04.10.2011 [11:31] - Güney Azərbaycan xəbərləri
Genosid
Güney Azərbaycanda İslam və şiə məzhəbi pərdəsi altında İran hakimiyyət dairələri güya xalqa “ümumi-demokratik hüquqlar” vermişdir, əslində 35 milyonluq bir millətin doğma dilində məktəb-mədrəsəsi yoxdursa hansı hüquqdan, hansı demokratiyadan danışmaq olar?! Gerçəyi budur ki, İslam və şiə məzhəbi ilə İran hakimiyyəti maskalanmış və anti- Azərbaycan siyasətini onunla ört-basdır etməkdədir. Digər daha ağır təhqir bundan ibarətdir ki, İranda yaşayan ermənilərdən İran rəsmi dairələri qeyri-rəsmi yollarla quzeyli-güneyli Azərbaycan əleyhinə çox ciddi iş aparırlar.
2001-ci il 8 avqust tarixli İran qəzetində İranın o zamankı mədəniyyət naziri Ağayi Məscid Camei ermənilərin xristianlığı qəbul etməsinin 1700-cü illiyi münasibətilə onların məclisində çıxış edərkən belə söyləmişdir: “ ermənilər də millətimizin bir hissəsidir. Onlarla bizim irqimiz, həm də dil baxımından müştərək kökümüz vardır”. Maraqlıdır ki, mədəniyyət naziri nə öz irqi, nə də öz mədəniyyət tarixini bilir. Bir-iki dənə saxta yaltaq erməni məqaləsini görüb özünü vəhşi daşnak erməniyə tay tutur, özü cəhənnəmə, bütün müsəlman-fars xalqını da bu yolla təhqir etmiş olur.
“Daha bir faktı nəzərinizə çatdırım ki, Qarabağ Hadisələri baş verərkən İranda “Ayəndə” dərgisində ağayi doktor Əli Firuhinin “ Əramaneyi Gilan və Nezəte məşrutiyyət ” adlı fars dilindəki məqaləsində yüzlərlə Azərbaycan türkünü qətlə yetirmiş Yepremin, Sanasixriyanın, Stepanyanın, Tasçiyanın, Andranikin Azərbaycanın milli-azadlıq hərəkatının lideri Səttarxanı öldürüb ayağından asdığı Atabək parkında birgə çəkdirdikləri şəkilləri çap etdirmişdir.(Orxan Şahtürk, Yeni Nəfəs qəzeti, 27-10 dekabr 2010).
Böyük Azərbaycan tarixçisi Səməd Sərdariniya “ Araz: iki tərəfində müsəlmanların soyqırımı”, “Qarabağ tarixin keçidində və...” və s. bu qəbildən tarixi kitabların müəllifi olan bu şəxsin məzarını ya fars şovinistləri, kim bilir bəlkə də İran rejimi tərəfindən bəslənilən ermənilər dağıtmışlar. Təsəvvür edirsinizmi, məzar daşı belə soyqırıma məruz qalır - özü də harada, güney Azərbaycanın ortasında.
Bu fəsildə son haşiyə:
Güney Azərbaycanda, Təbrizin qərb yaxınlığında indiki Təbriz Hava limanının yerində, Ana-Xatun Düzü deyilən yerdə 1915-ildə ermənilər ətraf kəndlərdən yığdığı müsəlman soydaşlarımızı minlərlə dar ağacından, payalardan, nizələrdən asmışdılar, bura meyid meşəsi idi... Dar ağacı meşəsi... Əsl vəhşət meşəsi... Minlərlə insanın başını kəsib, payalara keçirmişdilər. “Mənim o zaman 16-17 yaşım olardı” deyə, Səfiyyə Yusif qızı Qazani 1983-cü ildə Təbrizdə qız nəvəsindən olan nəticəsi Əli Rza Amanbəyliyə danışmışdı. Nənə, Təbriz yaxınlığında Şam-Qazan kəndində doğulmuşdu. Buyurun, bu da türk nənənin nəvə-nəticəsinə cin-ermənilər haqqında söylədiyi “sehirli nağılı”...”Biz o zaman meyid meşəsini görəndə...nizələrə sancılmış qohumlarımızın, tayfamızın, kəndlilərimizin kəllələrini görəndə... heyrətdən donub qaldıq... İnsan belə vəhşilik edə bilməzdi, ermənilərin etdiyi bu vəhşəti yalnız cin, şeytan edə bilərdi...”
Bu günkü İran çoxlarının çox ayıb saydığı irqi-ayrı seçkilik çamuruna necə giribsə heç çıxa bimir və çıxmaq da istəmir. İngilisləri bəyənmirlər, ancaq ingilislərin antitürk tapşırıqlarına bu gün də sadiqdirlər. Güney Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Birliyinin Sədri Faxtə xanım Zamani BMT-nin İrqçilyə həsr olunmuş konfransında çıxışından:
...İranda böyümüş bir Azərbaycan Türkü olaraq irqçilik siyasətinin fəsadlarına elə özüm də məruz qalmışam və bunun ağrı-acısını öz şəxsi həyatım və təcrübəmdən çox yaxşı bilirəm. Tarix kitablarımızda bütün hadisələr tək bir millətin, fars irqinin görkəmini göstərəcək şəkildə təhrif edilmişdir. 2006-cı ilin may ayında rəsmi “İran ”qəzetində nəşr edilən yazıda Azərbaycanlılara qarşı yazılan təhqiredici məqalə doğrudan da ölkəni biri-birinə qarışdırdı. Həmin yazıda qeyd olunurdu ki, mənşəcə bir fars uşağı öz həmyaşıdı olan Azərbaycanlının doğma ana dilində, türkcə danışmasını “hamam böcəyinə” (tarakana) bənzətmişdi. Bu qəzet məqalənin yanında karikatura da dərc etmişdi. Bu qəzetə qarşı təpgi kimi ... Təbriz, Urmi, Ərdəbil, Zəncan, Xoy, Sulduz və digər şəhərlərdə xalq küçələrə tökülərək etirazlara başladı. İran hökuməti yaranmış problemləri həll etməkdənsə, topluma qarşı çox sərt təpgilər göstərdi. Əhaliyə qarşı xüsusi cəza dəstələri tərəfindən işgəncələr verildi. Apardığımız araşdırma və hesabatlarda bu olaya görə yüzlərlə insanın həbs olunması, onlarla silahsız etirazçının cəza dəstələri tərəfindən öldürülməsi faktları təsdiq olunmuşdur (Güneyin səsi, sayı-1,Bakı,2011).
Tanınmış siyasi məhbus Abbas Lisani elə bu etirazlar əsnasında mühakimə olunmuşdur. Abbas Lisani həbsdə olduğu müddətdə ona verilən ağır cəzalara etiraz əlaməti olaraq bir neçə dəfə aclıq aksiyası keçirib. Karikatura etirazlarının ildönümündə həbs edilən 25 yaşlı Fərhad Möhsüni 20 gün ərzində ardıcıl şəkildə verilən işgəncələrə dözməyərək elə həbsxana şəraitində həlak olmuşdur. Bunlar, İrandakı rejim tərəfindən yaşanılan durumun yalnız bilinən örnəkləridir. İranda mühakimə sistemi bütün cinayətləri və cəzaları gizliliklə icra etdiyi üçün həbsxanalarda qanunsuz olaraq saxlanılan əksər məhbuslar məhz belə bir durumu yaşamaq məcburiyyətindədirlər. İranda gələnək və ənənə halına gəlmiş irqiçilik sistemi və etnik ayrı-seçkilik, əsla daha önəmli görünən ayrı məsələlərin kölgəsində buraxılmamalıdır. İrqçilik, bizim kimi insanlar üçün, yaşamı boyunca ayrı-seçkilikçı ön yarqılar və irqçi lətifələr eşitmək, ana dilinə və mədəniyyətinə özgələşməyə zorlanmaq anlamını verməkdədir. Ancaq İranda açıqca irqçilik nizamına qarşı səsini yüksəltməyi seçmiş olan daha cəsur insanlar üçün bu həbs olunmaq, işgəncə görmək və hətta öldürmək deməkdir”. (Güneyin səsi-1,2011, səh.16-17.) Bu gün dünyanın heç bir yerində irqi ayrı-seçkilik yoxdur. Hətta ABŞ-da belə qara zəncilərlə ağlar, bütün millətlər birlikdə yaşayır, evlənir, öz normal həyatlarını sürürlər. Bu gün aparteid siyasəti mütərəqqi insanlar və toplum həyatı üçün əxlaqsızlıqdır. Bu gün “aparteid” anlayış olaraq azacıq insani əxlaqı olan hər kəsə utanc gətirir. Onda ola bu siyasət ola, bunun adı siyasi eybəcərlikdir. Normal dövlət belə siyasət yürütməz - axı XXI əsrdir. Normal dövlət minillərlə öz tarixi vətənində yaşayan bir xalqın dilinə qadağa qoymaz. Faxtə xanım Zamaniyə uğurlar, Allah onu qorusun! Amma bugünkü İran Azərbaycan xalqının dilinə siyasi qıfıl vurmuşdur. 40-milyonluq bir xalqın dilinə qıfıl vurmaq. Bu, siyasi eybəcərlikdir! Yarıtmaz daxili siyasətdir. Soyqırım və assimilyasiya siyasətinin ən murdar forması, insanı və milləti köləliyə məcburetmənin misilsiz dərəcədə dözülməz formasıdır. Bu ən azı mənəvi işgəncə, mənəvi təhqir...allahsızlıqdır. Bəs İran deyirlər ki, İslam ölkəsidir. Allahsız da İslam olar?! Dünya Azərbaycanlıları Konqresinin Sədri doktor Qulamrza Səbri Təbrizinin milli dilə verdiyi qiymət belədir; Bir insanın, bir millətin canını almaq istədikdə onun ana dilini əlindən almaq yetərlidir. Bir millətin danışan dilini əlindən almaq, həm də onun məmləkətinə sahib çıxmaq, onu məhv etmək deməkdir. Bu-dərin siyasətin ardında həmin milləti mədəni və ictimai baxımdan soyqırıma məruz qoymaq deməkdir.
ƏLİ KƏRİMBƏYLİ /AMEA/
Bu xəbər oxucular tərəfindən 1676 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |