Şrift:
Lənkəran Dövlət Dram Teatrı Bakıya gəlir
30.04.2016 [11:23] - Gündəm, Afişa, Bildiriş
Mədəniyyət və Turizm Nazirliyi məlumat verir ki, teatr 4 və 5 may tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək. Belə ki, Bakı tamaşaçıları iki gün ərzində Lənkəran Dövlət Dram Teatrının "Ruhlar" (E.de Filippo, quruluşçu rejissor Tural Mustafayev) və "İlan Sultan" (B.Beyzayi, quruluşçu rejissor Xeyrullah Təğiyanipur) tamaşasına baxa biləcəklər.

İtalyan neorealizminin banisi Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanan "Ruhlar" tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Tamaşa insanın həyatda yerini tapmaq uğrunda apardığı mübarizəni əks etdirir. Əsərin süjet xətti çox sadədir. Böyük, cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşan şaiyələr ucbatından bu imarəti heç cür icarəyə verə bilmir. Nəhayət o, bütün bu şaiyələrə son qoymaqdan ötrü evi təmənnasız olaraq yeni evlənmiş cütlüyə kirayəyə verməyi qərara alır. Ruhların dolaşdığı ev kimi məşhur olan bu sarayda həyat yoldaşı Mariya ilə birlikdə yaşamaqla əsərin baş qəhrəmanı Paskuala şəhər sakinlərini inandırmalıdır ki, evdə heç bir ruh yoxdur. Paskuala Alfredo ilə bağladığı "saziş" barədə arvadına xəbər vermir. Amma nəticə etibarı ilə o, arvadının məşuqunu ruhlara bənzətməklə özü də gülünc vəziyyətə düşür.

Tamaşada əsas rolları əməkdar artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Niftulla Əsgərov, Tərlan Abdullayev, Aynur Əhmədova, Gülər Kərimova, Qızılgül Quliyeva, Miraslan Ağayev və başqaları ifa edirlər.

Qeyd edək ki, "Ruhlar" tamaşası birinci Şəki Beynəlxalq teatr festivalınnda təşkilat komitəsinin diplomu ilə mükafatlandırılıb.

İranlı yazıçı Bəhram Beyzayinin eyniadlı əsəri əsasında hazırlanmış "İlan Sultan" tamaşası isə iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edir. Səhnə əsərinin quruluşunu İrandan dəvət olunmuş rejissor Xeyrullah Təğiyanipur verib. Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir.

Tamaşada əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri ifa edirlər.

Qeyd edək ki, "İlan Sultan" tamaşası 2016-cı ilin yanvar ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən Beynəlxalq Fəcr Teatr Festivalı çərçivəsində qonşu ölkənin Təbriz və Məşhəd şəhərlərində uğurla oynanılıb və festivalın mükafatını qazanıb.
Bu xəbər oxucular tərəfindən 1204 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed