. Burada geniş spektri əhatə edən məsələlər ətrafında müzakirələr keçirildi. Bu müzakirələrin məntiqi nəticəsi olaraq da çox mühüm sayılacaq 11 sənəd imzalandı. Həmin imzalanan sənədlər də təbii ki, iki dövlətin münasibətlərinin inkişafı baxımından olduqca əhəmiyyətlidir.
İmzalanan sənədlər sırasında heç şübhəsiz «Şimal-Cənub» Nəqliyyat Dəhlizi, yəni, onun işə salınması istiqamətində ən mühüm həlqələrdən biri olan Astara-Astara dəmiryolu xəttinin çəkilməsi mühüm hadisədir. Məhz bu həlqənin reallaşdırılması nəticəsində əslində, təkcə Azərbaycanla İran arasında dəmiryolu xətti deyil, bütövlükdə «Cənub-Şimal» dəhlizi fəaliyyət göstərməyə başlayır ki, bu da iki dövlət arasındakı münasibətlərin hüdudlarını aşır, regional, qlobal mahiyyət kəsb edir. Ona görə də Azərbaycan Prezidentinin həmin səfəri olduqca mühüm səfər idi. Bu səfərə qiymət verərkən, neft-qaz sektorunda, energetika sahəsində əməkdaşlıq məsələsi də olduqca əhəmiyyətlidir. Xüsusilə də bu məsələlərdə əldə olunan razılaşma təbii ki, nəticə etibarı ilə İranla Ermənistan arasında qaz nəqli, dəmiryolu xəttinin çəkilməsi kimi müzakirə olunan məsələləri böyük sual altına qoymuş olur.
Bu gün İranda praqmatik qüvvələr hakimiyyətdədir. Onlar Azərbaycan bazarının, iqtisadi potensialının, ölkəmizin regiondakı çəkisinin nə demək olduğunu və cırtdan Ermənistanın mövqeyi və potensialının nə demək olduğunu gözəl bilirlər. Ermənistanın müxalifət mətbuatı da Azərbaycan Prezidenti İlham Əliyevin İrana edilən uğurlu, çox məhtəşəm səfərindən yazaraq, həyəcanla qeyd edir ki, bu səfər İrəvan Tehran münasibətlərinin üzərindən faktiki olaraq, xətt çəkmiş olur və belədə bütün məsuliyyət Serj Sarkisyan rejiminin üzərinə düşür. Onun ləng, səriştəsiz siyasətinin üzərinə düşür.
Gördüyünüz kimi, təkcə bir səfər artıq Ermənistanda necə böyük həyəcanla qarşılanmaqdadır. Ona görə də hesab edirəm ki, bu səfər çərçivəsində əldə olunan razılaşmalar, imzalanan sənədlər energetika, neft-qaz, bank, sığorta, turizm, kənd təsərrüfatı sektorunda əlaqələrimizin inkişafı ilə bağlı çox unikal imkanlar yaranıb. Bu imkanların nəticələrini daha çox həcmdə bir müddətdən sonda hiss edəcəyik”.
Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |