Şrift:
İş adamını qətlə yetirən 19 nəfərlik dəstə hakimə etiraz etdi
18.04.2016 [12:28] - Gündəm, Hüquq
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hakimlər zala daxil olan zaman təqsirləndirilənlər hakimə etirazlarını bildiriblər. Onlar Allahın hökmündən başqa heç kəsə tabe olmadıqlarını deyib: "Bizi özünüzə məcburən asılı edə bilməzsiniz, bunu bacarmayacaqsınız. Biz yalnız Allahın quluyuq. Siz kimsiniz ki?".

Prosesdə şahid qismində Xətai rayon ərazisində mühafizəçi çalışmış Bürhan Hacıyev ifadə verib.

O ifadəsində bildirib ki, çalışdığı obyektin kənarında mağazaya basqın olub: " Şüşəni sındırmışdılar, mən gördüm, hüquq-mühafizə orqanlarına məlumat verdim. Mağazanın sahibi tanış idi, zəng eləyib çağırdım. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm".

Bundan sonra hal şahidi qismində Sərdar Quliyev ifadəsində təqsirləndirilənlərin evində axtarış aparılan zaman orada olduğunu, çox sayda silah-sursat aşkarlandığını deyib.

Prosesdə Sumqayıt Polis İdarəsinin əməkdaşları Xankərim Həşimov və Sahib Gülmirzəyev ifadələrində təqsirləndirilən şəxslərin evlərində axtarış apardıqlarını deyiblər: "Məhkəmənin qərarı ilə evlərində axtarış aparılmalıydı. Axtarış apardıq. Çox sayda silah- sursat, dini kitablar aşkarladıq. Bunların hamısını protokollaşdırdıq. Hal şahidləri və təqsirləndirilənlərin ailə üzvləri də şahid oldular".

Proses aprelin 25-də davam edəcək.

Qeyd edək ki, DİN-in yaydığı məlumata görə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.

Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, "Vincester" markalı tüfəng, "Revolver" tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanan dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri - Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, bu il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus "VAZ-2106" markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları müəyyən edilib. Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etdikləri də məlum olub.
Bu xəbər oxucular tərəfindən 881 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed