Şrift:
Fərəc Quliyev: “Azərbaycan parlamentində Türkiyəyə qarşı sərt fikirlər səslənsəydi...”
07.04.2016 [11:41] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Dəmirtaşın ermənilərə dəstəyi ölkəmizdə hiddətlə qarşılanıb; deputatlarımız onunla bağlı Türkiyəyə müraciət edə bilərlər

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşın 4 günlük Azərbaycan-Ermənistan savaşında düşmən ölkəni dəstəkləyən bəyanatla çıxış etməsi cəmiyyətimiz tərəfindən hiddətlə qarşılanıb. Zaman-zaman Türkiyə əleyhinə çıxışlar edən, Türkiyə-Rusiya münasibətlərində şimal qonşumuzu müdafiə edən kürdlərin lideri bir daha əsl simasını göstərdi. Özü də Türkiyənin qardaş ölkəsinə qarşı...


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Dəmirtaşın bölücü bir quruma rəhbərlik etdiyini bildirdi: “Onun Moskva səfəri zamanı etirazlar olmuşdu. Rusiyada Türkiyə əleyhinə danışıqlar aparan şəxsdir. Bu hərəkətindən aydın olur ki, Azərbaycan və Türkiyənin ortaq düşmənləri var. Hər iki dövlətə qarşı oxşarı ssenarilər həyata keçirirlər. Belə şəxslər barəsində dərhal müvafiq addımların atılmasının tərəfdarıyam. Dəmirtaş və bu tipli şəxslər barəsində Türkiyə parlamentində dəfələrlə müzakirələr aparılıb, MHP və CHP kimi müxalif partiyalar öz iradlarını bildiriblər. Amma hələ ki belə fikirlər bəyanat şəklində qalıb. Əgər bu gün Azərbaycan parlamentində Türkiyəyə qarşı sərt fikirlər səslənsəydi, əlbəttə sərt cavablar verərdik. Düşünürəm ki, Türkiyədə də bu tipli cavablar olmalıdır. Dəmirtaşın son bəyanatının Milli Məclisdə müzakirə olunması labüddür. Bununla bağlı Türkiyə parlamentinə də müraciət edə bilərik. Dəmirtaşın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərlə bağlı tədbir görülməsi üçün. Türkiyə və Azərbaycanın ortaq düşməninə dəstək verən şəxs, hər iki dövlətin düşməni sayılır. Hansı ölkədə yaşamasından asılı olmayaraq”.



Cavanşir ABBASLI
Musavat.com
Bu xəbər oxucular tərəfindən 1164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed