Şrift:
İblisin insanda təcəssümü, ya iblisin özü?
05.10.2011 [13:05] - Gündəm
İosif Stalin:
“Dünyada mövcud olmuş və olan mediumlar fövqəladə qüdrət sahiblərinin insan ruhundakı mənəvi mexanizmləri kəşf edərək, bir çox möcüzəli xüsusiyyətləri nümayiş etdirə bilərlər. Yoldaş Messinqin onların içindəki məxsusi yeri bir də ona görə şərəflidir ki, o birmənalı şəkildə Mefistofelin qul balası olmaqdan imtina etmişdir. Bəli, biz ateistik, lakin bəşəriyyətin minillik təcrübəsini də ümumiləşdirmək qabiliyyətinə malikik. Əbləhcəsinə astrologiya ilə məşğul olmaq isə Hitler kimi şizofreniklərin işidir”.



Adolf Hitler:
“Alman xalqı öz fürerinə layiq olsaydı, üfunətli bir yəhudinin, o zındıq Volf Messinqin öncəgörümləri özünü doğrultmaz, “kommunist kabusu”nun barbar qoşunları indi Reyn çayına yaxınlaşıb, yaratmaq istədiyimiz möhtəşəm Almaniyanı belə cinayətkarcasına təhdid etməzdi. Güman edirəm, gələcək nəsillər alman şərəfinin belə asanlıqla güdaza verilməsində beynəlxalq sionizm və kommuniz işbirliyi ilə yanaşı, öz dəyanət və milli qürurunu da dərindən saf-çürük etmək qabiliyyətinə malik olacaqlar, əks halda gələcəkdə heç bir Almaniya olmayacaqdır”.


Volf Messinq:
“Heç bir qabiliyyətim, səciyyəvi xüsusiyyətim mənə başqa insanlar qarşısında üstünlük vermir. Bunu dərk etmədən əsl ekstrasens olmaq mümkün deyil, çünki bu, fəzirət məsələsidir. əgər belə qabiliyyəti olan şəxslər öz fitrətini cinayət, şantaj və digər rəzalətli işlərə sərf etsələr, onların öz təbiətindəki əks proses əvvəl-axır onları fəlakət girdabına yuvarlayacaqdır. Ona görə ki, nə deyirlər-desinlər, dünyada hər şeyin haqqını ödəmək lazım gəlir”.



İosif Stalin təslim olmağı ağlına da gətirmirdi. Onun neçə qitəyə hökm edən polad iradəsi sadəcə olaraq buna qabil deyildi. Əcəba, çeçələ barmağının yüngülcə işarəsi ilə uzaq Meksikada, elə öz evinin içində Trotskini öldürtdürən, Böyük Britaniyanın ən məxfi dövlət idarəsinin ən yüksək postunda etibarlı super casus saxlayan, ABŞ-ın prezident Trumeninə atom bombasının ilk sınaq sədalarıyla “alovlu kommunist salamı” göndərən, Afrikada xudmani inqilablar yapıb, Asiyaya qulaqburması verən cənabi-əqdəs, bütün dövr və zəmanələrin ən qüdrətli hökmdarlarından biri kabinetin küncündə büzüşüb oturmuş bu sınqın, bu dərbədər kişiyə təslim olmalıdır? Amma yox! Vaxtilə Adolf Hitlerin bir nömrəli düşməni olmuş bu kişidə elə bil, nəsə bir cazibə qüvvəsi var. Bəlkə mif deyil, bəlkə bir daha sınaqdan çıxaraq?

Stalin dedi:
-Belə danışaq, yoldaş Messinq. Deyin görüm, mən sizə buraxılış vərəqəsi verməsəm, siz burdan, Kremldən çıxa bilərsinizmi?
-Buraxılış vərəqəsi? Lütfən, yadigar kimi onu özünüzdə saxlaya bilərsiniz.
-Bəs əgər mən, əlavə olaraq, mühafizə dəstəsinə xəbərdarlıq etsəm, onda necə?
-Buyurun, etiraz etmirəm.
Stalin öz katibini çağırıb əmr verdi ki, on addım arxada getməklə Messinqə nəzarət etsin. “Hə, bir də bir məsələ var, -deyə Stalin pəncərənin qarşısına tərəf gedib əlavə etdi,-əgər buraxılış vərəqəsi olmadan buradan çıxa bilsəniz, onda bax, o ağacın yanında durarsınız”.
Bir neçə dəqiqə sonra Volf Messinq nişan verilmiş ağacın böyrünü kəsdirib durmuşdu. Stalin əlinin işarəsi ilə onu təzədən yanına çağırıb, təəccüblə soruşdu:
-Buraxılış vərəqəsi olmadan necə keçib gedə bildinz?
-Çox sadəcə. Mühafizə dəstəsinə təlqin etdim ki, general gəlir, onu hərbi qaydada salamlayıb, yola salın, keçib getsin.
Kabinetində var-gəl edə-edə xəyala dalmış Stalin, nəhayət, daha bir eksperiment təklif etdi: adi əmanət kassalarından birinə yollanıb, heç bir sənəd-filan təqdim etmədən oradan 100 min manat pul almaq! Messinq bu tapşırığın da öhdəsindən asanlıqla gəldi: iki nəfər orqan işçisinin şahidliyilə kassir TAMAMİLƏ AĞ VƏRƏQ ƏSASINDA ona sayıb 100 min manat pul verdi. On beş dəqiqə sonra hipnozdan ayılanda isə tutduğu işdən dəhşətə gələrək, yerindəcə infarkt keçirdi. Bundan sonra Stalin onu Moskvada mənzillə təmin elədi; müntəzəm surətdə Messinqin həyat və fəaliyyəti barədə təfərrüatlı məruzələr hazırlamaq tapşırığını verdi. Hər dəfə onları oxuyub başa çatanda isə dodaqaltı öz-özünə donquldanırdı: “İblisin şəyirdi, yoxsa iblisin özü?”.
Özü!.. Özü!.. Lənətə gəlmiş özü!..
Bəsirətin ilahi ecazı
Volf Messinq ömrünün sonunadək vaxtilə adam öldürdüyünü sonsuz iztirabla xatırlayırdı. Bu qətl hadisəsi onun uşaqlıq çağının yadigarı idi. Messinq 1899-cu il sentyabrın 10-da Varşava yaxınlığında yəhudi ailəsində dünyaya göz açmışdı. Atası və qardaşları sonradan faşist ölüm düşərgəsi Maydanekdə həlak oldular, anası xeyli qabaq dünyasını dəyişmişdi. Balaca Volf “Ağ xəstəliyi”nə, yuxulu-yuxulu durub gəzmək mərəzinə tutulmuşdu; atasına məsləhət gördülər ki, onun çarpayısının yanına qabda soyuq su qoysunlar. Beləliklə, Volf yuxulu-yuxulu durub addım atanda ayağını soyuq suya batırdı, özünə gələrək, təzədən yerinə uzanıb yatırdı. Bu minvalla da Volf həmin xəstəlikdən qurtuldu. Biçarə vaqon bələdçisinin ölümü də elə həmin vaxta təsadüf etmişdi. Volf 5-6 yaşlarında idi. Onu yaxınlıqdakı şəhərə, nənəsinin yanına yollamışdılar. Volf həddən ziyadə dəcəl, ipə-sapa yatmayan uşaq idi. Atası bərk-bərk xəbərdarlıq etmişdi ki, əgər şıltaqlıq edib həddini aşsa, vaqon bələdçisi gəlib onu kisəyə salıb, ağzını bağlayacaq. Volfun tapşırıldığı qarıların ağzı söhbətə qızışmışdı, o da öz işindəydi. Bu zaman vaqon bələdçisi gəlib çıxanda Volf qorxaraq vaqonun tamburuna qaçdı, bir küncdə gizləndi. Bir azdan bələdçi geri qayıtdı, nəsə hiss eləyib, fənərlə künc-bucağı işıqlandırdı: “Bay, sən burda neynirsən, dovşan? Dur get vaqona, durma burda”-özü isə dönərək, qapının ağzında dayandı. Volf bərk sevindi ki, onu kisəyə salıb ağzını bağlamadılar, elə sevincək halda da düşündü: “Nə əntiqə əmidi bu. Nə kef olar açarla qapını açıb, vaqondan çölə tullansa!”
Bələdçi səssiz komanda eşidibmiş kimi qapını açıb şölə tullandı və həlak oldu. Volf bax beləcə, hələ erkən yaşlarından parapsixologiya aləmində sirli təlqinetmə qüdrətinə malik olduğunu dərk etdi.
Qeyd etmək lazımdır ki, o gələcəkdə də təkcə təlqinetmə qüdrətinə yox, həm də hər hansı bir detala görə bütöv bir mənzərəni təsvir etmək iqtidarına malik olacaqdır. İllər keçəcək, günlərin bir günü ona ölmüş bir qızın əlini göstərərək, bədəninin yerdə qalan əzalarının yerini soruşacaqdılar. Messinq bir qədər fikrə gedib soruşacaqdı:
-bu əli siz hardan tapmısınız?
-Yauza çayının üzərindəki körpünün yanında.
-siz çayın o biri sahilində ikinci əli də tapacaqsınız. Digər əzaların harda olduğunu isə hələlik deyə bilmirəm. Bunun üçün mən bütün ruhi qüvvəmi səfərbər etməliyəm. Mənə möhlət verin. Cinayətkar əlimizdən qaçıb qurtula bilməyəcək.

Aydındı, qoca İblis, aydındı!..
Həddi-büluğa çatanda Volf artıq Berlində idi. Burda günlərlə aclıq çəkirdi, harda gəldi-yatırdı, ona-buna müvəqqəti kömək eləyib pul-para qazanırdı. Alman dilini pis bilmədiyinə görə, yanından keçdiyi adamların düşüncələrini dinləməyə çalışırdı. Bir dəfə o, özgənin fikirlərini düzgün oxuyub-oxumadığını yoxlamaq üçün susub duran satıcılardan birinə yaxınlaşıb dedi: “Narahat olmayın, sizin qızınız keçini sağa biləcək”.
Qadın heyrətlə onun üzünə baxdı. Satıcı kişiyə isə dedi: “Özünüzü üzməyin, qonşunuz sizin borcunuzu qaytararacaq!”. Satıcı birdən onun dalınca qışqırdı: “Bir bura gəl görüm!” Volf yaxınlaşdı. “Hardan bilirsən o borc məsələsini?”
Volf yalandan dedi ki, qonşuluqda yaşayır və dərhal da dönüb aradan çıxdı.
O, Berlində səyyar ansamblın tərkibinə daxil oldu, öz “psixoloji təcrübələr”ini göstərməyə başladı. Ona impressario təyin etdilər. Volf yavaş-yavaş populyarlıq qazanmağa başladı. Almaniya qastroyuvasıanı şöhrətinin zirvəsində olan Eynşteyn onun barəsində eşidib Volfu öz mənzilinə dəvət etdi. Həmin vaxt məşhur avstriyalı doktor, psixoanalizin banisi Ziqmund Freyd Eynşteynin qonağı idi. Eynşteyn xəyalən gənc Volfa tapşırıq verdi, o tapşırığı dərhal yerinə yetirdi. Freyd heyrətə gəldi, o da öz növbəsində fikrində tapşırıq verdi ki, Volf skripkanı götürüb Eynşteynə təqdim eləsin. Bu tapşırıq da yerinə yetirildi. Bu görüşdən sonra Eynşteyn və Freyd cavan oğlana maddi köməklik göstərməklə bərabər, onun heyrətamiz qabiliyyətini inkişaf etdirməyə başladılar. O, Vino Universitetinin psixologiya fakültəsində təhsil aldı, böyük turnelərdə-Yaponiya, Braziliyia, Argentina və digər ölkələrdə səfərlərdə oldu. Ona müraciət edənlərin hamısına yardımçı olmağa çalışdı, nəcib xeyriyyəçi kimi də ad qazandı və... və hər şeyi Adolf Hitler korladı.
Volf 1937-ci ildə kütlə qarşısında çıxış edərkən çəkinmədən bəyan etdi ki, bu qızğın silahlanmanın axırı növbəti dünya müharibəsi ilə başa çatacaq, son hədəf, təbii ki, “kommunizmin yuvası” SSRİ-dır, əgər Almaniya bəsirətdən məhrum olub, SSRİ-nin üzərinə hücum etsə, ilk qələbə eyforiyasına baxmayaraq, axırda görünməmiş miskinliklə məğlub olacaq!

Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 2552 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed