Şrift:
Fərəc Quliyev: “Ermənistan atəşkəsə əməl etməsə, müharibə fəal fazaya keçəcək”
15.04.2016 [10:48] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Ermənistan və Azərbaycan arasında atəşkəs elan olunmasına baxmayaraq, cəbhədən atəş səsləri gəlməkdə davam edir. Düşmən tərəf orta hesabla gün ərzində Azərbaycanın mövqelərinə 100-dən çox atəş açır. Halbuki atəşkəs elan olunanda rəsmi Bakının mövqeyi bu oldu ki, əgər Ermənistan rejimə əməl etməsə, təxribat addımları atsa, Azərbaycan hərbi əməliyyatları davam etdirəcək.

Lakin xalqın da gözləntisinin əksinə olaraq, hakimiyyət hərəkətə keçmir. Analitiklər Azərbaycanın yalnız cavab atəşlərilə düşməni susdurması və əməliyyatlara başlamamasını birmənalı qəbul etmirlər. Bu, Rusiya və Azərbaycan arasında əldə olunmuş, amma detalları açıqlanmayan anlaşmanın tərkib hissəsi kimi qəbul olunur. Gələn məlumatlara görə, anlaşma var və bunun şərtləri razılaşdırılma mərhələsindədir. Şərtlər Azərbaycanın dövlər maraqları kontekstindən kənara çıxacağı halda hərbi əməliyyatların yenidən başlayacağı da istisna olunmur. Rusiyanın Baş naziri Dmirtri Medvedyevin Azərbaycan səfərində müəyyən razılaşmanın olması, lakin şərtlərin nəzərdən keçirilmə mərhələsində olduğu və tərəflər arasında müvafiq sənədin yaxın günlərdə imzalanacağı da gələn məlumatlar arasındadır.

Rəsmi Bakının da beynəlxalq təşkilatlar, Rusiya və ABŞ-ın çağırışlarına cavab olaraq əməliyyatları dayandırarkən əsas tələbi bu oldu ki, danışıqlar nəticə verməsə, Azərbaycan əməliyyatlara yenidən başlayacaq. Görünən də budur ki, Azərbaycan gözləmə mövqeyindədir və yaranmış sakitlikdən istifadə edən Ermənistan diplomatik variantın nəticə verdiyini görərək, münaqişə dönəminin son güllələrini atır. Ekspertlər bunu Azərbaycana uduzan Ermənistanın cığallığı kimi də qiymətləndirir.


Millət vəkili Fərəc Quliyev “Cümhuriyət”ə bildirib ki, Müdafiə Nazirliyinin verdiyi bəyanatlarda Ermənistanın atəşkəs elan olunduqdan sonra çoxlu sayda rejimi pozduğu bildirilir.

F.Quliyevin sözlərinə görə, Azərbaycan cavab atəşilə düşməni susdurub:

“Cavab atəşləri var, sadəcə, müharibənin fəal fazaya keçməsi məsələsi yoxdur. Göründüyü qədər Azərbaycan böyük dövlətlərin və beynəlxalq təşkilatların çağırışlarına əməl edir. Əgər onlar danışıqlar yoluyla məsələni həll etməyə çalışırlarsa, Ermənistan tərəfə də bəhanə verməməlidirlər. Hesab edirəm ki, mövcud vəziyyət çox çəkməyəcək. Danışıqlar nəticə verməsə, Ermənistan atəşkəs rejiminə əməl etməsə, Azərbaycan tərəfi müharibəni fəal fazaya keçirəcək”. Fərəc Quliyev Rusiyanın bu məsələlərdə iştirakından daha çox, Azərbaycanın “Biz bir müddət atəşi saxlayırıq, buyurun tədbirlər görün” kimi gözləntiyə söykəndiyini düşündüyünü bildirib: “Rusiya son davranışlarında normal hərəkətlər etmədi. Medvedyev bölgəyə səfərindən Moskvaya qayıdan kimi “Mən itkilərə yol açan müharibədənsə, mövcud status-kvonun saxlanılmasını istəyirəm”, - dedi. Bu, Rusiyanın vaxt uzatması, bölgəyə bazar kimi baxması, regionda öz nüfuz dairəsini qorumaq cəhdləridir. Rusiyalı diplomatlar məsələyə münasibətlərində Kremlin maraqları kontekstindən çıxış edirlər. Buna görə də düşünmürəm ki, atəşkəsin elan olunmasından sonra Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın hərbi əməliyyatlara başlamaması Rusiya ilə bağlıdır. Azərbaycan öz maraqlarına uyğun olaraq ehtiyatlı davranır. Rusiyanın da şərtlərinin olması istisna deyil. Rusiya müəyyən təkliflər daxilində sülh sazişinin imzalanmasında rol oynaya bilər, amma bu təkliflər Azərbaycanın milli maraqlarına uyğun deyilsə, bunlar heç vaxt qəbul olunmayacaq”.

Mənsur
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed