Şrift:
“Kommersant”: Ermənistan strateji müttəfiqi Rusiyanı mürəkkəb vəziyyətə salır
28.04.2016 [00:11] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Rusiyanın rəsmi dairələrə yaxın “Kommersant” qəzeti Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Moskvanın vasitəçiliyi ilə aparılan danışıqların Ermənistanın iddiaları üzündən təxirə salındığını yazır.

Məqalədə deyilir: “Sarkisyan münaqişə zonasında Rusiya sülhməramlılarının yerləşdirilməsini mümkün saymır və RF XİN-in başçısı Sergey Lavrovun ötən həftə Yerevana gətirdiyi təklifləri yeni təkliflər hesab etmir. Status-kvonun qorunub saxlanmasını istəyən Ermənistanın diplomatik tədbirləri onun strateji müttəfiqi Rusiyanı mürəkkəb vəziyyətə salır və Moskvanın təklif etdiyi danışıqlar prosesinin perspektivi qeyri-müəyyən görünür. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda vəziyyəti “çox kövrək” kimi səciyyələndirir”.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov ötən həftə Bakı və Yerevanın danışıqlara başlayacağını bildirmişdi. Kremldəki yüksək vəzifəli mənbə də “Kommersant” qəzetinə tərəflərin danışıqlar masası arxasına keçməsi üçün bütün diplomatik mexanizmlərin işə salındığını təsdiq etmişdi. Lakin Serj Sarkisyan ölkəsində ictimai rəyin Bakı ilə Yerevan arasında tarazlığı qorumağa çalışan Moskvanın fəaliyyətindən narazılığını bəhanə gətirərək danışıqlardan imtina edib. S.Sarkisyan, həmçinin S.Lavrovun Yerevana heç bir yeni təkliflər paketi gətirmədiyini də nəzərə çatdırıb. Halbuki S.Lavrovun ötən həftə Yerevana beynəlxalq vasitəçilərlə razılaşdırılmış təkliflər gətirdiyi məlumdur. Qəzetin yazdığına görə, bu təkliflər Madrid prinsiplərinin modernləşdirilmiş versiyası idi. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın S.Lavrovun Yerevana səfəri ərəfəsində dediyi “Sergey Lavrov heç vaxt heç yerə əliboş getmir” sözləri də təsdiqləyir.

“Kommersant”ın yazdığına görə, aprelin 26-da S.Sarkisyan Ermənistanın güc strukturlarının üç yüksək vəzifəli hərbçisini işdən azad edib. Bunlar müdafiə nazirinin müavini Alik Mirzabekyan, silahlı qüvvələrin rabitə qoşunlarının rəisi Komitas Muradyan və kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyandır.

Qəzet yazır: “Yüksək vəzifəli erməni hərbçilərinin vəzifələrindən azad edilməsi Dağlıq Qarabağda son hadisələrlə birbaşa əlaqəlidir. Arşak Karapetyan tabeliyində olan hərbçilərin Azərbaycanın cəbhə xəttinə ağır silahları gətirməsi barədə əvvəlcədən xəbər tuta bilməməsinə görə cəzalandırılıb. Bu silahların tətbiqindən sonra erməni tərəfi ciddi itkiyə məruz qalmışdı. Bundan əlavə, Dağlıq Qarabağın xəstəxanalarında yanıq xəsarətlərinin müalicəsi üçün vasitələr tapılmayıb və bu dərmanları təcili Moskvadan gətirməli olublar. Alik Mirzabekyan isə erməni hərbçilərinin təchizatındakı səhvləri üzündən kənarlaşdırılıb”.

“Kommersant” ermənilərin danışıqları rədd etməsi fonunda Azərbaycan tərəfinin dialoqa hazır olduğunu vurğulayaraq, xarici işlər naziri Elmar Məmmədyarovun ölkəsinin məsələni dinc yolla həllinə və hərtərəfli siyasi prosesə hazır olması barədə dediklərini misal gətirir.

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Sergey Markedonov qəzetə şərhində bildirib ki, “Moskva ilə Yerevan arasında münasibətlər quyruğun iti bulamasına bənzəyir”. Onun fikrincə, S.Sarkisyanın son bəyanatları aprelin əvvəlində erməni tərəfinin məğlubiyyətindən sonra Ermənistan cəmiyyətindəki narazılıqla əlaqədardır. O deyib: “Bu vəziyyətdə siyasətçinin danışıqlara getməyi onun siyasi “intihar”ı deməkdir. Sülh danışıqlarının bərpası üçün güclü motivasiya lazımdır. Belə motivasiya isə hələlik yoxdur”.
Bu xəbər oxucular tərəfindən 1203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed