Şrift:
"İranda öz millətini düşünən azərbaycanlılara seçilmək haqqı verilmir"
04.03.2016 [11:26] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Davam.az İranda deputatlığa azərbaycanlı namizəd Abdullah Abbasi Cavanın Sputnik.az-a verdiyi müsahibəni təqdim edir



İranda keçirilən son parlament seçkiləri nəticəsində artıq 220 millət vəkilinin kimliyi məlumdur. 140 namizəd isə apreldə keçiriləcək ikinci turda 70 yer uğrunda mübarizə aparacaq. İran parlamentindəki 290 yerə, bu ölkədə demoqrafik üstünlükdə olan Azərbaycan türkləri cəmi 75 namizədlə qatılmaq imkanına malik olub. O namizədlərin də böyük əksəriyyəti ikinci turda mübarizə aparmalı olacaq. Maraqlıdır ki, İran əhalisinin böyük əksəriyyətini təşkil edən azərbaycanlılar parlamentdəki yerlər uğrunda mübarizəyə niyə bu qədər az maraq göstərirlər? Sputnik.az bu məsələyə aydınlıq gətirmək üçün son seçkilərdə Sulduz və Oşnəviyə bölgəsindən millət vəkilliyinə namizədliyini irəli sürmüş Abdullah Abbasi Cavanla söhbətləşib.

– Abdullah bəy, Sizcə niyə 290 yerlik İran parlamentinə seçkidə bu qədər az azərbaycanlı iştirak edib və seçilib?
– İran parlamentində Azərbaycan türklərinin neçə yer qazandıqları dəqiq olaraq bəlli deyil. Çünkü İranda heç vaxt bu barədə rəsmi açıqlama verilmir. Yəni vəkillərin etnik tərkibi camaata açıqlanmır. Təkcə bunu demək mümkündür ki, Şərqi Azərbaycandan 19, Qərbı Azərbaycandan 12, Ərdəbildən 7, Zəncandan 5, Həmədandan 9 azərbaycanlı vəkil Məclisə daxil olub. İranın başqa yerlərində də ən azı bu qədər türk vəkilin Məclisə girmək şansı var. Məclisə girənlər Azərbaycanlı olduqları halda, onları millətin gerçək vəkilləri hesab etmək olmaz. Çünkü öz dilinə və millətinə sahib çıxan Azərbaycan türklərinə həm Güney Azərbaycanda, həm də İranın başqa yerlərində seçkilərə qatılmaq haqqı verilmir. Bu səbəbdən də İran parlamentində azərbaycanlı olsa da, Azərbaycan türklərini təmsil edən və azərbaycanlıların haqqını müdafiə edən kimsə olmur.

– Abdullah bəy, bəs hökumətə bağlı olmayan azərbaycanlılar ali qanunverici orqanda yer tutmaq istəyini ifadə edirlərmi?
– İlk öncə sizə buranın seçim sistemini açıqlamaq istəyirəm. Burada olan seçkilər gerçək seçkilər deyil. Bunun dünyada qəbul olunmuş normal demokratik seçki ilə yaxından uzaqdan bir əlaqəsi yoxdur. Bu dəfəki seçkilərdə 6000 insan namizədliyini irəli sürmüşdü, yəni adını namizəd siyahısına yazdırmışdı. Amma bunların yarıdan çoxu səsverməyə buraxılmadı. Burada Şuraye-nigəhban adında bir Dövlət İdarəsi var. Namizədlərin adları o idarəyə göndərilir. O idarə də yazılanların arasında istədiyini seçər, kiminə seçimlərə qatılmaq izni verər, kiminə də verməz.

Misal üçün deyim ki, Güney Azərbaycanı sevən və Güney azərbaycanlıların haqqını müdafiə etmək istəyən kimsəyə seçimlərə qatılmaq izni verməzlər. Belə bir sistemdə seçimlər, əslində bir oyundan başqa bir şey deyil. Bu, sanki bir kinodur, şoudur ki, dünyaya göstərsinlər ki, guya bizdə də seçki var. Mən özüm namizəd olmaq üçün Şuraye-nigəhbana müraciət etmişdim. Amma mənə seçimlərə qatılmaq izni vermədilər.

– Sizə izn verməmələrini nə ilə izah etdilər?
– Dedilər ki, sizin İslam dininə və ölkənin ali rəhbərliyinə, liderlərə bağlılığınız olmadığına görə, seçimlərə qatılmaq haqqınız yoxdur. Bu ən son gətirdikləri bəhanə idi, təbii ki.

– Yəni seçkiyə qatılmaq haqqını Konstitusiya (Anayasa) deyil, Şuraye-nigəhban üzvü verir?
– Bəli, İranda seçimlərə qatılmaq icazəsini Şuraye-nigəhban verir. Bundan öncə də mənə demişdilər ki, siz müxalif qruplara bağlı olduğunuz üçün seçimlərə qatılmaq haqqınız yoxdur. Yəni seçilmək üçün hakimiyyətin yanında olmaq lazımdır, müxalifətdə olmaq İran vətəndaşlarını bir çox hüquqlardan, eləcə də seçki hüququndan məhrum edir. İranın demokratiya anlayışı belədir.

– Siz deyə bilərsizmi ki, hazırda ümumən İranda nə qədər azərbaycanlı yaşayır? Rəsmi rəqəmlər azərbaycanlıların İran əhalisinin 52%-ni təşkil etdiyini göstərir. Bəs sizcə realda nə qədərdir?
– İranda bir Azərbaycan türkləri var, bir də türk olub İranın fərqli yerlərində yaşıyanlar. Burada Qaşqay, Baharlı, Xorasan və s. türkləri var. İranın butun bölgə və şəhərlərində türklər yaşamaqdadır. İranda türklərin sayı, daha doğrusu, özünə türk deyənlərin sayı 25-35 milyon arasındadır. Burada türklərin sayı rəsmi olaraq dəqiq deyilməsə də, İran əhalisinin yarısından çoxu türkdür. Bura türkmənləri də əlavə etsək, İranda türklər say etibarilə mütləq üstünlükdədirlər.

– Onda belə çıxır ki, türklər parlament çoxluğunu qazanarlarsa, İranı bir türk dövlətinə çevirə bilirlər. Bəs niyə türklər buna cəhd etmirlər, birləşib onlara seçilmək imkanı verməyən rejimə qarşı mübarizə aparmırlar?
– Burada durum çox fərqlidir. Burada 5 insan bir yerə yığışıb bir qeyri-hökumət təşkilatı qurmaq istəsə, hamısını tutub həbsə atarlar. Necə ki, bizim dostlardan bir çoxu bu məsələyə görə indi zindandadırlar.

– Qərb dövlətləri İrana qarşı sanksiyaları aradan qaldırmaq qərarını verib, artıq qarşılıqlı əlaqələr qurulur. Bundan sonra İranda insan haqlarının yaxşılaşacağına ümid edirsiz?
– İrana insan haqları və demokratiya heç bir zaman gələ bilməz. Ona görə ki, bura demokratiyanın gəldiyi ilk gün bir Türk dövlətinə çevrilər. Əgər düzgün bir seçki olsa, İran insan haqlarına istinad edən, demokratik bir türk dövlətinə çevrilər. Burada qatı bir fars şovinizmi olduğuna görə, heç zaman insan haqlarına izn verilməz. Çünkü demokratiya və insan haqları gəldiyi zaman, fars şovinizmi getməlidir.
Bu xəbər oxucular tərəfindən 1323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed