Şrift:
Fərəc Quliyev: İranda seçkilərdən əvvəl kimlərin prosesə buraxılması mərhələsində çox məsələ həll olundu.
05.03.2016 [10:16] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Mühafizəkarlar siyasi səhnədən sıxışdırılır: Yerlərini kim dolduracaq?

Fərəc Quliyev: “Müəyyən yumşalmalar olacaq”

İranda parlament seçkiləri keçirildi və islahatçılar qalib gəldi. Prezident Həsən Ruhanini dəstəkləyən mötədil qüvvələr parlament seçkilərində əsaslı qələbə qazanıblar. Dini lider Ayətullah Əli Xamneyi 290 yerlik parlamentdə və ona tabe olan Ekspertlər Şurasında yerlərin əksəriyyətini uduzub. Beləliklə, mühafizəkarlar parlamentdəki çoxluğu itiriblər.

İranda liberallaşma hərəkatı başlana bilər?

Ekspertlər hesab edirlər ki, seçkilərin nəticələri İranın liberallaşması və demokratikləşməsinə ciddi stimul verə bilər. Bildirilir ki, hakim rejim islahat yolunu tutub ölkəni tədricən demokratikləşmə yoluna keçirə bilsə, bunun İranda demokratiyanın inkişafına təsir göstərməsi labüddür. Yəni dünyaya açılmaq yolunda seçkilərinin nəticələri İran üçün müsbət olmalıdır. Lakin unutmaq lazım deyil ki, proses İslam İnqilabının qorunmasını siyasi və dini rejimin prioritet kimi qəbul etdiyi bir dövlətdə baş tutub. Bu iqtidarın mərkəziyyətçi qüvvəsi də dini rejimdir. Seçkilərə qatılan namizədlərin və verilən bütün qanunların dini əsaslara uyğun olub-olmadığına nəzarət edən Konstitusiya Şurasına rəhbərlik də dindarların əlindədir. Yəni qalib gələn reformist namizədlər də əvvəldən bu sistem tərəfindən ələnib. İslahatçıların lideri Həsən Ruhani də reformist deyil, sadəcə, dini kəsimdən bir qədər az mühafizəkardır. Yəni İranda qismən, yaxud ciddi demokratik, liberal dəyişiklik mümkün deyil. İranda bu dəyişikliklər yalnız Konstitusiyasını dəyişmək səlahiyyəti olan dini liderin dəyişməsi ilə baş verə bilər.

Köklü rejim dəyişikliyini tələb edəcək və İslam İnqilabını tarixin arxivinə atacaq əks inqilabın yaxın gələcəkdə yaranmayacağı da başqa bir reallıqdır. Qərblə arasındakı nüvə böhranından üzüağ çıxan Ruhani hakimiyyətinə xalqın böyük hissəsinin dəstək verməsi də əhəmiyyətlidir. Çünki Ruhani Ali Dini Mərkəzə bağlı və sadaqətli bir adamdır. O, Mahmud Əhəmədnejad dövründə ABŞ-İran münasibətlərinin savaş həddindən humanitar əlaqələrə keçirən bir şəxsdir. Nüvə anlaşmasını mühafizəkar seqment Qərbin iqtisadi və imperiya zəfəri kimi qəbul etdiyi halda, islahatçılar bunu İranın qarşısındakı əngəllərin aradan qaldırılması kimi xarakterizə edirlər. Bu baxımdan, seçkilər islahatçılar və mühafizəkarlar arasındakı mübarizə kimi yox, nüvə anlaşmasına qarşı olanlar və olmayanlar arasında baş tutmuş seçkilər kimi qiymətləndirmək daha doğrudur. Lakin bu, heç də İranda dini ideoloji sistemin dəyişilməsi kimi başa düşülməməlidir. Çünki mühafizəkarlar hələ də siyasi gücdürlər, parlamentin təsdiq etdiyi qərarı ləğv etmək iqtidarındadır. Yəni dini seqmentin mütləq güc olduğu şəraitdə liberal islahatların reallaşdırılması inandırıcı deyil.

“Seçkilərdən əvvəl seçkilər keçirildi”

Milli Dirçəliş Hərəkatı Partiyasının başqanı, millət vəkili Fərəc Quliyev “Cümhuriyət”ə açıqlamasında İranda demokratikləşmə prosesinin başlayacağına inanmadığını bildirib. F.Quliyev hesab edir ki, bu, mövcud şəraitdə mümkün deyil:

“İranda seçkilərdən əvvəl kimlərin prosesə buraxılması mərhələsində çox məsələ həll olundu. Yəni seçkilərdən əvvəl seçkilər keçirildi. Bundan sonra müəyyən qədər yumşalmalar olacaqsa, bu, islahat xarakterli gediş kimi qəbul ediləcək. Amma mən buna baxmayaraq, vəziyyətin tam dəyişməsini yalnız 30 milyonluq xalqımızın ədalətli olaraq status-kvosunun tanınmasına bağlayıram. Bu olmayacaqsa, istənilən islahat sadəcə, görüntüdən başqa heç nə olmayacaq”.


Mənsur Rəğbətoğlu
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed