Şrift:
Bakıdan mesaj: Cəbhədəki hərbi əməliyyatlar intensiv xarakter alacaq
14.03.2016 [12:52] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
"Azərbaycan Silahlı Qüvvələri regionda ən güclü olmaqla yanaşı, dünyada da ən güclülər sırasında yer tutur. Bizim hərbi potensialımız kifayət qədərdir. Ordumuzun cəbhədə keçirdiyi son hərbi əməliyyat isə həm Ermənistana, həm də bütün dünyaya mesaj verir ki, Azərbaycan tərəfi hərbi yolla öz torpaqlarını tam azad edə bilər. Biz qanunlara əməl edirik, beynəlxalq konvensiyalara hörmət edirik. Lakin əgər bu məsələ sonsuz uzanacaqsa, təbii ki, bu cür əməliyyatlar intensiv xarakter alacaq. Hesab edirəm ki, bizim cəmiyyət də buna hazır olmalıdır".

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan ordusunun srağagün gecə cəbhədə həyata keçirdiyi və düşmənin çoxlu sayda itki verməsi ilə nəticələnən hərbi əməliyyatı dəyərləndirərkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, əslində, müharibə hələ bitməyib. Sadəcə, hələlik aktiv fazaya keçməyib: "Azərbaycan həmişə bəyan edib ki, problemin dinc yolla həll olunmasında maraqlıyıq. Əgər beynəlxalq vasitəçilər də bunu təklif edirlərsə, buyursunlar, tətbiq etsinlər. Amma bu olmayacaqsa, biz həm beynəlxalq konvensiyalara görə, həm də konstitusiyamıza görə torpaqlarımızı hərbi yolla azad edəcəyik. Bu, bizim haqqımızdır. Cəbhədə Ordumuz tərəfindən ermənilərin hər hansı hücum və təxribatlarının qarşısının alınması normal məsələsidir. Məndən olsa, ümumiyyətlə, gernişmiqyaslı hərbi əməliyyatların başlanması vacibdir. Çünki beynəlxalq təşkilatlar bu məsələdə olduqca susqun vəziyyətdədirlər və indiki status-kvonu saxlamaq istəyirlər. Ordumuzun keçirdiyi son əməliyyat isə onu göstərdi ki, biz düşməndən qat-qat güclüyük və bizim ərazilərimizin işğalı ermənilərin öz gücü ilə deyil, onların ağalarının gücü ilə bağlıdır. Ermənilər, sadəcə, kiminsə əlində maşa olub ölkəmizi işğal ediblər".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb:

"Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq".

Bir sıra erməni KİV-ləri isə Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində verdikləri itkiləri təsdiq ediblər.

Ermənistan mətbuatı yazır ki, martın 10-dan 11-nə keçən gecə Azərbaycan kəşfiyyat-təxribat qrupu cəbhə xəttini keçərək komanda mətəqələrindən birinə hücum etməyə müvəffəq olub.

"Hücum nəticəsində P-18, P-19 radiolakasiya stansiyaları və dizel generatoru məhv edilib. Komanda məntəqəsi tamamən sıradan çıxarılıb. İlkin məlumata görə, ən azı 15 hərbçimiz ölüb", - Ermənistan KİV yazır.

İlkin İzzət
Mİlli.Az
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed