Şrift:
Sabahdan Bakının ümumtəhsil məktəblərinin I siniflərinə qəbul proseduruna başlanılır.
29.02.2016 [13:44] - Gündəm, Gənclik, Bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu bu il də elektron sistem vasitəsi həyata keçiriləcək.

Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2016-ci il martın 1-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin inzibati rayonlarında fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılacaq.

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 1-dən aprelin 5-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 13-dək həyata keçiriləcəkdir. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaqdır.

Ümumilikdə, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.

Qeyd edək ki, 2015-2016-cı dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilmiş, həmin müəssisələrdə I sinfə 44 minə yaxın uşaq qəbul edilmişdir.
Bu xəbər oxucular tərəfindən 1122 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed