Şrift:
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından şəhidlərin ruhuna ehsan verilib
08.04.2016 [10:53] - Gündəm, Bildiriş
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna aprelin 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib.

Heydər Məscidində təşkil olunan ehsan mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Vətən torpaqlarının azadlığı uğrunda mübarizədə şəhid olan və yaralanan hərbçilərin anaları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son günlər qoşunların təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri, həmçinin yaxınları ilə görüşdü.

Mehriban Əliyeva şəhid analarına və onların doğmalarına dərin hüznlə başsağlığı verdi, yaralılara şəfa dilədi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra müqəddəs Qurani Kərimdən ayələr oxundu. Qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verildi.

Birinci xanım Mehriban Əliyeva son günlərdə Vətən torpaqlarının azadlığı uğrunda şəhid olan 31 hərbçinin ailə üzvlərinə, yaxınlarına başsağlığı verdi, yaralıların tezliklə sağalmasını arzuladı. Şəhid hərbçilərimizin qohumları ağır itki ilə üzləşdiklərini söyləsələr də, şəhidlərimizin hər bir vətəndaş üçün müqəddəs olan Vətən uğrunda öz canlarından keçdiklərini dedilər. Qeyd etdilər ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına verdiyi tutarlı cavabdan qürurlanırlar. Onlar bildirdilər ki, Azərbaycan Ordusu xalqımıza erməni silahlı birləşmələrinə qarşı apardıqları əməliyyatlarda qazanılan zəfərin sevincini yaşadıb. Şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri Azərbaycan Ordusundan yeni qələbə xəbərləri eşitmək arzusunda olduqlarını dedilər. Azərbaycanın tezliklə işğal altındakı torpaqlarının geri qaytarılacağına əminliklərini ifadə etdilər. Göstərilən diqqət və dəstəyə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlıqlarını bildirən şəhid və yaralı hərbçilərimizin ailə üzvləri qüdrətli ordumuzun düşmənlərimizə vurduğu sarsıdıcı zərbələrdən qürur hissi keçirdiklərini bildirdilər.

AZƏRTAC-ın müxbiri mərasimdə şəhidlərin anaları və yaxınlarından müsahibələr alıb.

Şəhid Ruhin Qəhrəmanovun bibisi dedi: "Allah Prezidentimizə cansağlığı versin. Soydaşlarımıza, bütün oğullarımıza şəhidlərimiz kimi qeyrətli olmağı arzulayıram ki, hamısı Vətənimiz uğrunda son damla qanlarına qədər vuruşsunlar. Oğullarımızın hünəri bizi qürurlandırır. Şəhid balalarımız öz hünərləri ilə başımızı uca etdilər. Onlar Azərbaycanımızın adını bütün dünyada ucaltdılar. Bütün dünya bilsin ki, Azərbaycanın belə qəhrəman oğulları var, Vətənimiz, torpağımız, Prezidentimiz uğrunda canlarından keçməyə hazırdırlar".

Şəhid Rasim Məmmədovun həyat yoldaşı dedi: "Yoldaşım şəhid olub. Fəxr edirəm ki, mənim yoldaşım torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Onun iki övladı var. İstəyirəm onlar da ataları kimi Vətənini, millətini sevən, onun şərəfli yolunu davam etdirən övladlar olsunlar. Biz dövlətimizin qayğısından, Prezidentimizdən, birinci xanımımızdan çox razıyıq. Biz onun qayğısını həmişə hiss etmişik. Hərbçilərə və onların ailə üzvlərinə göstərdiyi qayğıya görə çox minnətdaram".

Şəhid kəşfiyyatçı Nicat İsgəndərovun anası dedi: "Övladım Vətən uğrunda şəhid olub. O, vətənsevər övlad idi. Vətəni sevən igid övladım qəhrəmancasına həlak olub. Nicat iki il idi ki, nişanlı idi. Buradan nişanlısına demək istəyirəm ki, qızım, dözümlü ol, çünki sənin qəhrəman nişanlın Vətən uğrunda şəhid olub. Vətən sağ olsun! Allah bütün şəhidlərə rəhmət eləsin. Hər zaman başım ucadır. Övladımla fəxr edirəm. Övladımla yanaşı, bütün şəhidlərlə fəxr edirəm. Mən şəhid bacısı kimi qızıma, şəhid nişanlısı kimi gəlinimə deyirəm ki, hər zaman başınızı dik tutun".

Şəhid Urfan Vəlizadənin həyat yoldaşı dedi: "Mən Urfanın adını qürurla daşıyıram. Onun balaları - qızları onun yolunu gözləsələr də, başa düşürlər ki, onların atası qəhrəmandır. Biz çox sevinirik ki, şəhidlərimiz canlarını qurban versələr də düşmənlərimizə qalib gəliblər. Urfan həmişə deyirdi ki, biz torpaqlarımızı mütləq azad etməliyik, bu problemi bizdən sonrakı nəsillər üçün saxlaya bilmərik. Necə olursa-olsun torpaqlarımızı azad etməliyik. Biz öz torpaqlarımızı heç kəsə verməyəcəyik. Allah bütün şəhidlərə rəhmət eləsin. İndi yoldaşım bizim arxamızda dura bilməsə də, dövlət bizim arxamızda durur. Dövlətimiz övladlarımızı atasız böyüməyə qoymaz. Sağ olsun dövlətimizin başçısı".

Şəhid Bəkir İsmayılovun həyat yoldaşı dedi: "Mənim yoldaşım Mİ-24 helikopterində vurulub. Mən onunla fəxr edirəm. Bütün şəhid analarına isə səbir diləyirəm. Biz fəxr etməliyik ki, belə igid oğullarımız var. Vətənimiz sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dövlətimiz bizə çox gözəl qayğı göstərir. Bütün şəhid valideynlərinə, şəhid ailələrinə qayğısı çox gözəldir. Çox sağ olsun millətimiz, çox sağ olsun Prezidentimiz. Qürur hissi ilə söyləyirik ki, bizim belə bir Prezidentimiz var. Ona qayğısına görə çox minnətdaram".

Təyyarəçi mayor Təbriz Musazadənin həyat yoldaşı dedi: "Yoldaşım aprelin 2-də gedən döyüşlərdə şəhid oldu. Mən onunla fəxr edirəm. Övladlarım da fəxr edir ki, onun kimi ataları olub. Düşməndən qisasımızı alacağıq. Çünki bizim o cür qəhrəman övladlarımız var. Bizim qeyrətli Prezidentimiz var. Vətən sağ olsun!"
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed