Şrift:
Azərbaycanda talassemiya xəstəsi dünyaya gəlməz, əgər...
03.03.2016 [09:49] - Gündəm, Sağlıq
Azərbaycanda nikahdan öncə tibbi müayinə məcburiləşdirilsə də, bir sıra cütlüklər müayinənin nəticələrindən asılı olmayaraq, evlənmək qərarından daşınmırlar.

Belə ki, nikaha daxil olmaq istəyən cütlüklərin talassemiya daşıyıcısı olduğu aşkar olunsa da, onlar ailə qurmağa üstünlük verirlər ki, bu da talassemiya xəstəsi olan uşaqların dünyaya gəlməsinə zəmin yaradır.

Məsələyə münasibət bildirən pediatr-hematoloq, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə bildirib ki, hər iki tərəf talassemiya xəstəliyinin daşıyıcısıdırsa, onlara ailə qurmaq olmaz. Onun sözlərinə görə, belə cütlüklərin ailə qurması talassemiya xəstəsi olan uşaqların dünyaya gəlməsinə səbəb olur.

S.Əlifəttahzadə hesab edir ki, nikahdan əvvəl məcburi tibbi müayinənin nəticələrinə uyğun hərəkət etmək lazımdır: “Nikahdan əvvəl məcburi tibbi müayinənin tətbiqi çox gözəl haldır. Əgər insanlar bu qaydaya düzgün əməl edərsə, dünyaya talassemiyalı uşaq gəlməyəcək”.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, nikaha daxil olmaq istəyən insanları tibbi müayinələrin nəticələrinə əməl etməyə məcbur etmək olmaz: “Azərbaycan demokratik, hüquqi dövlətdir. Burada insan haqları hər şeydən yüksəkdir. Ümumiyyətlə, demokratik, hüquqi dövlətlərdə insan haqları cəmiyyətin haqqından yüksəkdə tutulur. Əgər insanın haqqı cəmiyyətin haqqından aşağı olarsa, cəmiyyət insanı əzər. Cəmiyyət bütövlükdə hüququ, azadlığı olan insanların toplusundan ibarətdir. Ona görə də o haqqı könüllü olaraq insanlara vermək lazımdır ki, kim istəyər, nikah qurar, kim istəyər, qurmaz”.

Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, nikah öncəsi müayinə aparılan ölkələrdə xəstəlik və daşıyıcı aşkar olunanların 90 faizindən çoxu ya ailə qurmaqdan imtina edir, ya dünyaya uşaq gətirmir, ya da müalicə olunaraq xəstə uşağın dünyaya gəlməsinin qarşısını alır: “Bu gün tibb o qədər inkişaf edib ki, əgər insan xəstəlik daşıyıcısı olduğunu bilsə, hamiləliyin müəyyən dövründə tibbi müdaxilə edib dünyaya sağlam uşaq gətirməsi mümkündür. Bundan qorxmaq lazım deyil və heç bir halda da qadağalar qoymaq olmaz. Qadağa qoyulsa, insanlar ümumiyyətlə müayinədən keçməz və qanuni nikaha da girməzlər”.

M.Quliyev bildirib ki, burada maarifləndirmə işinə də diqqət yetirmək lazımdır.
Bu xəbər oxucular tərəfindən 1008 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed