Şrift:
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun göstəricisi
11.03.2016 [13:10] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkillərinin sözlərinə görə, IV Qlobal Bakı Forumu ölkəmizin tolerantlıq rəmzi, hər kəsi birləşdirən bir məkan kimi qəbul edilməsinin təzahürüdür

Ötən gün Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılış mərasimi olub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilən və iki gün davam edəcək Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva da iştirak edib. Ölkə başçısı çıxış edərək, Forumun işinə uğurlar arzulayıb, Azərbaycanda həyata keçirilən tədbirləri, görülən işləri, həmçinin dövlət maraqlarını, Dağlıq Qarabağ problemini və onun həllində başlıca maneə olan səbəbləri bir daha qonaqların diqqətinə çatdırıb. Ümumiyyətlə isə Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentləri, həmçinin 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Beynəlxalq əhəmiyyətli tədbirdə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə ediləcək. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.

Forumun əhəmiyyəti barədə fikirlərini “Kaspi”yə bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev qeyd edib ki, istənilən beynəlxalq əhəmiyyətli tədbir keçirildiyi ölkə üçün həm nüfuzdur, həm də o ölkənin səviyyəsini dünyaya nümayiş etdirən bir amildir. Partiya sədrinin fikrincə, çoxsaylı sabiq dövlət və hökumət başçılarının, eləcədə hazırkı prezidentlərin iştirakı ilə Bakıda keçirilən IV Qlobal Forum da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycanın dünya siyasətində oynadığı rol baxımından Forumun əhəmiyyəti böyükdür. Azərbaycanın tolerant ölkə, hər kəsi birləşdirən bir element kimi qəbul edilməsinin təzahürüdür bu tədbir. Çünki bu cür forumlar, beynəlxalq tədbirlər heç də hər ölkədə keçirilmir. Belə bir forumun Azərbaycanın paytaxtı Bakıda keçirilməsi həm də ölkəmizə verilən qiymətdir. Bu da Azərbaycanın tam haqqıdır. Etnoslararası, dinlərarası tolerantlığa, əməkdaşlığa, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqa verdiyi önəmə görə Azərbaycan dünyaya nümunədir. İstər terrorizmə qarşı mübarizədə, istərsə də Avropanın enerji təhlükəsizliyində Azərbaycan xüsusi rol oynayır. Bakı Forumunun gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsinin aparılması o deməkdir ki, Azərbaycan bu sahələrdə öz sözünü demiş dövlətdir. Bundan başqa, Azərbaycan üzləşdiyi problemləri də Forum çərçivəsində müxtəlif panellərdə aparılan müzakirələrdə diqqətə çatdırır. Ən əsası da Dağlıq Qarabağ münaqişəsi, onun sülh yolu ilə tənzimlənməsi, bu problemin həllinə başlıca maneələr dilə gətirilir. Bu Forumla Azərbaycan haqqında olan düşüncələr də yaxşıya doğru dəyişəcək. Xüsusilə açıq cəmiyyət adı altında belə bir tədbirin keçirilməsi siyasi, mədəni, sosial və sair sferalarda idarəetmənin liberallığı baxımından Azərbaycanın əhəmiyyətini qabardacaq. Tərəflərə aydın olacaq ki, Azərbaycan dağıdıcı deyil, barışdırıcı, qurucu elementdir”.

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı isə bildirib ki, Forum Prezident İlham Əliyevin irəli sürdüyü bir layihədir və ənənəvi olaraq Bakıda keçirilir. Onun sözlərinə görə, dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri bu forumda iştirak edir, beynəlxalq tədbir çərçivəsində bəşəriyyəti narahat edən proseslərin müzakirəsi aparılır. Partiya sədri onu da əlavə edib ki, dövlət başçısının forum çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər gələcəkdə Azərbaycana müəyyən divident və üstünlüklər verəcək: “Azərbaycan bu foruma ev sahibliyi etməklə bir növ dünyada sülhün və təhlükəsizliyin qorunması istiqamətində öz dəyərli töhfələrini vermiş olur. Azərbaycan Prezidentinin forumda iştirakı, orada çıxış edərək fikirlərini bildirməsi, həmçinin işğal olunmuş torpaqlarımızın geri qaytarılması ilə bağlı özünün prinsipial mövqeyini bir daha ortaya qoyması, əlbəttə ki, gələcəkdə Azərbaycana müəyyən divident və üstünlüklər gətirəcək. Ancaq bu o demək deyil ki, hələlik həmin divident və üstünlüklərimiz yoxdur. Əksinə, var. Diplomatik anlamda Ermənistanın sıxışdırılması məsələsi Prezidentimiz tərəfindən zərgər dəqiqliyi ilə həyata keçirilir. İşğalçı dövlət regionda həyata keçirilən bütün iqtisadi layihələrdən təcrid edilir, bütün beynəlxalq təşkilatlarda, ən yüksək tribunalarda bu dövlətin işğalçı siyasəti qətiyyətlə dünya ictimaiyyətinin diqqətinə çatdırılır, Azərbaycanın haqlı mövqeyi bəyan edilir. Bütün bunlara görədir ki, Ermənistan hazırda son dərəcə ağır bir vəziyyətdə qalıb. Prezident İlham Əliyev hər imkan düşdükcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial və barışmaz mövqeyini ortaya qoyur. Azərbaycanın bu mövqeyi IV Forum çərçivəsində də ortaya qoyuldu, Ermənistanın təcavüzkarlığı bir daha beynəlxalq aləmin diqqətinə çatdırıldı. Ona görə də bu forumu mühüm əhəmiyyət daşıyan tarixi hadisə hesab edirəm”.

Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, deputat Elşən Musayev də qəzetimizə açıqlamasında qeyd edib ki, Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın xeyrinə olmaqla yanaşı, həm də ölkəmizin diqqət mərkəzində olmasına gətirib çıxaran hadisədir. Onun sözlərinə görə, beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edən Azərbaycan yenidən dünyanın diqqətini özünə yönəldib: “Azərbaycan hər zaman qlobal tədbirlərin, müzakirələrin, təşəbbüslərin önündə olan ölkədir. Bu baxımdan Bakıda keçirilən Qlobal Forumu təsadüfi saymaq qeyri-mümkündür. Forumun “Çoxqütblü dünyaya doğru” adlandırılması da dünyaya bir mesajdır. Prezident İlham Əliyev də Forumdakı çıxışı zamanı son dərəcə maraqlı, lazımlı məqamlara toxundu. Əsas diqqəti Azərbaycanın işğal olunmuş ərazilərinə yönəltdi, BMT-yə səsləndi, onun qətnamələrinin icra edilmədiyini bir daha vurğuladı. Bu, bir daha onu göstərir ki, beynəlxalq əhəmiyyətli istənilən tədbirdə ölkə başçısı Azərbaycanın bir nömrəli problemini hər zaman ictimailəşdirir, ən müxtəlif formalarda bu problemə diqqəti cəlb edir. Cənab Prezident bütün səylərini, gücünü bu problemin həllinə yönəldib, Azərbaycanın prinsipial və dəyişməz mövqeyini dünyaya çatdırıb. Ölkə başçısının söylədiyi kimi, dünyanın ən güclü dövlətləri, bəşəriyyətdə sülhün qorunmasını istəyən dövlətlər də bu problemin ədalətli həllinə dəstək olmalıdırlar. Ümidvaram ki, Forum çərçivəsində biz maraqlı fikirlərlə də tanış olacaq, müxtəlif problemlərin həlli yolları barədə çıxışları izləyəcəyik”.

Rufik İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed