Şrift:
İsmayıl Ağakişiyev: Azərbaycanlı Şuşasız necə yaşaya bilər?
09.04.2016 [14:22] - Gündəm, Mədəniyyət
"Təsəvvür edin ki, başqa dövlətin qoşunları Rusiyanın ərazisindədir. Bu halda Rusiyanın hakimiyyət orqanları və Rusiya xalqı nə etməlidir? Onlar əvvəlcə bu məsələni sülh yolu ilə həll etməyə çalışmalıdırlar, məsələni dinc yolla həll etmək mümkün olmadıqda isə xalq ayağa qalxacaq və məsələ hərbi yolla həll ediləcək. Biz özümüz bunu tarixdən bilirik - Böyük Vətən Müharibəsindən başlamış bu günə qədər".

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev bu fikirləri Rusiyanın Milli Xəbər Xidməti İnformasiya agentliyində "Qarabağ münaqişəsi zonasında amanabənd barışıq: sülhü necə qoruyub saxlamalı?" mövzusuna həsr edilmiş mətbuat konfransında söyləyib.

İ.Ağakişiyev deyib: "Biz Qarabağda barışıq yox, sülh istəyirik. Bu ərazidə sülhün bərqərar olması üçün əvvəlcə baxaq görək, hansı dövlətin ərazi bütövlüyü pozulub və hansı dövlətin qoşunları başqa ölkənin ərazisindədir. Əgər Azərbaycan Silahlı Qüvvələri Ermənistanın ərazisində olsaydı, onda bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar və aparıcı dövlətlər həmin qoşunların oradan çıxarılması üçün Prezident İlham Əliyevə müraciət etməli olardı. Lakin əgər Ermənistan qoşunları Azərbaycanın ərazisindədirsə, onlar bu ərazini tərk etməlidirlər".

Alimin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk etməlidir. O deyib: "Vurğulayıram, söhbət Azərbaycan ərazisində yaşayan və dinc mülki əhali olan ermənilərdən yox, xarici dövlətin silahlı qüvvələrindən gedir. Bu məsələ bağlanandan sonra biz barışıq barədə deyil, tamdəyərli sülh və dövlətlər arasında əməkdaşlıq barədə danışacağıq".

Tarixçi alim qeyd edib ki, əgər bu məsələ açıq qalarsa, onda təəssüf ki, müharibə başlanması barədə danışmaq lazım gələcək. Bu isə nə erməni xalqına lazımdır, nə də Azərbaycan xalqına.

İ.Ağakişiyev ermənilərin Qafqaza köçürülməsinin tarixi mövzusuna toxunaraq xatırladıb: "Rusiyalı diplomat Aleksandr Qriboyedov öz məqalələrində yazırdı: "Biz çox qorxurduq ki, bu ərazilərdəki azərbaycanlılar erməniləri qəbul etməyəcəklər, fikirləşəcəklər ki, bir vaxt onlar həmin ərazilərə iddia edəcəklər". Qriboyedov belə düşünürdü, amma azərbaycanlılar bu cür fikirləşmirdilər".

İ.Ağakişiyev bildirib ki, Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq. O deyib: "Azərbaycan tarixən haçansa ona məxsus olmuş ərazilərin heç birinə iddia etmir. Azərbaycan öz ərazi bütövlüyünü qoruyub saxlamaq istəyir. Qarabağda Şuşa şəhəri var. Şuşa hər bir azərbaycanlının ürəyidir. İnsan ürəksiz necə yaşaya bilər?!"

İ.Ağakişiyev vurğulayıb ki, azərbaycanlılar və ermənilər gec-tez sülhə gəlməlidirlər: "Biz qonşuyuq və bir ərazidə yaşayırıq, atalarımızın məzarları bir torpaqdadır. Biz gələcək nəsillərimizə miras qoyub gedəcəyimiz dünya barədə fikirləşməliyik".
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed