Şrift:
Boksçularımız olimpiadaya hazırlaşır
31.03.2016 [00:06] - Gündəm, İdman
Türkiyənin Samsun şəhərində keçiriləcək boks üzrə Olimpiya Oyunlarının təsnifat yarışlarına ciddi hazırlaşan Azərbaycanın boks üzrə həm kişi, həm də qadınlardan ibarət milli komandaları martın 27-dən etibarən İtaliyanın Assizi şəhərində təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Boks Federasiyası məlumat verir ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında hazırlıq keçən kişilərdən ibarət komandamızın heyətində Rüfət Hüseynov, Elvin Məmişzadə, Cavid Çələbiyev, Lorenso Sotomayor, Kamran Şahsuvarlı, Teymur Məmmədov, Abdulkadir Abdullayev və Məhəmmədrəsul Məcidov məşqlərini davam etdirirlər.

Komandamızın böyük məşqçisi N.Abdullayev hazırlığın plana uyğun şəkildə, yüksək templə davam etdiyini deyib. O, artıq sparrinq döyüşlərin keçirildiyini də vurğulayıb.

Qadınlardan ibarət millimizə gəlincə, Əzizə Abbasova, Anaxanım Ağayeva, Ayzamat Hacıyeva, Məryəm Cəbrayılova və Viktoriya İsmayılova baş məşqçi Aleksandr Denisovun rəhbərliyi altında İtaliyaya yollanıb.

Qeyd edək ki, təlim-məşq toplanışı aprelin 6-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed