Şrift:
BİZ NİYƏ İNANDIQ SÖZÜNƏ, HƏKİM?!
06.03.2016 [09:43] - Gündəm, DAVAMın yazıları
Ölənin ruhunun dilindən…


Dünəndən yatıram qəbirdə nalan,
İnsan da olarmış səbirdə nalan,
Qalsaydı mənimtək çarəsiz balan,
Onda nə edərdin özünə, həkim?
Biz niyə inandıq sözünə, həkim?!

Sən mənə leykozun adını qoydun,
Ağzımda dərmanın dadını qoydun,
Atamın, anamın qəlbini oydun,
Hiyləni çəkmisən üzünə, həkim,
Biz niyə inandıq sözünə, həkim?!

On beş gün içində öldürdün məni,
Yamanca sağaltdın, güldürdün məni,
Ruhum lənətləyir, əbədi səni,
İnsanlar axışır üzünə, həkim,
Biz niyə inandıq sözünə, həkim?!

Heç altı yaşına çatmadım ki, mən,
O nə dərmanlardı yazdın mənə sən?
Ciyər parçalandı, qanla doldu tən,
Vurur doğmalarım dizinə, həkim,
Biz niyə inandıq sözünə, həkim?!

Düşdü nənə, baba borc-xərc içinə,
Çəkdin əzizlərin dağı içinə!
Baxırsan ürəksiz insan köçünə…
Gəlmə atam təki özünə, həkim
Biz niyə inandıq sözünə, həkim?!

Atamın, anamın gözəl qızıydım,
Nənəmin, babamın göy ulduzuydum,
Qohum-əqrabanın dadı-duzuydum,
Dur gəl məzarımın közünə, həkim,
Biz niyə inandıq sözünə, həkim?!

Üç dəfə sən məndən ilik götürdün,
Bəlkə mən sağlamdım, hara ötürdün?!
Təbiblik adını harda itirdin?
Bunu ruhum deyir üzünə, həkim?
Biz niyə inandıq sözünə, həkim?!

Mən bir yaşıl gözlü, ağbəniz idim,
Hərdən də gözləri göy dəniz idim,
Saçları sarışın, çox təmiz idim,
Düşəcək kabusum izinə, həkim,
Biz niyə inandıq sözünə, həkim?!

Gələn il məktəbə gedə bilmədim,
Bağçada Novruz qeyd edə bilmədim,
Sənə iki yazdım, onu silmədim,
Gəl bax qiymətinin düzünə, həkim,
Biz niyə inandıq sözünə, həkim?!

Mən xəstəxanaya ayaqla gəldim,
Yol boyu nənəmlə danışıb güldüm,
Vurduğun iynədən sonra mən öldüm,
Çör dəysin sən təki yüzünə, həkim,
Biz niyə inandıq sözünə, həkim?!

Evə qaytardılar, lal, huşsuz canla,
Beş gün can verirdim ahu-fəğanla,
Necə yaşayırsan belə vicdanla?!
Sənin kimilərin özü nə, həkim?
Biz niyə inandıq sözünə, həkim?!

Mənim istedadım, ağılım vardı,
Gələcək planım, nağılım vardı,
Bu uşaq canıma məzarım dardı,
Keçəsən fələyin bizinə, həkim,
Biz niyə inandıq sözünə, həkim?!

Ruhum qonaq gəldi bu Şadimana,
Sənin kimliyini yaysın cahana,
Düşər bir gün ölkə yəqin səhmana,
O zaman gəlməzsən özünə, həkim,
Biz niyə inandıq sözünə, həkim?!
Biz niyə inandıq sözünə, həkim?!
03.03.2016
Şirin Xanım Kərimbəyli Şadiman
Bu xəbər oxucular tərəfindən 939 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed