Şrift:
Bu gün Bakıda Azərbaycanın xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovla vida mərasimi keçirilib.
23.03.2016 [21:02] - Gündəm, Bildiriş
Mərasimdə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, mərhumun qələm dostları, həmkarları və ailə üzvləri iştirak ediblər.

Vida mərasimində kinorejissor Oqtay Mirqasımov bildirib ki, Azərbaycan çox böyük və gözəl vətəndaşını itirdi: "Ədəbiyyatımız, kinematoqrafiyamız, sənətimiz, ümumiyyətlə, mədəniyyətimiz böyük ustadını itirdi. Belə iradəli, səmimi, mərd insanları, belə ustadları itirmək çox böyük bir zərbədir, böyük dərddir. Ruhu şad olsun".

Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski böyük müəllimini, böyük dostunu itirdiyini bildirib: "Məni Maqsud İbrahimbəyovla 30 ildən çox bir zaman bağlayır, dostluq və yaradıcılıq əlaqələri bağlayır. O mənim həm həyatda, həm də yaradıcılıqda müəllimim idi. Son telefon danışığında onun mənə son sözü bu oldu: "Özünü qoru!" O mənimlə belə vidalaşdı..."

Vida mərasimində çıxış edən Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatına, kinosuna ağır itki üz verdiyini deyib: "Ədəbiyyatımız Maqsudsuz qaldı. "Ondan yaxşı qardaş yox idi", "Uşaqlığın son gecəsi" kimi neçə-neçə ekran əsərinin müəllifi, Azərbaycan Dövlət mükafatı lauretı olan Maqsudu itirdik. Onunla 56 il dost olmuşuq. Kinoda ilk işimiz bir yerdə olub. Ağır günlərdə də, xoş günlərdə də bir yerdə olmuşuq. Hec vaxt təsəvvür etməzdim ki, onun dəfnində çıxış edəcəyəm. Bu gün mənim üçün onun haqqında danışmaq çox çətindir".

Mərhumun 1960-cı illərin yazıçılarından olduğunu xatırladan Anar M.İbrahimbəyovun xatirələrdə yaşayacağını deyib: "Azərbaycan xalqı istedadlıdır, yeni şairlər, yeni yazıçılar yetişdirəcək. Amma ikinci Vaqif olmadığı kimi, ikinci Maqsud da olmayacaq. Onu şəxsən tanımayanlar onun əsərlərini, tanıyanlar isə onun duzlu-məzəli xatirələrini yada salacaqlar".

Milli Məclisin deputatı Rafael Hüseynov bildirib ki, gələcək nəslin nümayəndələri onun yaradıcılığına tamam ayrı gözlə baxacaqlar: "Onlar bizim görmədiyimizi görəcəklər. Onun sənətinin sirləri gələcək illərdə daha çox üzə çıxacaq. Onun əsərlərinin hamısı bizimlə qalacaq. Maqsud və onun əsərləri vaxtın küləklərinə uymaması ilə yadda qalacaq".

R.Hüseynov deyib ki, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Azərbaycana qarşı xaricdən həmlələr olurdu, amma M.İbrahimbəyov Azərbaycanı müdafiə edirdi. O, özünün müdrikliklə, sarkazmla dolu yazıları ilə onlara cavab verirdi.

M.İbrahimbəyovun Azərbaycan üçün böyük xidmətlər göstərdiyini deyən R.Hüseynov onun Azərbaycanı böyük məhəbbətlə sevdiyini qeyd edib: "M.İbrahimbəyov rus dilində yazırdı. Bəzi dayaz insanlar rusca yazanları tənqid edirdi. Amma onun baxışlarında Azərbaycan elə görünürdü ki, başqasının gözündə onu elə görmək mümkün olmazdı".

Azərbaycanın xalq artisti Azərpaşa Nemətov deyib ki, Azərbaycan incəsənətinin, kinosunun Maqsudu dünyasını dəyişib: "Onun çox hazırcavab və iti düşüncəsi məni həmişə valeh edirdi. Gözəl hekayələr, povestlər yazardı. Onun əsərləri Avropada çox çap olunurdu. Əsərlərinin hamısının mərkəzində o özü idi. Sən görürdün ki, Maqsud kimdir, nə istəyir. Onun ruhu bu gün də bizi duyur, hiss edir. Biz Maqsudla vidalaşmırıq, ona "Gələn görüşlərədək" deyirik".

M.İbrahimbəyovun oğlu Murad İbrahimbəyov bildirib ki, atası yaradıcılığında istədiyinə nail olub və uğurlar əldə edib.

Mərhum sənətkarımız I Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, M.İbrahimbəyov martın 22-də 81 yaşında vəfat edib.
Bu xəbər oxucular tərəfindən 727 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed