Şrift:
Robert Badinter: «1915-ci il olayları ilə bağlı hər hansı beynəlxalq məhkəmənin qərarı yoxdur»
13.02.2012 [13:17] - Gündəm
Parisdə Cəza Hüququ İnstitutunda düzənlənən bir tədbirdə Fransa parlamentində qəbul edilən, ancaq bir sıra millət vəkilləri və senatorların Konstitusiya Şurasına təqdim etdikləri 1915-ci il olaylarıyla bağlı erməni iddialarının rəddinin cəzalandırılmasını nəzərdə tutan qanun müzakirə olunub. Ölkənin tanınmış hüquqşünaslarının bir araya gəldiyi müzakirədə Fransa Konstitusiya Şurasının keçmiş sədri Robert Badinter bildirib ki, bu qanun ermənilər də daxil olmaqla hər kəsdə məyusluq yaradacaq. Doqquz il Konstitusiya Şurasının sədri olan və bir müddət ədliyyə naziri vəzifəsini tutan Robert Badinter milli parlamentlərin tarixi mühakimə edə bilməyəcəyini, yarğı yetkisi olan qurumları əvəzləyəməyəcəyini söyləyib. 1915-ci il olayları ilə bağlı hər hansı beynəlxalq məhkəməninin qərarının olmadığına diqqəti çəkən Robert Badinter Fransa parlamentinə bu məsələdə mühakimə səlahiyyəti verilmədiyini vurğulayıb: «Keçən il senator kimi Senatın ümumi yığıncağında çıxışında bildirdim ki, qondarma soyqırımın inkarının cəzalandırılması ilə bağlı qanun qəbul olunsa və ona hər hansı etiraz olsa, onda 2001-ci ildə qəbul edilən «erməni soyqırımı»nın tanınması barədə qanunu da Konstitusiya Şurası qüvvədən düşmüş elan edəcək».
Qeyd edək ki, Fransanın məşhur tarixçisi Pierre Noranın rəhbərlik etdiyi «Tarix üçün Özgürlük Vəqfi», Sərhədsiz Jurnalistlər Təşkilatı ilə birlikdə qanuna qarşı çıxırlar.
Bu ərəfədə amerikalı rejissor Marti Kalaxan erməniləri özündən çıxaracaq maraqlı sənədli film çəkib. Bütün səylərə baxmayaraq ötən ilin sonlarında «Erməni üsyanı (1894-1920)» adlı filmin ABŞ telekanallarında nümayişinə icazə verilməyib. Film yayınına orada fəaliyyətdə olan erməni lobbisinin təsiri altında icazə verilməsə də, ABŞ konqresində nümayışı baş tutub. Bu ilin əvvəlində Türk Tarixi Təşkilatının yayım hüququ verdiyi sənədli film 4-dilə fransız, ərəb, ingilis və türk dillərində YouTube-da, eləcə də qurumun saytında yerləşdirilib. Qeyd edək ki, 2006-cı ildən başlayaraq araşdırma aparan amerikalı rejissor «Armenian revolt (1894-1920)» filmini ərsəyə gətirmək üçün dünyanın bir çox ölkələrinin tanınmış tarixçilərindən müsahibə alıb, həmin ölkələrin arxivlərindən istifadə etmək imkanı əldə edib.
Azərbaycanda isə Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Əhmədiyyə oğlu Cəbrayılov qəhrəmanın yaxın qohumları adından Fransa Senatına, Fransanın prezidentinə və Fransanın Konstitusiya Şurasına məktub göndərib. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, məktubun bir nüsxəsi quruma təqdim edilib. Məktubda deyilir: «İkinci dünya müharibəsi illərində faşist Almaniyası tərəfindən işğal edilmiş Fransanı azad etmək uğrunda aparılan mübarizədə göstərdiyi qeyri-adi şücaətlərinə görə Fransanın Milli Qəhrəmanı adına layiq görülmüş, hərbi paradlarda generallardan irəlidə addımlamaq hüququ əldə etmiş Əhmədiyyə Cəbrayılovun ən yaxın qohumları olaraq biz Senatda uydurma «erməni soyqırımı»nı inkar etməyə görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulundan son dərəcə məyus olduq. Şarl De Qollun «Quraje» (gözəgörünməz cəngavər) adlandırdığı, müqavimət hərəkatının rəhbərlərindən biri Moris Torezin isə hörmətlə «Xarqo» (cəsur)-deyə çağırdığı Əhmədiyyə Cəbrayılov yəqin ki, Fransa xalqının yaşlı nəsli yaxşı xatırlayır. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı yönələn təcavüzündən qurtarmaq üçün qanını və canını əsirgəməyən qəhrəmanlardan biri də Əhmədiyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov olub. Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Bir milyon azərbaycanlı öz yurd-yuvalarından didərgin düşərək qaçqın həyatı yaşamağa məhkum edilib. Erməni təcavüzkarları işğalçılıq niyyətlərini həyata keçirmək üçün elə dəhşətli cinayətlər törədiblər ki, bunları sözlə ifadə etmək mümkün deyil. Xocalı soyqırımı onların qanlı cinayətlərinin ən dəhşətli örnəyidir. Bir andaca Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri yer üzündən silindi. Erməni hərbçiləri 366-cı rus alayı ilə birlikdə 25-26 fevral 1992-ci ildə Xocalıda 613 nəfəri- o cümlədən 106 qadın, 83 azyaşlı uşaq, 70 qocanı öldürdülər. Əsir düşən 1275 nəfər amansız işgəncələrə məruz qaldı. Xocalı sakinlərindən 56 nəfər xüsusi qəddarlıqla diri-diri yandırılaraq, gözləri çıxarılaraq, başlarının dərisi soyularaq qətlə yetirildilər. Hamilə qadınların süngü ilə deşilməsi isə erməni vəhşiliyinin izahı qeyri-mümkün olan xüsusi təzahür halı idi. Erməni xislətindəki vəhşiliyin bu son həddinin səbəbləri bütün bəşəriyyəti düşündürməli və dönə-dönə lənətləndirilməlidir. Bax budur, əsl soyqırımı! Bizi təəssüf hissi keçirməyə sövq edən əsas səbəblərdən biri də budur ki, söz azadlığına, fikir azadlığına qarşı yönələn bu qanun dünyaya demokratik dəyərləri bəxş edən bir ölkədə qəbul edilir. Hələ 1789-cu ildə Fransada qəbul edilən «İnsanın və vətəndaşın hüquqları haqqında» bəyannamə yalnız bu ölkənin vətəndaşlarının deyil, bütün bəşəriyyətin təbii və ayrılmaz hüquq və azadlıqlarını bəyanlayırdı. Orada fikir və mövqeyin azad ifadəsi insanın ən dəyərli hüquqlarından biri kimi qələmə verilir. Fikirləşin, cənablar, qəbul etdiyiniz bu antidemokratik qanunla siz nəinki Fransanın dövlət maraqlarına zərbə vurursunuz, həm də yuxarıda adı gedən bəyannaməni qəbul etmiş böyük sələflərinizin ruhuna xəyanət etmiş olursunuz. Biz sizi bir daha düşünməyə və bu qara ləkəni Fransız xalqının üzərindən götürməyə çağırırıq».
Bu xəbər oxucular tərəfindən 1600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed