Şrift:
Qarabağ mövzusunda Azərbaycana kimlər tələ qurur? - MÜZAKİRƏ
16.04.2016 [11:41] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Qarabağ cəbhəsində 4 günlük döyüşlərdən sonra Rusiyanın hakim dairələrinə yaxın olan politoloq Sergey Markov bildirdi ki, bu ilin dekabrına kimi ermənilər 5 rayonu boşaldacaqlar. Ardınca da Azərbaycanın qaçqın əhalisi öz doğma yurdlarına qayıdacaq, Vladimir Putin isə dünən canlı yayımla verdiyi bəyanatda isə Qarabağla bağlı bir sıra üstüörtülü fikirlər səsləndirdi. RF prezidenti bildirdi ki, onlar Qarabağ məsələsində yanılıblar:

“Biz elə bilirdik ki, bu dondurulmuş münaqişədir və tərəflər arasında razılığa gəlmək mümkündür. Son baş verən hadisələr göstərdi ki, biz yanılmışıq”.

Üstəlik, Putinin Qarabağ münaqişəsi haqqında danışarkən hiddətləndiyi və hədə dolu sözlərdən istifadə etdiyini də, sezməmək mümkün deyildi.

Bəs dördgünlük savaşdan sonra münaqişənin həlli ilə bağlı nə kimi dəyişmələr var? Putinin “biz yanılmışıq” fikri nəyə işarədir? Almaniyanın 7 bəndlik “sirli həll planı” nədən xəbər verir? ABŞ-ın son günlər Dağlıq Qarabağla bağlı ağzına su alıb susmasının səbəbi nədir?

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu hafta.az-a açıqlamasında deyib ki, Amerika son vaxtlar bir qədər passivlik nümayiş etdirir:

“Doğrudur, Con Kerrinin Lavrovla Dağlıq Qarabağla bağlı telefon danışı oldu. Amerikanın passivliyi ona gətirib çıxaracaq ki, Rusiya Cənubi Qafqazda təkbaşına oyunçuya çevriləcək. Bu da Amerikanın maraqlarına cavab vermir. Ona görə də yaxın zamanlarda Amerikanın da münaqişənin həlli ilə bağlı aktivləşməsinin işartılarını görə bilərik. Amerikalı rəsmilərin bu istiqamətdə gəlib danışıqlar aparmasını da gözləyirik. Rusiya istəsə, prosesi sürətləndirə bilər. Münaqişənin həllində əsas açar Moskvanın əlindədir. İndi Rusiyanın münaqişənin həll edilməsini söyləmək çətindir”.

Politoloq həmçinin bildirib ki, bəzən bizdən tələb edilir ki, Dağlıq Qarabağın statusunun təyin edilməsi vaxtı həmin sənədlərdə göstərilsin:

“Almaniyanın münaqişənin həlli ilə bağlı 7 bəndlik paketi olsa da, bilmirik, onun içərisində nələr var. Vladimir Putin dünənki çıxışında böyük ehtimalla Kazan prinsiplərini nəzərdə tuturdu. Adıçəkilən prinsiplər 5 il əvvəl Kazan görüşləri nəticəsində ortaya çıxmışdı. Əslində, o da Madrid planının bənzəridir. Yəni, işğal altındakı torpaqlar boşaldılmalı və qaçqınlar geri – öz yurd-yuvalarına dönməlidir. Orada bizim üçün təhlükəli məqam statusla bağlıdır. Biz həmin statusla razılaşa bilmərik. Ona görə ki, Dağlıq Qarabağın statusu ancaq sonrakı mərhələdə müzakirə oluna bilər. Bəzən bizdən tələb edilir ki, Dağlıq Qarabağın statusunun təyin edilməsi vaxtı həmin sənədlərdə göstərilsin. Biz buna heç bir halda gedə bilmərik. Azərbaycan üçün vacib olan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır. Dördgünlük savaş əslində Rusiya və Ermənistan hakimiyyətinə ciddi bir mesaj idi. Onlar mütləq mənada Dağlıq Qarabağ ətrafındakı 7 rayonu boşaltmalıdırlar. Bunun üçün də Rusiya və beynəlxalq aləm Ermənistan hakimiyyətinə təsir etməlidir. Bunun da başqa həll variantı yoxdur. Ruiyanın paket həll variantı bizim üçün məqbul deyil və biz bunu qəbul edə bilmərik. Rusiya son zamanlar münaqişənin nizamlanması ilə bağlı təkbaşına vasitəçilik edir. Təəssüf ki, digər iki həmsədr - Fransa və Amerika passivdirlər. Almaniya ATƏT-in hazırkı sədridir. Əgər 7 bəndlik təkliflər paketi varsa, bunu müzakirəyə çıxarmaq lazımdır. Ən azından Almaniyanın xarici işlər naziri Bakı və İrəvana səfər etməlidir. Ona görə də, təkliflər paketində nələrin olduğunu deyə bilmirik. Almaniyanın münaqişəyə baxışı bizim üçün bir qədər müsbətdir. Çünki almanlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bu məsələyə ədalətli yanaşırlar”.

Məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyev hafta.az-a açqılamasında deyib ki, müxtəlif “həll yolları” ilə Azərbaycanı tələyə salmağa çalışırlar:

“Rusiya ordusunun sülhməramlı adı ilə Azərbaycan ərazilərinə daxil olmağa çalışırlar. Əslində, bu münaqişəni yaradan Rusiya onun bəhrələrini dadmaq istəyir. Yəni, Azərbaycana yenidən bu formada qayıtmaq istəyir. Azərbaycan heç bir dövlətin təkbaşına sülhməramlı qüvvə kimi gəlməsinə razı olmayacaq. Sülhməramlı qüvvələr də işğal olunmuş ərazilərlə Aran ərazisi arasında yerləşə bilməz. Sülhməramlı qüvvələr yalnız Ermənistan–Azərbaycan sərhəddində yerləşə bilər. Adıçəkilən qüvvələrin də sərhəddə yerləşdirilməsi yalnız bir şəkildə - Türkiyənin, Pakistanın, Amerikanın, Almaniyanın istərsə də Rusiyanın birgə iştirakı ilə mümkündür. Azərbaycanı tələyə salmaq istəyirlər. Bizim olanı minnətlə bizə qaytarmağa çalışırlar. Ermənilər sadəcə olaraq Dağlıq Qarabağın iddiasında idilər və 7 rayonu da bufer zona kimi işğal ediblər. 7 rayonun qaytarılması məsələnin həlli deyil. Məsələnin həlli bütün işğal olunmuş ərazilərin azad edilməsindən keçir”.


Fərəc Quliyev həmçinin deyib ki, 3-4 günlük müharibəyə qədər demək olar ki, Azərbaycanın mövqeləri nəzərə alınmırdı:

“Yeni təkliflər irəli sürülür. Buna "Madrid prinsipləri"nin yeniləşmiş formaları da deyirlər. Kim nə təklif verir öz işidir. Bizim mövqeyimiz çox sadədir; işğalçılar Azərbaycan torpaqlarından çıxmalıdır. BMT tərəfindən tanınan ərazi bütövlüyümüzə hörmət olunmalıdır. Dağlıq Qarabağda yaşayan erməni əsilli etnoslara da bütün zamanlarda ən böyük hüquqlar verilib. Onların hüququ heç vaxt tapdanmayıb. Mərhələli planda kim nə təklif edirsə, o təklif səviyyəsində qala bilər. Onların təkliflərini qəbul edib-etməmək Azərbaycanın ixtiyarındadır. Əgər biz güclü olarıqsa, yenidən toparlanarıqsa, hər kəs yenidən bizimlə hesablaşmaq məcburiyyətində qalacaq. 3-4 günlük müharibəyə qədər demək olar ki, Azərbaycanın mövqeləri nəzərə alınmırdı. Bu üç – dörd günə Azərbaycan vəziyyəti tam dəyişə bildi. Bizə dedilər ki, atəşi dayandırın, məsələnin həlli ilə bağlı işlər sürətləndirilsin. Sonradan göründü ki, bu məsələnin həllini uzatmaq məqsədi güdməkdən başqa bir şey deyilmiş. İstəmirlər ki, münaqişə həll edilsin və hazırki status-kvonun qalmasında maraqlıdırlar. Azərbaycan isə öz mövqeyini müəyyənləşdirib”.


Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədov hafta.az-a açıqlamasında deyib ki, Amerikanın Dağlıq Qarabağ cəbhəsində baş verənlərə səssiz qalması Azərbaycanın xeyrinədir:

“Demək olmaz ki, Amerika münaqişənin həlli ilə bağlı aparıcı missiyanı Rusiyanın ixtiyarına buraxıb. ABŞ bu mərhələdə susqunluğu ilə fərqləndi. Yəni, baş verənlərə laqeyd qaldı. Bu da müəyyən dərəcədə Azərbaycanın xeyrinə idi. Çünki ABŞ münaqişə yeni mərhələyə keçəndə erməni lobbisinin təsiri altında Azərbaycana heç nə demədi. Bunu da irəliləyiş hesab etmək olar. Amma Birləşmiş Ştatlar heç vaxt Qarabağ münaqişəsinin həlli ilə bağlı açarı Rusiyanın əlinə verəməyəcək. Müharibə ehtimalı həmişə var. İşğalçını yerində oturtmağın və zəbt edilmiş əraziləri boşaltmağın yeganə yolu hərbi təzyiqdən keçir. Onlar başqa heç cür öz fikirlərindən dönən deyillər”.

Etibar Məmmədov bildirir ki, 4 günlük müharibədən sonra ağır məğlubiyyətə uğrayan Ermənistan yenə də əvvəlki mövqeyindən geri çəkilməyib:

“Məlumdur ki, məsələnin həlli çox uzanırdı. Çünki tərəflərin heç biri bu günə qədər olan mövqelərindən geri çəkilmək istəmirdilər. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bütün işğal olunmuş rayonlar azad edilsin, məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə qaytarılsın. Ondan sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələ müzakirəyə çıxarılsın. Ermənistan tərəfi də bunun qəti əleyhinədir. Onlar Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonları boşaltmaq istəmirlər. Əvvəlcə öz istəklərinə nail olmağa çalışırlar. Yəni, Dağlıq Qarabağın statusunu müəyyənləşdirdikdən sonra oranı azad etmək fikrindədirlər. Dörgünlük müharibədən sonra təşəbbüs Azərbaycan tərəfinə keçsə də, hələ ki, Ermənistanın mövqeyində dəyişiklik etməsi haqqında rəsmi məlumat yoxdur. Politoloqlar müxtəlif fikirlər deyə bilərlər. Dəfələrlə bu cür fikirlər bildirilib. Hələliksə erməni tərəfinin mövqeyində dəyişiklik nəzərə çarpmır”.

Tural Turan, hafta.az
Bu xəbər oxucular tərəfindən 1316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed