Şrift:
Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu çapdan çıxıb
30.04.2016 [11:28] - Gündəm, Bildiriş, Hüquq
Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu çapdan çıxıb.

Bu günlərdə işıq üzü görən toplu yerli özünüidarə ilə bağlı qanunvericiliyin təbliği baxımından sanballı elmi vəsaitdir. Nəşrdə yerli özünüidarə ilə bağlı beynəlxalq sənədlər, Azərbaycan Respublikasının Konstitusiyası və məcəllələri, ölkəmizdə bələdiyyələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar, qanunların tətbiqi və icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, qaydaları və bələdiyyələrin fəaliyyəti ilə bağlı digər qanunlardan çıxarışlar toplanıb.

Beynəlxalq sənədlər, Konstitusiya və məcəllələr, bələdiyyələrin və bələdiyyə üzvlərinin statusu, bələdiyyə qulluğu, normativ hüquqi aktlar, bələdiyyələrə inzibati və ictimai nəzarət, informasiya, şəffaflıq, maliyyə, vergi, bələdiyyə mülkiyyəti, bələdiyyə torpaqları, şəhərsalma və tikinti, daşınmaz əmlakın dövlət reyestri, kirayə, icarə, su, bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi, bələdiyyə qurumları bölmələrindən ibarət olan 736 səhifəlik kitab “Qismət” mətbəəsində nəfis tərtibatda çap olunub.

Bələdiyyə üzvləri və qulluqçuları, habelə bələdiyyə sahəsində çalışan mütəxəssislər, hüquqşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan toplu Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) maliyyə yardımı ilə hazırlanıb. Kitabda yer alan sənədlər 2016-cı ilin əvvəlinədək olan əlavə və dəyişiklikləri özündə ehtiva edir.

Layihənin rəhbəri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadədir.
Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed