Şrift:
Mərkəzi Elmi Kitabxana öz kitab fondlarında saxlanılan kolleksiyalar barədə ictimaiyyəti məlumatlandırma fəaliyyətinə başlayıb.
03.03.2016 [10:18] - Xəbərlər, Gənclik, Mədəniyyət
Bu gün təşkil olunan dəyirmi masada görkəmli türkoloq, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Hazainin kitabxananın Şərq Ədəbiyyatı Fondunda saxlanılan şəxsi kolleksiyasının təqdimatı barədə fikir mübadiləsi aparılıb.

Dəyirmi masada çıxış edən MEK-in direktoru, tibb üzrə fəlsəfə dokroru Leyla İmanova kitabxananın fondlarında çoxsaylı şəxsi kolleksiyaların saxlanıldığını bildirib. MEK rəhbəri bu kolleksiyaların təqdimatına dair silsilə tədbirlərin keçiriləcəyini, həmçinin kataloqlaşdırma layihələri çərçivəsində bu kolleksiyaların elektron kataloqlaşdırlmasının aparılacağını da qeyd edib.

Tədbirdə L.İmanova tanınmış türkoloq G.Hazainin kitabxanda saxlanılan şəxsi kolleksiyasının kataloqu haqqında fikirlərini bölüşüb. Bildirib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 2013-cü ildə G.Hazainin çap kataloqunun tərtib edilməsinin əsas məqsədi dünya miqyaslı türkoloq alimin zəngin kolleksiyasını ictimaiyyətə açıqlayaraq təbliğ etmək olub. L.İmanova kolleksiyada alimin diqqət mərkəzində olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qiymətli materialların mövcud olduğunu xüsusi qeyd edib.

Sonra çıxış edən MEK-in Şərq Ədəbiyyatı Fondunun rəhbəri Aidə Hüseynova fondda uzun illərdir beynəlxalq mübadilə, hədiyyə yolu ilə toplanan və mühafizə edilən minlərlə qiymətli ədəbiyyat, eyni zamanda dünya şöhrətli şərqşünas alimlərin şəxsi kolleksiyaları haqqında məlumat verib. A.Hüseynova bildirib ki, hələ illər öncə akademik G.Hazai şəxsi kitabxanasının türkologiyaya aid bölməsini AMEA-nın kitabxanasına bağışlamaq niyyətində olduğu barədə ölkəmizin Macarıstandakı səfirliyinə müraciət edib. 2012-ci ilin aprelində G.Hazai 80 illik yubileyi ərəfəsində Azərbaycana dəvət edilib və alim şəxsi kolleksiyasını MEK-ə hədiyyə edib. Hədiyyə olunan kolleksiya təxminən 1000 adda kitab və jurnal, 600-ə yaxın elmi məqalə, habelə bir sıra arxiv materiallarından ibarət olub. Fond rəhbəri qeyd edib ki, kolleksiyaya tibb, tarix, arxeologiya, numizmatika, iqtisadiyyat, ədəbiyyat, incəsənət, siyasət, din və başqa elm sahələrinə aid ədəbiyyatlar daxildir. Ədəbiyyatın böyük bir qismi Macarıstan, ABŞ, Türkiyə, Fransa, Böyük Britaniya, Almaniya, Bolqarıstan və digər ölkələrdə 1960-1990-cı illərdə macar, rus, türk, ingilis, fransız və alman dillərində çap olunmuş elmi əsərlərdir. Bundan başqa kolleksiyada soraq kitabçaları, lüğətlər, ensiklopediyalar və bir sıra qədim dil abidələrinin mətnlərinə də rast gəlmək olur. Ötən müddət ərzində G.Hazainin şəxsi kolleksiyasının kataloqu hazırlanaraq nəşr edilib və kolleksiyanın sərgisi təşkil olunub.

Daha sonra dəyirmi masada alimin kolleksiyasının tədqiqi və kataloqlaşdırılması işində əməyi olan əməkdaşlar çıxış ediblər. Bütün ömrünü və elmi fəaliyyətini türk dünyasının öyrənilməsinə həsr edən qərbli, macar əsilli alimin Şərq dünyasına son dərəcə vurğunluğundan söz açıblar.

Sonda dəyirmi masada bir sıra təkliflər səsləndirilib. G.Hazainin Qarabağ konfilikti ilə bağlı məqalə və çıxışlarının MEK-in “Qarabağ” guşəsində yerləşdirilməsi, bu materilların rəqəmsallaşdırılaraq “Vahid Qeydiyyat Sistemi”nə daxil edilməsi, həmçinin Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə töhvə olaraq akademik G.Hazinin kolleksiyasının virtual sərgisinin təşkil edilməsi və digər məsələlər nəzərdə tutulub.


Ruslan Kərimov

AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi

Əlaqə:
(050) 720 98 95
Bu xəbər oxucular tərəfindən 1168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed