Şrift:
Əhməd Obalı: “Azərbaycanla Türkiyə arasında kürd zolağı yaradırlar" - MÜSAHİBƏ
27.03.2016 [00:10] - Xəbərlər, Siyasət, Müsahibə
Güney Azərbaycan televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı İran və Güney Azərbaycandakı son vəziyyətlə bağlı tanınmış jurnalist Azər Sarıyevə müsahibə verib.

Dia.az saytında yayılan müsahibəni olduğu kimi təqdim edirik:

“Güney Azərbaycan milli hərəkatının liderlərindən biri, Amerika Birləşmiş Ştatlarından (ABŞ) yayımlanan GünAzTV-nin rəhbəri Əhməd Obalı ilə söhbətləşdik. DİA.AZ tanınmış jurnalist Azər Sarıyevin saytımız üçün götürdüyü həmin müsahibəni təqdim edir:

- İrandakı son seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?

- İranda iki önəmli seçki keçirildi: Ali qanunverici orqan olanMəclisəvə rəhbərliyi təyin edən Məclise Xobreqana, yaxud ekspertlər məclisinə seçkilər keçirildi. Hər iki seçkilərdə seçiləcək üzvlər əvvəlcədən təyin olunur və ona görə dətəbii ki, əsla və əsla demokratik və ədalətli seçkilər kimi qiymətləndirmək olmaz. Amma hər halda millətin önünə qoyulmuş təyinatlardan seçilmiş adamların siyahısına baxanda görürük ki, nəticələr mühafizəkarlar və inqilab keşikçiləri korpusunun istəklərinin əleyhinə olub. İranla Qərbin yaxınlaşmasına meyl göstərən insanlara daha çox səs verildi, nəninki İranla Qərbin daimi düşmənçiliyini istəyənlərə.

Əlbəttə ki, mühafizəkarlar bu seçkidə uduzdu, həm də çox böyük fərqlə uduzdu. Diqqət etsəniz, Tehranda mühafizəkarların siyahısının başında gələn Qulaməli Həddad Adil belə uduzdu. Tehran və ətrafından məclisə 30 nəfərin seçilməsi nəzərdə tutulur ki, bu yerlərə islahatçılar, yaxud da ortaq xətt tutan qrupun-hansı ki, Ruhaniyə və Rəfsancaniyə dəstək verirdilər-tərtib etdiyi siyahıdakı 30 namizədin hamısı istisnasız olaraq seçildi.Bunların içində yeddi-səkkizi tanınmış simalar idi. Yerdə qalanlar isə tanınmış deyildilər. Hətta bəzilərinin adı heç eşidilməmişdi. Ancaq adları islahatçıların siyahısında olduğu üçün onlara səs verdilər. Tehranla o biri şəhərlərin fərqinə baxanda görürük ki, Tehranda islahatçıların səs alması siyasi cəhətdən böyük mesaj idi. Tehranın başqa şəhərlərlə fərqi ondadır ki, digər şəhərlərdə namizdələr iqtisadi məzmunlu vədlər verirlərsə, Tehranda daha çox siyasi xarakterli proqramlarla seçkiyə gedilir, məsələn, nisbi də olsa, müəyyən azadlıqlarla bağlı danışılır. Odur ki, islahatçıların həm Milli Məclisdə, həm Eksperlər Məclisinə seçkilərdə böyük qələbə qazanması mühafizəkarlara ağır zərbə oldu. Məncə bir məsələyə diqqət etmək lazımdır ki, mühafizəkarlıq, Qərblə düşmənçilik siyasəti uduzdu. Hətta islahatçıların siyahısında bəzi mühafizəkar baxışlı namizədlər də var idi və bunu seçicilər də bilirdi. Amma onlara səs verdilər, çünki islahatçıların siyahısında idilər. Beləliklə, görürük ki, başda Xamneyi olmaqla mühafizəkarlar millət arasında öz legitimliyini itirməkdədirlər. Millət onları rədd etdi.

- Sizcə sözügedən seçkilərin nəticələrinin Azərbaycan türklərinin Güneydəki milli hərəkatına hansı təsirləri olacaqdır?

- Keçmişdəki məclis seçkilərindən fərqli olaraq belə qərara gəldik ki, bu seçkilərdə millət aktiv olsun. Çünki meydanı boş qoyanda bundan başqaları istifadə edirlər. Milli fəallarımız da, biz də televizyon olaraq bu qərara gəldik ki, millət meydanda olsun. Nəticədə gördük ki, namizədlərin bir çoxu milli məsələni gündəmə çıxardılar. Təbrizin, Urmiyənin,Ərdəbilin, Muğanın və bir çox şəhərlərin namizədləri, birinci mərhələdə seçilən nümayəndələri Ana Yasanın 15-ci maddəsinin tələbini, yəni türk dilində təhsil hüququnun həyata keçirilməsinin vacibliyini qaldırdılar. Bu baxımdan mədəni fəaliyyətimizin gedişatında sözügedən mərhələdən istifadə etməyimiz çox yaxşı oldu və düşünürəm ki, seçkilərin ikinci mərhələsində də həmin taktikadan istifadə olunmalıdır. Bu ancaq hərəkatımızın xeyrinədir. Bizim bu taktikamız rejimin maraqlarına ziddir. Rejim istəyərdi ki, biz passiv olaq, ancaq biz onu etmədik.

- “İslahat”, yaxud orta xətt tərəfdarlarının məclisdə təmsilçiliyi hərəkat üçün nə vəd edir?

- Biz mühafizəkarlara, islahatçılara və ya İranın içində olan hər hansı bir qola ümid bağlayıb evdə oturacağıqsa, səhv edirik. Ümidimiz öz fəaliyyətimizə olmalıdır. Tələblərimizi millətin elitasına, nümayəndələrinə çatdırmalıyıq. Rejim bizim passivliyimizi istəyir, ancaq biz aktiv olmalıyıq. Necə? Yaradılan istənilən şəraitdən istifadə etməklə. Necə ki, “Traktor” timinin oyunlarında milli şüarlar səsləndirirlər. Məclisə seçkilər də bir şəraitdir və biz bundan da yararlanmalıyıq. Əgər etməsək, bir də qalacaq dörd ildən sonraya. Qaldıqca da geri gedirik.

- İranın Qərblə münasibətlərinin nisbi normallaşması fonunda Azərbaycan türklərinin Güneydəki milli hərəkatının zəifləyəcəyi ilə bağlı bədbin proqnozlar səsləndirilir. Sizcə, bu yaxınlaşma İrandakı Azərbaycan türklərinə nə vəd edir?

- İran kimi teokratik, qeyri-demokratik dövlətlərin dünya ilə problemi olanda, bu vəziyyət həmin ölkənin ərazisində haqları tapdanan azlıqlara, müxaliflərə uyğun görünür. Bu baxımdan İran da istisna deyil. İran rejiminin Qərblə ixtilafları, problemləri olarsa, onun müxalifləri də bu şəraitdən istifadə edə bilərlər, öz səslərini dünyaya duyura bilərlər.Azərbaycanlıların isə vəziyyəti fərqlidir. Mübarizə tariximiz göstərir ki, biz heç zaman İranla Qərb arasında olan ən ağır böhrandan belə düzgün istifadə edə bilməmişik. Sözümüzü lazımi qədər eşitdirə bilməmişik və lazımi şəkildə təşkilatlanaraq özümüzü təsdiqləməmişik. Gördüyümüz işlər 30 milyonluq bir millət üçün qənaətbəxş hesab oluna bilməz. Daha çox işlər görə, ciddi nəticələr əldə edə bilərdik. Madam ki, özümüz şərait yarada bilməmişik, yaranmış şəraitlərdən, fürsətlərdən faydalanmalıyıq. Əgər böhrandırsa, böhrandan, münasibətlər yaxşıdırsa, bu vəziyyətdən istifadə etməliyik. İndi münasibətlər normallaşır. Şəxsən bu fikirdəyəmki, hazırki yaxınlaşma bir fürsətdir. Əvvəllər də müəyyən şərtlər var idi, lakin İndi daha yaxşı şərait yaranıb. Əgər enerjimizi toplaya, birləşə bilsək, daha çox işlər görə bilərik. Hazırda bizim mübarizəmiz üçün daha əlverişli şərait mövcuddur. İranla Qərbin arasında buzların əriməsi İranı məcbur edir ki, cəmiyyətə müəyyən azadlıqlar versin. Bizim mübarizəmiz kürdlərdən fərqli olaraq silahlı deyil, sivil, mədəni mübarizədir. Bu cür mübarizə taktikası üçün cəmiyyətdə müəyyən azadlıqların olması vacibdir. Bu baxımdan düşünürəm ki, hazırki durum bizim taktikamıza uyğundur.

- Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin İran səfərini necə qiymətləndirirsiniz?

- Azərbaycan bizim öz ölkəmiz, öz dövlətimiz olduğuna görə Azərbaycan Cümhuriyyətinin xarici ölkələrlə, o cümlədən, qonşuları ilə münasibətlərin yaxşılaşmasını təqdir edirik və dövlətimizin milli mənafelərinə uyğun hesab edirik. Bu, dolayısı ilə bizim də xeyrimizədir. Xüsusən də İranın Qərblə münasibətlərinin normallaşmasından sonra edilən bu səfəri xeyirli hesab edirik. Səfərin nəticələrini müsbət qiymətləndiririk.

- Hazırda İran dövlətinin ərazisində kürdlərin türklər yaşayan ərazilərdə məskunlaşdırılması siyasəti yürüdülür, daha doğrusu davam etdirilir. Halbuki kürdlərin regiondakı mövcud mövqeyi İİR hakimiyyəti üçün ciddi təhlükə vəd edir. İranın bu siyasətini necə şərh edərdiniz?

- Bu məsələnin tarixi kökləri, səbəbləri var. İran islamdan sonra təxminən 1000 ildən artıq bir dövrdə Azərbaycan türklərinin idarəçiliyində olub. Sarayda türk Qacar əyanlarının tabeçiliyində xidmət edənməmurlarının bir çoxu farslar idi. Fars milliyyətçiliyi heç zaman bununla barışmayıb. Azərbaycan türklərinə qarşı düşmənçilik davam edib. 1905-11-ci il Məşrutə inqilabı Qacarlar sülaləsinin süqutunu sürətləndirdi və diktatorun hakimiyyəti ələ keçirməsinə səbəb oldu. Təəssüf hissi ilə qeyd edim ki, Səttərxanın qəhrəmanlığına baxmayaraq, onun rəhbərliyi ilə başlayan inqilab Azərbaycan-türk sülaləsinin süqutuna, Azərbaycan türklərinə nifrət bəsləyən Pəhləvi sülaləsinin taxta çıxmasına səbəb oldu. Mən bu hadisəni tariximizin qara səhifələrindən hesab edirəm. Ona görə ki, öz əlimizlə özümüzə zərbə vurub diktatorun hakimiyyətə gəlməsinə kömək etmişik. Pəhləvilərin hakimiyyəti dövründə fars şovinzmi siyasəti həyata keçirildi, Azərbaycan türkləri ən amansız təzyiqlərə məruz qaldılar. Səbəb həm tarixi türk düşmənçiliyi, həm də azərbaycanlıların gücündən qorxu idi. Azərbaycnlıların Təbrizi uzun müddət əllərində saxlayıb Qacar qoşunlarını darmadağın etmələri bu qorxunu daha da artırmışdı. Azərbaycan türklərini Pəhləvilərqarşıda ciddi təhlükə hesab edirdilər. Ona görə hakimiyyətə gələn kimi cənubda ərəblərə, şimal-qərbdə Azərbaycan türklərinə qarşı fiziki və mədəni təzyiqlərə başladılar. Azərbaycan türkləri ən ağıq fiziki, sosial-iqtisadi məhrumiyyətlərlə qarşılaşdılar. Firdovsinin “Şahnamə”sindəki antitürk ruhu Pəhləvilərin etnik, mədəni siyasətində aparıcı xətt təşkil etdi və İslam inqilabından sonra da islam adı altında davam etdirildi.Azərbaycan türklərinə qarşı mübarizədə kürdlərdən də istifadə edirdilər. Əslində kürdlərdən o qədər də razı deyillər. Məqsəd dil və kök yaxınlığını ortaya atıb bizim əleyhimizə qaldırmaq üçün onlardan sui-istifadə etməkdir. Təəssüf ki, kürdlər də özləri bilmədən panfarsist siyasətə xidmət ediblər. Görürük ki, kürdlərin Urmiyə ətrafına yerləşdirilməsi dörd mərhələdə, ayrı-ayrı vaxtlarda həyata keçirilib. Əvvəlcə, 1918-ci il Güneydəki erməni soyqırımları zamanı Urmiyə ətrafında zorla boşaldılan Azərbaycan kəndlərinə kürdləri yerləşdirdilər. Sonra Rza şahın və daha sonra oğlu Məhəmməd Rza şahın zamanında kürd aşirətləri həmin bölgəyə yerləşdirildilər. Nəhayət, İran-İraq müharibəsi zamanı Xomeyninin göstərişi ilə həmin siyasət davam etdirilib. Bu siyasət hazırda da davam edir. Məqsəd bölgədə etnik balansı dəyişmək, türk amilini zəiflətmək və beləliklə, Türkiyə ilə Azərbaycan arasında kürd zolağı yaratmaqla türkləri bir-birindən ayırmaqdır. Farslarla dil yaxınlığını əsas gətirərək guya kürdlərə kömək edirlər. Hədəfləri kürdlərə kömək etmək yox, kürd-türk qarşıdurması yaradıb bundan öz mənafeləri üçün istifadə etməkdir. Qəti əmin edirəm ki, kürdlər bu siyasətə uymasalar, İran hakimiyyətinin bizə qarşı münasibəti necədirsə, onlara qarşı da eyni olacaqdır.”
Bu xəbər oxucular tərəfindən 1421 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed