Şrift:
Birliyimizi istəməyənlərə İ.Əliyevdən tərs şapalaq
16.03.2016 [10:04] - Gündəm, DAVAMın yazıları
Son iki gün ərzində coğrafiyamızda proqnozlaşdırılmamış iki önəmli gəlişmə müşahidə edildi. Birincisi Rusiya prezidenti Vladimir Putinin heç kimin gözləmədiyi halda ordusunu Suriyadan çıxarmaq haqqında tapşırığı idi. Bu tapşırıq Rusiyanın türk əsilli müdafiə naziri Sergey Küjüget oğlu Şoyquya martın 14-də verildi. Hazırda əldə olan bilgilərə görə, artıq rus əsgərlərinin ilk dəstəsi Suriyanı tərk edib.

İldırım sürətli gəlişmədir. Həm də heç kimin gözləmədiyi, ön görə bilmədiyi.

Martın 13-də Ankarada baş vermiş terror və ardından da prezident Recep Tayyip Erdoğanın ayın 15-nə Bakıya nəzərdə tutulmuş səfərini ikinci dəfə ləğv etməsi də öngörülməsə belə normal qarşılana bilər. Yəni adamın ölkəsində o boyda faciə yaşanmaqdaykən, təbii ki, yurd dışı səfərlərini ertələməlidir.

Gözlənilməyən, hətta bəzi təhlilçilərin riskli hesab etdiyi ikinci gediş Prezident İlham Əliyevdən gəldi. Erdoğan Bakı səfərini ləğv edincə, “biz Ankaraya gələk, planlaşdırdığımız toplantını, görüşləri orda keçirək”, deməklə İ.Əliyev bütün dünyanı şoka salmış oldu. Heç kimin gözləmədiyi, ağlına gəlməyəcək bir gedişdi bu! Həm də bizim üçün, yerində, zamanında, mərdcəsinə alınmış qərardır!

Prezident İlham Əliyev bu gedişlə Azərbaycan-Türkiyə münasibətlərinin sadəcə sözdən ibarət olmadığını bir daha təsdiq etmiş oldu. Zatən bizim buna şübhəmiz yoxdu, amma dünyanın harasındasa, kimlərsə ümid edirdi ki, Azərbaycan sözdə “Bir millət, iki dövlət” deyir. Göründüyü kimi, elə deyil.

İlham Əliyev bu qərarı verməklə və dərhal da icra etməklə uzun illərin siyasət adamı kimi çox çevik davranma bacarığını bir daha ortaya qoydu. Bu çevikliyə bizim hər zaman, həm də çox ehtiyacımız var və olacaq. İşdə, dövlət başındakı Şəxsiyyətin məhz bu keyfiyyəti bütün ölkələr üçün arzuolunandır. Bu baxımdan, Azərbaycanın bəxtinin gətirdiyini bir daha görmüş olduq.

Prezident İ.Əliyev Türkiyə məsələsində ilk dəfə belə həssas davranmır, əlbəttə. Yəqin hər kəs xatırlayır ki, 2014-cü ilin aprelində Avropa Birliyinin şərq tərəfdaşlığı proqramı çərçivəsində Praqada (Çexiya) keçirilən toplantıda İ.Əliyev Türkiyənin yoxluğundan yararlanan Ermənistan prezidentinə nə cavab vermişdi. Ortalığı boş görən Serj Sargsyan saxta soyqırım iddialarıyla Türkiyəyə yüklənmişdi. Onun və heç kimin gözləmədiyi bir şəkildə Prezident İlham Əliyev söz alaraq, Sargsyanın cavabını vermişdi: “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, bundan yararlanırsınız. Amma mən buradayam, sizə cavab verirəm!”

İndi də Prezident İ.Əliyev Ankaraya səfərlə bağlı anidən aldığı qərarla birliyimizi istəməyənlərə tərs şapalaq vurmuş oldu.

Bax, bu adam İlham Əliyevdir! Azərbaycan Prezidenti, türklüyə və türk dünyasına hər addımda sahib çıxmağa hazır bir lider!
Bu xəbər oxucular tərəfindən 673 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed