Şrift:
"Azərbaycan – multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?”
31.03.2016 [15:55] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bu bir danılmaz faktdır ki, tarixən Azərbaycanda təkcə İslam deyil, eyni zamanda digər dinlərin və xalqların nümayəndələri də bizimlə birgə, bərabər, yaşayıb, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini və milli inanclarını icra ediblər. Tarixin müxtəlif dövrlərində ölkəmizdə qeyri-İslam dinindən olan insanlar üçün də ibadət yerləri, kilsələr, sinaqoqlar fəaliyyət göstərib və bu gün də onlar öz fəaliyyətlərini davam etdirirlər. Azərbaycan Respublikasında əhalinin 96 faizini müsəlmanlar, yerdə qalan hissəsini isə digər dinlərin mənsubları təşkil edirlər. Hər kəsə bəllidir ki, Azərbaycanda dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Dövlətin konfessiyalara münasibətində də bərabərlik prinsipi mütləq mənada qorunur.

Millət vəkili Fərəc Quliyev deyir ki, istənilən bir tədbirin hər hansı bir ölkədə keçirilməsi həmin dövlətin nüfuzunun göstəricisidir: “Bu baxımdan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın əhəmiyyətini göstərən bir məsələdir. Azərbaycan tolerant bir ölkədir, burada həm etnoslararası, həm də dinləarası münasibətlər normaldır. Artıq Azərbaycan dünya tərəfindən nümunə kimi göstərilir ki, bizdə tam tolerant bir mühit var. Ermənistandan fərqli olaraq bura monoetnik bir ölkə deyil və Azərbaycanda müxtəlif mədəniyyətlər cəmlənib. Ona görə də mədəniyyətlərarası, sivilizasiyalararası, dinlərarası dialoqda da Azərbaycan mühüm rol oynayır”. Millət vəkili bildirib ki, belə mötəbər forumlar Azərbaycan, eləcə də Azərbaycanı işğal edən bir ölkə barədə qiymətin verilməsi üçün əlverişli fürsətdir: “Hesab edirəm ki, bu əhəmiyyətli bir tədbirdir və Azərbaycanın da bundan ciddi şəkildə faydalanmaq imkanı var. Həmçinin bu kimi forumlar Azərbaycanın təbliğatı, onun dünyada daha yaxından tanıdılması, problemlərinin beynəlxalq aləmə çatdırılması, ölkəmizdə multukulturalizmin mövcud olduğunun dünyaya bəyan edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir”.

Süleyman İsmayılbəyli
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed