Şrift:
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxansında AMEA Naxçıvan Bölməsinin kolleksiyasının təqdimatı keçirilib.
15.04.2016 [10:55] - Gündəm, Mədəniyyət
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kolleksiyaya daxil olan “Naxçıvan tarixi” çoxcildli kitabının əhəmiyyətindən danışıb, onun tariximiz üçün dəyərli töhfə olduğunu vurğulayıb. Akademik bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 6 avqust 2012-ci il tarixli sərəncamı ilə AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetində çalışan müəlliflər kollektivi 3 cilddən ibarət “Naxçıvan tarixi” kitabını hazırlayıb. Nəşr Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu diyarın qədim tarixini, ayrı-ayrı mərhələlərdəki inkişaf səviyyəsini, ölkəmizə və dünyaya bəxş etdiyi görkəmli siyasi və ədəbi şəxsiyyətləri, müstəqillik uğrunda mübarizəsini və müasir inkişafını əks etdirən samballı monoqrafik tədqiqatdır. Akademik qeyd edib ki, kitabda, həmçinin Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi dövlət müstəqilliyinin təmin edilməsi, möhkəmləndirilməsi yollarındakı xidmətləri geniş şəkildə öz əksini tapır. “Naxçıvan tarixi” çoxcildliyi azərbaycançılıq, vətənpərvərlik, milli dövlətçilik düşüncəsinin daha da dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Alim onu da əlavə edib ki, kitab hazırlanarkən ilk dəfə olaraq Naxçıvan əhalisinin etnogenez tarixi, ilkin məskunlaşma və şəhər mədəniyyəti yerləri ilə bağlı sistemli tədqiqat işləri aparılıb. Qədim və orta əsrlərə aid ən yeni elmi istiqamət və arqumentlər, müstəqillik dövründə aparılmış arxeoloji tədqiqat materialları ilk dəfə olaraq tədqiqata cəlb edilib. “Naxçıvan tarixi” çoxcildliyində bəhs edilən hər bir hadisə və tarixi dövrün arxasında ciddi elmi fakt və dəlillər, konkret arxeoloji materiallar dayanır. Bu isə onun elmi tutumunu və dəyərini daha da artırır.

AMEA Rəyasət Heyəti kitabın aktuallığı və azərbaycançılıq ideologiyasının təbliği baxımından əhəmiyyətini nəzərə alaraq, 17 fevral 2016-cı ildə keçirilmiş iclasında əsəri 2015-ci ilin ən mühüm elmi nəticəsi hesab edib və “Naxçıvan tarixi” 3 cildlik kitabının müəlliflər kollektivinin 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunması ilə əlaqədar qərar qəbul edib.


AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed