Şrift:
İcra Hakimiyyətləri ləğv olunsun! - Təklif
02.04.2016 [10:57] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bu gün Azərbaycanın bölgələrində fəaliyyət göstərən İcra hakimiyyətlərindən gələn narazılqlardan dolayıdır ki, prezident ard-arda imzaladığı sərəncamlarla bir neçə başçını vəzifəsindən azad etdi.

Modern.az saytı yazır ki, icra başçıları çox zaman vətəndaşlarla kobud rəftarı, laqeyd münasibəti ilə gündəmə gəlib. Sovet dövrünün idarəetmə sisteminin təsirindən irəli gələn haldır ki, bəzi icra başçıları özlərini az qala əyalət padşahı kimi aparırlar. Diqqətçəkən maraqlı məqamlardan biri də onların kommunist ruhlu olmasıdır. Müqayisə edəndə icra başçılarının sovetin raykom katiblərindən fərqlənmədiyini görürük. Böyük çoxluğun məhz sovet dövrünün adamları olması bu fikri əsaslandırmağa kifayət edir.

Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya komitəsinin üzvü Fərəc Quliyev sayta deyib ki, icra başçılarının səlahiyyətləri bələdiyyələrə verilməlidir:

“Ümumiyyətlə, idarəetmədə ara strukturlar var ki, onlar əlavə xərc aparırlar. Yuxarıda işi görən aktiv qurum və aşağıda da icraçılar olursa, məsələ bitmiş sayılır. İkinci tərəfdən icra strukturlarının hesabına bələdiyyələrin səlahiyyətini artırmaq şərtilə icra strukturlarını tədricən aradan çıxarmaq lazımdır. Bu halda işi bələdiyyələrə vermək əhəmiyyətlidir ki, yerli idarəetmədə həm hüquq, həm də məsuliyyət bölgüsü olsun. Bundan əlavə, ölkədə struktur islahatları gedir, müəyyən qurumlar birləşdirilir. Hazırki vəziyyətdə, islahatların bitmədiyi dövrdə mövcud icra strukturlarının işinin də bir çoxunun effektinin olmadığı qənaətindəyəm”.

Deputat sadalananların bütün icra başçılarına şamil edilməsinin düzgün olmadığını vurğulayıb:

“Hesab edirəm ki, nöqsanları bütün icra başçılarına da yapışdırmaq olmaz. Çox ləyaqətlə işini görə bilən, bacarıqlı, insanlarla normal münasibətdə olan icra başçıları da var. Amma böyük əksəriyyəti isə özünü yerlərdə padşah kimi aparır, ölkənin nüfuzuna xələl gətirəcək addımlar atırlar. Təbii ki, onlar da cəzalanır və bir çoxları yerindəcə vəzifəsindən azad edilir. Bu tendensiya yerindədir və davam edəcək.

Düşüncəmə görə, ictimai qınaq da aktivləşməlidir. Prezidentin də çağırışı oldu ki, aşkarlıq, ictimai nəzarət olsun, məsələlərlə bağlı ona məlumatlar verilsin. Parlamentdə qanunverici baza yaradıldı. Həm “İctimai nəzarət haqqında”, həm də “İctimai iştirakçılıq haqqında” qanunlar imkan verir ki, cəmiyyətin özü də belə adamların yerində olmasını təmin etsin.

Bu nəzarətdən daha çox adamların özünün yapısından da çox şey asılıdır. Adamlar başa düşməlidir ki, ölkənin çətin vəziyyətində israfçılıq, özbaşınalıq olmaz. Ciddi şəkildə axtarışda olmaq lazımdır. Hər bir rayon dotasiyadan qurtulmaq üçün alternativ variantlar təklif etməlidir. Hesab edirəm ki, xeyli icra başçısı dəyişilməlidir”.
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed